İcra başçısı Vətən müharibəsinin qazisi gizir Kərim Əliyevi evində ziyarət edib

44 günlük Vətən müharibəsində iştirak edən və Qələbədə payı olan oğullarımızdan biri də Kosalar kənd sakini, Vətən müharibəsi qazisi, I qrup əlil, gizir Əliyev Kərim Əkbər oğludur.
Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə baş nahiyəsindən qəlpə yarası almış Kərim Əliyev kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik.
Rəhbər kimi təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kəndində olub, ev şəraitində müalicəsini davam etdirən daha bir qazimizə baş çəkib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Gülnar Quluyeva və RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanovla birlikdə qazimizin səhhəti və qayğıları ilə maraqlanıb.
44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Kərim kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Döyüş yolundan ürək dolusu danışan qazi Kərim Əliyev döyüş yoldaşları ilə birlikdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun “İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu söyləyib. O, yaralansa belə düşməndən qisasını aldığını, torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduqları yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə danışıb. Qazi Kərim Əliyev ölkə Prezidentinə və icra başçısına bütün hərbiçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qazimizin atası Əkbər Əliyev Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini və qürur duyduğunu dilə gətirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbiçilərimizə isə Allahdan şəfa diləyib. Qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və icra başçısına ailəsi adından razılığını bildirib. Bugünkü görüşü dövlətimizin yaralı hərbçilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha əldə etdiyimiz böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, Kərim kimi oğullarımıza borclu və minnətdar olduğumuzu söyləyib.
Məlumat üçün qeyd edək ki, Kərim Əliyev 17 iyul 1991-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olub. 1997-2008-ci illərdə Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə təhsil alıb. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində gizir işləyib. 8 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə baş nahiyəsindən qəlpə yarası alıb. I qrup əlildir. Hazırda ev şəraitində müalicəsini davam etdirir.
GOYEZEN.AZ
Short URL: http://www.cumhuriyyet.net/?p=162158