Leyla Yunus da azad olunur?

26.11.2015 - 02:24

Mirvari Qəhrəmanlı: “İstərdik ki, Apelyasiya Məhkəməsi Leyla Yunusu azad etsin…”

rrHəbsdə olan Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun azadlığa buraxılacağı ilə bağlı xəbərlər dolaşır. Noyabrın 12-də hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusun məhkəmə zalından azad edilməsi bu ümidlərin yaranmasına səbəb olub.
Dekabrın 7-də Apelyasiya Məhkəməsində L.Yunusun növbəti prosesi keçiriləcək. Həmin gün SDİ rəhbərinin azad ediləcəyi haqda iddialar var. A.Yunusun səhhəti ilə bağlı barəsindəki həbs qətimkan tədbirinin dəyişdirildiyini, L.Yunusun da səhhətinin ağır olduğunu nəzərə alsaq, oxşar qərar gözləniləndir. Xüsusilə, son günlərdə xarici təşkilatların siyasi məhbuslarla bağlı hakimiyyət qarşısında qoyduqları tələblər qadın məhbusun azad olunacağı barədə ehtimalları artırır.

L.Yunusun vəkili Elçin Qəmbərov isə məhkəmədən müsbət qərar gözləmir: “Bu barədə bizə də çoxsaylı xəbərlər gəlir. Amma mənim və Leyla xanımın mövqeyi bundan ibarətdir ki, biz müsbət heç nə gözləmirik. Bu fikrimiz onunla bağlıdır ki, son bir ildə çoxlu sayda əfv gözləyənlər, gözləri yolda qalanlar var. Açığı ümid etməyimizə əsas görmürəm. Bu barədə gəzən söz-söhbətləri zaman göstərəcək. İstək başqadır. Təbii ki, biz də Leyla xanımın azad olunmasını arzulayırıq, amma ümid etmirik. Əgər səhhəti ilə bağlı qərar verilsəydi, bu bir il öncə olardı. Leyla xanımın xəstəliyi bugünkü, dünənki xəstəlik deyil. Bir ildən çoxdur ki, o, bu xəstəlikdən əziyyət çəkir. Arif Yunusla bağlı qərarın Leyla xanıma da tətbiq olunacağı inandırıcı görünmür. Sonuncu məhkəmədən sonra Leyla xanımla müəyyən təmaslarım olub. Durumu yenə də ağırdır. Hazırda dekabrın 7-də keçiriləcək məhkəmə prosesinə hazırlaşırıq”.
Leyla Yunusun həmkarı Mirvari Qəhrəmanlı bildirdi ki, SDİ rəhbəri azad olunmasa, ağır fəsadlar yaranar: “Hüquq müdafiəçisi anlayışı elədir ki, həbsdə məhbusların qalmasını istəmərik. Xüsusilə qadınların. Leyla xanım səhhəti ilə bağlı çoxsaylı əməliyyatlar keçirib. Həbs şəraitində onun müalicəsi çox çətindir. O, həbsdən azad olunmasa, ağır fəsadlarla üzləşə bilər. Prezident bu barədə qərar verə bilər. Təkcə Leyla Yunusun yox, siyahıda olan siyasi məhbusların hamısının azad olunması ehtimalları var. Məhkəmənin qanunsuz qərarları ilə həbsə məhkum olunan insanlar azad edilməlidir. Arzu edərdim ki, Apelyasiya Məhkəməsi Leyla Yunusu azad etsin. Arif Yunusa tətbiq olunan qərar Leyla Yunusun timsalında haqsız yerə həbsdə olan bütün siyasilərə şamil olunsun. Səhhətləri ağır olan məhbuslarım çoxdur. Yeni ildə ümid edirik ki, siyasi məhbuslarımızın böyük bir qismi azad olunacaqlar. Xarici təşkilatların nümayəndələrinin ölkəmizə səfərləri barədə bizdə də məlumat var. Hakimiyyətlə siyasi məhbuslar məsələsi ilə bağlı danışıqlar aparırlar. Amma nəzərə alaq ki, Arif Yunus azad olunarkən, hakimiyyətlə heç bir danışıqlar aparılmamışdı. Ölkə daxilində qəbul edilən qərar idi. Amma belə görüşlərin müsbət yöndə müəyyən təsirləri ola bilər”.

Xatırladaq ki, Leyla Yunus ötən il iyulun 30-da həbs edilib. Onun həbsindən bir həftə sonra həyat yoldaşı Arif Yunus həbs edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Leyla Yunus 8 il yarım, Arif Yunus isə, 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Noyabrın 12-də Apellyasiya Məhkəməsi Arif Yunus barəsindəki qərarı ev dustaqlığı ilə əvəz edib.

Cavanşir ABBASLI

Short URL: http://www.cumhuriyyet.net/?p=41210

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31