SOCAR "Star"dakı payını niyə satır?

11.08.2014 - 12:46

Rövnəq Abdullayev Gülən-Ərdoğan savaşından hədəfə gəlmək istəmir

SOCAR Türkiyə şirkətinin baş direktoru Kənan Yavuz Reuters
agentliyinə açıqlamasında bildirib ki, “Star Media” qrupda malik
olduqları 50 faiz payı satacaqlar. Bu məqsədlə əvvəl həmin holdinqin
ortağı olmuş və hissələrini SOCAR-a satmış Fəttah Tamincə ilə
danışıqlara başlanıb. 

Kənan Yavuzun sözlərinə görə, bu addımın əsas məqsədi bütün diqqəti
ölkədəki iri layihələrə cəmləşdirməkdir. Beləliklə, SOCAR Türkiyənin
media sektorundan tam çıxacaq. 

“Star Media” qrupa eyniadlı qəzet və “Kanal 24” televiziyası aiddir.
Dövlət Neft Şirkəti ötən ilin mayında bu holdinqdə pay almışdı. Həmin
vaxt SOCAR-ın bu addımı birmənalı qarşılanmamışdı. Dövlət Neft
Şirkətinin Türkiyədəki əsas fəaliyyəti “Petkim” neft-kimya kompleksi,
konteyner limanı və Star neft emalı zavodunun tikintisidir(ANS).

SOCAR-ın bu addımı siyasi motivlərlə izah edilir. Azərbaycanda nurçu
məsələsi gündəmə gələndə onlarla əlaqəli olmaqda ittiham olunan
məmurlardan biri də SOCAR-ın prezidenti Rövnəq Abdullayev idi.
Ümumiyyətlə, SOCAR-ın nurçularla bağlılığı, onların tədbirlərinin
sponsorluq etməsi barədə məlumatlar yayılmışdı. Həmçinin gülənçilərin də
müəyyən məsələlərdə Rövnəq Abdullayevə yardımlarının olduğu
bildirilirdi. Gülənə yaxın “Çağ” öyrətim mərkəzini də nurçu məsələsi
gündəmə gələndə ARDNŞ qanadı altına aldı. Lakin Ərdoğanın israrlı
tələblərindən sonra Gülənə yaxın məktəblər qapadıldı. Rövnəq Abdullayev
faktiki olaraq nurçulara yardım edə bilmədi. 

Bir müddət əvvəl isə Gülənə yaxınlığı ilə seçilən “Taraf” qəzeti
SOCAR-ı hədəfə aldı. “Taraf” Ərdoğana yaxınlığı ilə seçilən “Star”
qəzetini Israilə münasibətdə qeyri-səmimilikdə ittiham etdi. Bu qəzetin
sahibinin, yəni SOCAR-ın Israilə neft satdığını yazdı.

“Taraf”ın bu yazısını Rövnəq Abdullayevə mesaj kimi qiymətləndirənlər
də oldu. Maraqlıdır ki, məhz bundan az sonra SOCAR  “Star”dakı payının
50 faizini satacağını bəyan edib. Görünür, Rövnəq Abdullayev
Gülən-Ərdoğan savaşında Türkiyə ictimai rəyinə təsir edən bir media
qrupunun sahibi kimi hədəfə gələcəyindən ehtiyat edir. Onsuz da bu media
qrupu Ərdoğana yaxınlığı ilə seçilir. Yəni, bu savaşda tərəfdir. Bu isə
Rövnəq Abdullayev üçün başağrısına çevrilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=10813

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31