Bakıda sərnişinlər canlarını kimlərə etibar edirlər? – Avtobus sürücüləri necə seçilir?
Sürücü etikası yoxsa sərnişinin anlayışı?
Son zamanlar avtobus sürücüləri ilə sərnişinlər arasındakı davalarla tez-tez rastlaşırıq.
Bəzən bu mübahisələrə səbəb sürücülərin düzgün təlim görməməsi, sərnişinlərlə kobud rəftarı olsa da, digər bir səbəb sərnişinlərin sürücüləri təhqir etməsi, onu dayanacaqdan kənarda saxlamağa vadar etməsi kimi məsələlərdir. Belə bir sual ortaya çıxır ki, sürücülər hansı kriteriyalar əsasında işə götürülür?
Belə məsələlərin necə tənzimləndiyini öyrənmək üçün Minval.İnfo-nun əməkdaşı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb.
Mais Ağayev cavab olaraq, “Sürücülərin işə götürülməsi, onlarla əmək müqaviləsinin tənzim olunması məsələlərinə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər məşğul olur. Amma Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücü təlim mərkəzləri fəaliyyət göstərir ki, sürücülərin peşəkarlığının artırılması, sərnişinlərlə etik davranış qaydalarına maksimum əməl olunması və digər məsələlər burada keçirilən təlimlər vasitəsiylə sürücülərimizə öyrədilir.
Eyni zamanda, biz sərnişinlərin də ictimai nəqliyyat vasitələrində düzgün davranış qaydalarına əməl etməsi üçün kitabçalar hazırlamışıq. Yenə də qeyd edim ki, sürücülərin işə götürülməsi məsələsi ilə müxtəlif daşıyıcı şirkətlər məşğul olsa da, bizim yaratmış olduğumuz sürücülərin təlim mərkəzi sayəsində 3000-dən artıq peşəkar sürücü yetişdirilib və onlar bu daşıma şirkətlərinə təklif olunur” – deyib.
Əgər sərnişin hər hansısa avtobusun sürücüsündən narazı olsa, 141 çağrı mərkəsinə, bna.az saytına, alo141.az saytına müraciət edə bilərlər.
Belə bir reallıqda var ki, sürücülər yaranan problemlərin kökündə interval məsələsinin dayandığını bildirirlər. Mais Ağayev buna cavab olaraq deyib ki, sürücü üçün interval məsələsi önəmlidir:
“Yəni hər bir sürücü onun üçün təyin olunmuş vaxtda lazım olan məntəqəyə çatmalıdır. Lakin tıxac səbəbindən gecikmə bağışlanası bir haldır. Bəzənsə, yaranan tıxaclar nəticəsində gecikmələr olur, amma sürücü bunu bəhanə edərək, sərnişinlə kobud rəftar etməyə haqqı yoxdur“.
Short URL: http://www.cumhuriyyet.net/?p=116970