“Aynanın heykəli var, Atatürkün yox” – bağlanan iki parkdan bir reportaj (FOTOLAR)

07.08.2019 - 13:43

Sakinlər Eldar Əzizovdan abadlaşdırılan xiyabanda cümhuriyyət qurucusuna da büst qoyulmasını xahiş edirlər; obyektlər sökülüb, amma…

“Gənclik” metro stansiyasından çıxanda böyük park bizi qarşılayır. Bu park Bakıda bəlkə də ən uzun xiyabanlardan biridir. Nərimanov rayonundan başlayıb Binəqədi rayonunda bitir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan xiyabana birləşən isə SSRİ dövlət xadimi, güllələnmiş Ayna Sultanova parkıdır.

Yəni böyük bir istirahət ərazisində iki siyasi xadimin adına parklar var. Hazırda hər iki parkda əsaslı yenidənqurma işləri gedir. Çoxdandır baxımsız qalan, dağılıb getmiş, təmiri uzun müddət yubanan Atatürk və Ayna parkları ölkə prezidentinin tapşırığı ilə müasirləşdirilir. Bu geniş meydan şəhərin kifayət qədər prestijli yeridir. Orada çoxlu restoranlar, çayxana-kafelər fəaliyyət göstərirdi. Ən maraqlısı isə odur ki, kafe-restoranların əksəriyyəti sökülüb, bəziləri yenidən qurulur.

Heç şübhəsiz, park ərazisində müasir şəhərsalma standartlarına əsasən əyləncə məkanları da olmalıdır, dondurma dadmaq, yaxud kiçik bir qəlyanaltı eləmək üçün kafe də vacibdir. Lakin hər şey mizan-tərəzisində… tüstü-kababsız!

Vaxtilə bir neçə onillik yaşı olan ağacları qırıb yerində “Büllur”, “İsa bulağı”, “Qızılgül” adlı restoranlar tikmişdilər. Bundan sonra parkda hansı restoranların qalacağını zaman göstərəcək. Çünki hələlik iş gedir və yalnız Bakı şəhər rəhbərliyi bilir ki, Atatürk parkı hansı restoranların üzünə güləcək. Ətrafda yaşayan sakinləri də parkın abadlaşdırılması razı salmaqdadır. Ancaq onların ümdə bir arzuları var. Sual edirlər ki, Azərbaycan tarixində birmənalı qarşılanmayan A.Sultanovanın heykəli saxlandığı halda niyə Atatürkün bu xiyabanda heykəli qoyulmur.

Sakinlər bildirirlər ki, Türkiyənin tarixi şəxsiyyətinin adını daşıyan parkda ən azı bir büstünün qoyulması vacibdir. Bu, həm parka əzəmət gətirəcək, həm də ad-san. “Gənclik”də söhbətləşdiyimiz bir neçə sakin ölkə rəhbərliyindən xahiş etdi ki, A.Sultanova kimi Atatürkün də büstü parkda ucaldılsın.

“Atatürk prospekti Bakının ən tanınmış yerlərindən biridir. O kişinin adını daşıyır. Amma ona aid burada bir nişanə yoxdur. İndi park abadlaşır, səliqəli olacaq, məqamıdır ki, Atatürkün adına layiq bir heykəl qoyulsun.

Ayna Sultanovanın heykəlinin götürülməsini tələb edənlər var idi. Amma lazım deyil. Tarix qalmalıdır, ona hər nəsil öz qiymətini verəcək. Sadəcə, Kamal paşanın da büstü olsun”, – deyə AMEA-da işlədiyini deyən Nadir müəllim qeyd etdi.

Onun sözlərinə görə, həm A.Sultanova, həm Atatürk parkları illərlə bərbad gündə olub: “Abutalıbovun dövründə dəfələrlə yazdıq, bizə cavab verilirdi ki, plandadır, nəzərdə tutulub, amma təmir olunmurdu. Xaləddin İsgəndərova da məktublar yollanmışdı, amma Binəqədi ərazisinə düşən Ayna parkı təmir edilmirdi. Neçə ildir ki, buranı hasarlayıb belə saxlamışdılar. Şayiə yayırdılar ki, guya satılıb. Eldar Əzizov gələndən sonra hər iki parkın bəxti açıldı. Adam parka gələndə utanırdı. Şəhərin hər yerində təzə parklar salınıb, amma bu cür yerlərə əl gəzdirilmirdi. Bundan sonra insanların ailəvi gəzintisi, uşaqların oynaması, pensiyaçıların dincəlməsi üçün yaxşı şərait olacaq. İntəhası, obyektlərin sayı azaldılsa yaxşıdır”.

Müşahidələrimizə əsasən deyək ki, hər iki parkda fəhlələr işləyir. Amma yenidənqurma işlərinin nə vaxt yekunlaşacağı bilinmir. İşçilər deyirlər ki, payıza qədər təmir davam edəcək. Öyrənirik ki, burada uşaqlar üçün yeni attraksionlar qurulacaq, skamyalar təzələnəcək. Artıq ağaclar budanıb, parkın üz-gözü açılıb, döşəmələr yenilənir, plitələr qoyulur.

BŞİH isə rəsmi açıqlamada bildirir ki, parkın vəziyyəti ilə bağlı ətraf ərazilərdə yaşayan vətəndaşlardan haqlı narazılıq və iradlar daxil olurdu: “Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti birgə parkın əsaslı təmiri və yenidənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədləri hazırlanması qərara alınıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız müvəqqəti və qeyri-qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyektlər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyektlərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub”.

Yada salaq ki, Ayna Sultanova parkında yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. (Yeni Müsavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930