Bağlanan bankların əmlakının şübhəli hərracı…

30.01.2018 - 11:58

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Fonddan verilən məlumata görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır. Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan 11 ədəd müxtəlif markalı avtomobil və 2 ədəd bankomat təkrar hərraca çıxarılır, 13 ədəd müxtəlif markalı avtomobil və 4 bankomat isə ilk dəfə hərracda olacaq.

Bundan başqa, ləğv prosesində olan “Royalbank” ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansında olan 1 ədəd “Ford Transit Connect” markalı avtomobil, ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansında olan 1 ədəd “Mercedes Benz S350″ markalı avtomobil ilk dəfə hərraca çıxarılır.

Həmçinin ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar hərraca, 2 qeyri-yaşayış sahəsi, 3 ədəd müxtəlif markalı avtomobillər isə ilk dəfə hərraca çıxarılır. “Texnikabank” ASC-nin balansında olan bağ evi təkrar hərraca, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi də ilk dəfə hərraca çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında keçiriləcək.

Bəs görəsən, bu hərracda ekspertlər və mətbuat nümayəndələrinin də iştirakı təmin oluna bilərmi? Proses nə dərəcədə şəffaf və düzgün keçiriləcək? Satışa çıxarılan avtomobilləri sadə vətəndaşlar da əldə edə bilərmi? Hərraclarda əmlakın qiymətləndirilməsi prosesində hansı yanlışlıqlara yol verilə bilər?

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov prosesdə şübhəli məqamların ola biləcəyini açıqladı: “Əmlakı hərraca çıxarılan banklardan biri də ”Bank Standart”dır. Yanvarın 30-da “Bank Standart”ın kreditorlarının iclası olacaq. İclas Əmanətlərin Sığortalanması Fondunda keçiriləcək. Bizim orada verəcəyimiz əsas suallardan biri də odur ki, bu hərraclarda biz də iştirak edə bilərikmi? Kreditorlar olaraq, biz də iştirak etməliyik, proses ilk növbədə bizim marağımızdadır ki, bankın əmlakı normal qiymətə satılsın və bizə pul qaytarılsın. Hələlik bizdə bu haqda məlumat yoxdur. Ancaq prinsipcə bu hərraclar açıq keçirilməlidir. İstənilən şəxs gedib orada iştirak edə bilməlidir. Mətbuatın və bankın kreditorlar komitəsinin də orada iştirak etməsinə şərait yaradılmalıdır ki, hərraclarda hər hansı əlbirlik, korrupsiya hallarına yol verilməsin. Çünki hərracda belə ehtimallar da var ki, onlar öncədən əlbir olub bankın əmlakı ilə bağlı formal olaraq ucuz qiymətlər müəyyənləşdirə bilərlər. Əslində isə əmlakın dəyəri daha baha ola bilər. Təsadüfi deyil ki, təkcə “Bank Standart”ın bütün daşınar və daşınmaz əmlakı cəmi 40 milyon manat dəyərində qiymətləndirilir. Ancaq təkcə “Bank Standart”ın şəhərin mərkəzində, Mərkəzi Univermaq tərəfdə yerləşən baş ofisinin qiyməti 40 milyon manat civarındadır. Biz bu prosesdən bərk narahatıq. Əmanətlərin Sığortalanması Fondu bilərəkdən qabaqcadan bankın əmlakını çox ucuz qiymətləndirib ki, o qiymətə də satsın. Ona görə də, bütün bu məsələlərin necə olacağı bizim üçün də maraqlıdır. Bu baxımdan prosesdə mütləq iştirak edəcəyik. Hesab edirəm ki, prosesə mətbuat da gəlməlidir”.

Ə.Həsənovun sözlərinə görə, bankın müəyyən əmlaklarını adi vətəndaşlar da ala bilərlər: “Məsələn, bankın mülkiyyətində olan avtomobilləri hər bir vətəndaş hərracda iştirak etməklə ala bilər. Onlar öncə gedib hərracı keçirən təşkilata müraciət etməlidirlər. Orada müəyyən iştirak haqqı ödəməlidirlər. Daha sonra hərracda iştirak edə bilərlər. Qanuna görə belədir və bütün vətəndaşlar iştirak edə bilərlər. Ancaq praktikada bunu necə edəcəklərini biz bilmirik, ancaq prosesi tam nəzarətə götürəcəyik”.

Bankların bəzi əmlakları isə sırf bank sektorunda istifadə üçün nəzərdə tutulub. Buraya bankomatları aid etmək olar. Bu əmlakların hərracda alınması isə yalnız banklar tərəfindən həyata keçirilə bilər. Əkrəm Həsənov vurğuladı ki, hazırda bankların filiallarının bağlandığı bir ərəfədə bu kimi avadanlıqlara tələbat olacağı gözlənilən deyil: “Bu kimi əmlakların hərracda satılması daha çox xarici bankların iştirakı ilə mümkün ola bilər. Yerli banklara bankomat lazım deyil. Çünki Azərbaycanın bank bazarı kiçilir. Buna görə də onların bu qədər bankomata və digər avadanlıqlara ehtiyacı olmayacaq. Bu da hazırda problemlərdən biridir ki, sırf bank işində istifadə edilən avadanlıqları kim alacaq… Bank filiallarının bağlandığı bir ərəfədə hansı bank əlavə avadanlıq almaq istəyər? Ola bilər ki, xarici banklar gəlib həmin avadanlıqları alsınlar. O zaman da qiyməti dəyər-dəyməzinə satılacaq.

Ə.Həsənovun fikrincə, bankların əmlaklarının satılması ilə bağlı hərraclara məhkəmə nəzarət etməlidir: “Hər bir bankın ləğvi prosesinə Apelyasiya Məhkəməsi nəzarət edir. Amma ötən həftənin 5-ci günü ”Bank Standart”ın ləğvi üzrə Bakı Apelyasiya Məhkəməsində proses oldu və hakimlər Əmanətlərin Sığortalanması Fondundan narazı idilər ki, onlara heç bir məlumat verilmir. Məhkəmə onu da dedi ki, ötən ilin birinci rübündən sonra Əmanətlərin Sığortalanması Fondu məhkəmələrə bankın əmlak vəziyyəti haqqında heç bir məlumat verməyib. Ancaq bu açıqlanmalı idi. Fond çalışır ki, məhkəmə nəzarətindən qaçsın. Qanunvericilik isə məhkəmə nəzarətini tələb edir. Mən də orada çıxış edərək dedim ki, bu məsələdə son nəticədə məhkəmə cavabdeh olacaq. Bu məlumatlar verilmirsə, məhkəmə necə nəzarət edə bilər. Söhbət yalnız əmlakdan da getmir, qaytarılmayan kreditlərdən də gedir. Əmanətlərin Sığortalanması Fondundan deyilir ki, biz borcların qaytarılması üçün filan sayda məhkəmə işləri aparırıq. Mən isə bildirdim ki, ən azından bu məhkəmə işlərinin sıyahısını verməlisiniz. Fond çalışır ki, bu prosesin üzərində nəzarət olmasın. “Bank Standart”dan başqa hazırda ləğv prosesində daha 11 bank var. Burada söhbət yüz milyonlardan gedir. Bankların xeyli daşınar və daşınmaz əmlakları var. Lakin bu, kreditorların borclarının qaytarılması üçün kifayət etmir. Əsas gəlir kreditlərdən olmalıdır. “Bank Standart” kimi böyük bir bankın misalında baxsaq, orada banka qaytarılmalı olan kreditlərin məbləği təxminən 750 milyon manatdır, ancaq onun daşınar və daşınmaz əmlakının dəyəri cəmi 40 milyondur. Yəni əsas məsələ verilən kreditlərin geri qaytarılmasıdır”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=111386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31