Azərbaycanda koronavirusla mübarizə aparan əsas həkimlərdən biri yoluxdu
“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”.
Bu barədə TƏBİB-in şöbə müdiri Şükür Eyvazov məlumat verib.
O qeyd edib ki, hazırda C.Paşayevin səhhəti stabildir: “Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığı ilə gündə bir neçə dəfə onun səhhəti ilə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.
***
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.
Məlumata görə, Cavid Paşayev hazırda reanimasiya şöbəsindədir. Bildirilir ki, virus 3 gün ərzində onun bədənində inkişaf edib və Paşayevin ciyərinin əksəriyyəti zədələnib.
C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumatda o da bildirilir ki, Cavid Paşayev koronavirus yayılmağa başlayan günlərdən onunla mübarizəyə qatılan ilk həkimlərdən olub. Onun 100-lərlə xəstənin sağalmasında rolu olub, həmişə insanları virusdan qorunmağa çağırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=149559