Bu il Beyləqanda 146 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq -VİDEO

07.01.2019 - 18:05

Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. Kompleksin tikintisi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”ə əsasən həyata keçirilir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki nəzarətçisi Qorxmaz Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 146 evdən ibarət olacaq qəsəbənin inşası üçün 30 hektar torpaq sahəsi ayrılıb. Mənzillərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Ərazidə bundan əlavə, 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilir. Qəsəbədəki evlərin hər birinin sanitar qovşağı və 12 sot həyətyanı sahəsi olacaq.

Artıq evlərin 50-də və tibb məntəqəsində hörgü işləri başa çatıb, 25 evin dam örtüyü vurulub. Hazırda digər evlərdə, məktəb, uşaq bağçası, klub-icma mərkəzi, inzibati binada dəmir-beton, hörgü və suvaq işləri görülür.

Qəsəbədə infrastruktur işləri də həyata keçirilir. Hər biri 300 kubmetr olan iki ədəd içməli su anbarından birinin inşası başa çatıb, iki ədəd subartezian quyusu qazılıb, elektrik yarımstansiyası tikilib. Yaşayış kompleksində içməli su, qaz, elektrik, rabitə xətləri çəkiləcək, qəsəbədaxili yollara asfalt örtük salınacaq, yağış sularının axıdılması üçün arxlar tikiləcək, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Tikinti işləri ilə 9 şirkət məşğul olur. Əsasən yerli sakinlər və məcburi köçkünlər olmaqla, 300-dən çox işçi, 20-ə yaxın texnika çalışır. İnşaat işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126235

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930