Rəsmi Bakı “Taliban” hakimiyyətini tanıyır – səfir Kabilə qayıdır
“Taliban” Əfqanıstanda real qüvvədir və bu ölkədə yaxın illərdə hakimiyyətin dəyişiləcəyi proqnozlaşdırılmır
2024-cü ildə Azərbaycan Əfqanıstanın paytaxtı Kabildə öz səfirliyini açacaq və bununla da diplomatik münasibətlər bərpa ediləcək. Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bu il Əfqanıstanda diplomatik missiyamızın fəaliyyətə başlayacağını bildirib. Xatırladaq ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-ci il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
Bu barədə qanun layihəsinin hələ parlamentdə keçirilən müzakirəsində deputat Siyavuş Novruzov təklif etmişdi ki, Əfqanıstanla paralel olaraq dostluq qrupu yaradıla bilər: “Mən o qrupa rəhbərlik edə bilərəm. 44 günlük müharibədə Əfqanıstan bizə ciddi dəstək verib. Onlar bizi hər zaman dəstəkləyiblər”. Əfqanıstan bizim Vətən savaşımızda İsrail, Pakistan kimi yanımızda olan və dəstək verən ölkələrdəndir. Prezident İlham Əliyev də çıxışlarında deyib ki, Azərbaycan İkinci Qarabağ savaşında bizə dəstək olmuş ölkələri heç vaxt unutmayacaq, bu dəstəyi həmişə nəzərə alacaq. Səfirliyin açılması bu mənada Bakının Kabilə yaxşı bir jesti olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2000-ci ildən Əfqanıstanda sülhməramlı missiyada iştirak edib. Həmçinin Əfqanıstanın dövlət quruculuğuna dəstək verib. O baxımdan Kabildə səfirliyin açılması əməkdaşlığın güclənməsinə kömək edəcək.
2021-ci ilin yayında Əfqanıstanda çevriliş nəticəsində “Taliban” qruplaşması hakimiyyətə gəldi. O zaman bir çox ölkələr “Taliban”la siyasi əlaqələr qurmaqdan çəkinirdi, bununla belə, silahlı qruplaşmanın hakimiyyətini tanıyan dövlətlər də oldu. Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı hələ ötən ilin sentyabrında Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazır olduğunu bəyan edib. Bu barədə hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.
Onun sözlərinə görə, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırdır: “Biz bununla bağlı zəmin yaratmağa və lazımi işləri görməyə hazırıq”.
Onu da bildirək ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012-ci ildən Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir.
“Əfqanıstanda bizə məlum olan bir nəfər vətəndaşımız yaşayır”. Bu, Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib. Məlumatda sözügedən şəxsin adı və soyadı açıqlanmayıb. Səfirliyin açılması “Taliban”ın tanınmasıdırmı? Əfqanıstanda səfirliyimizin açılmasının hansı əhəmiyyəti var?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Əfqanıstanda səfirliyinin 2024-cü ildən yenidən fəaliyyətə başlaması doğru qərardır: “”Taliban” paytaxt Kabili ələ keçirməmişdən əvvəl Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Əfqanıstanın keçmiş hakimiyyətləri ilə sıx əməkdaşlıq edirdi. Azərbaycan Əfqanıstana maliyyə dəstəyi verir, humanitar yardımlar göndərir, əfqan bürokratlar Bakıda ixtisasartırma kurslarında iştirak edirdilər. Münasibətlər indi də davam etdirilsə, bu, müsbət hadisə olar. Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulub. Əfqanıstanın Azərbaycanda səfirliyi isə 2012-ci ilin noyabr ayından fəaliyyət göstərirdi. “Taliban” paytaxt Kabili nəzarətə götürdükdən sonra bir çox dövlətlər Əfqanıstandakı səfirliyini bağladı. Azərbaycanın da Əfqanıstandakı səfirlyinin fəaliyyəti dayandırıldı. Bu müddətdə Azərbaycanla Əfqanıstan arasında əlaqələr də donduruldu.
“Taliban” Əfqanıstanda real qüvvədir və bu ölkədə yaxın illərdə hakimiyyətin dəyişiləcəyi proqnozlaşdırılmır. Rəsmi Bakı bunu nəzərə alaraq Əfqanıstanda səfirliyin fəaliyyətini bərpa etməyə qərar verdi. “Taliban”ın Əfqanıstandakı sərt idarəetməsi beynəlxalq aləmdə tənqid olunur. Bir sıra dövlətlər eyni zamanda “Taliban”la dialoqdan imtina etməyib. Misal üçün, Çin “Taliban” rəhbərliyi ilə sıx əməkdaşlıq edir. Çinin Əfqanıstanda müxtəlif iqtisadi layihələri mövcuddur. Çin Əfqanıstandakı səfirliyinin fəaliyyətini dayandırmayıb. “Taliban” liderləri tez-tez Pekinə səfərlər edirlər.
“Taliban” rəhbərliyi Azərbaycanın Kabildə səfirliyinin fəaliyyətə başlaması arzusunu bir neçə dəfə ifadə edib. Bir qisim ölkə Kabildə səfirliyini bərpa edib. Azərbaycan bu prosesdə başqa ölkələrdən geri qala bilməz. Əfqanıstanda reallaşdırılan layihələrin bir hissəsi kommunikasiya xətləri ilə bağlıdır. Gələcəkdə Əfqanıstandan müxtəlif kommunikasiya xətləri keçəcək. Əfqanıstanla Azərbaycanı birləşdirən ortaq layihələrin reallaşdırılması da mümkündür”.
Ekspert qeyd etdi ki, Azərbaycan üçün perspektivdə Əfqanıstanın daha bir əhəmiyyəti bu ölkənin zəngin mədən ehtiyatlarıdır: “Bəzi məlumatlara görə, Əfqanıstan dağlarında zəngin lazurit metalı da daxil olmaqla, 2 trilyon dollar dəyərində mədən ehtiyatları var. Bu səbəbdən dənizə heç bir çıxışı olmayan, boz dağlardan ibarət olan Əfqanıstan dünyanın ABŞ, Avropa. Rusiya, Çin kimi qüdrətli dövlətlərinin maraq dairəsində qalır. Azərbaycan da bu perspektivli ölkə ilə əlaqələrini yüksək səviyyədə qurmağa çalışırsa, təbiidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=197394