ABŞ Azərbaycana da qadağa qoya bilər

20.05.2019 - 00:03

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaları nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən İranın metallurgiya sənayesinə sanksiyalar tətbiq edilir. Sanksiyalar həm İranın metallurgiya şirkətlərinə, həm də bu ölkədən metal idxal edən xarici şirkətlərə aiddir.
Fərmana əsasən əgər 90 gün ərzində xarici şirkətlər İranın metallurgiya şirkətləri ilə ticarət əlaqələrini və digər işgüzar münasibətləri dayandırmasalar, onlar ABŞ-ın sanksiyaları altına düşəcəklər. İrandan armatur idxal edən Azərbaycan şirkətlərinin də ABŞ-ın sanksiyalarının təsiri altına düşmək riski ilə üzləşəcəyi ehtimal olunur.

İqtisadçı Natiq Cəfərli deyib ki, ABŞ tərəfindən İrana qarşı sanksiyaların sərtləşdirilməsinin ölkəmizə iki yöndən ciddi təsirləri olacaq: “Birincisi, Cənub-Şimal dəmir yolu layihəsinin ciddi şəkildə ləngiməsinə səbəb olacaq. Çünki metallurgiya sahəsinin məhsullarından istifadəyə ehtiyac yaranacaq. Azərbaycan həmin dəmir yolu layihəsinin əsas sponsorudur. Rəşt-Astara dəmir yolunun yenidən qurulmasına Şimal dəhlizinin açılmasına ölkəmiz tərəfindən 500 milyon dollara yaxın kredit ayrılıb. İkincisi isə İrandan idxal olunan metal məmulatlarına, o cümlədən armatur və digər metallurgiya sənayesi məhsullarına qoyulan qadağa, yaxud sanksiyaların tətbiqi Azərbaycana da aid edilə bilər. Mənim bildiyim qədərilə İrandan Azərbaycana daha çox fiziki şəxslər məhsul gətirir. Sanksiyalar isə hüquqi şəxslərə şamil olunur. Yəni fərmanda sanksiyaların fiziki şəxslərə hansı şəkildə təsir edəcəyilə bağlı müddəa yoxdur. Ona görə də Azərbaycan tərəfi çalışacaq ki, bu əməliyyatları şirkətlər vasitəsilə yox, fiziki şəxslər vasitəsilə həyata keçirsin. Belə əməliyyatların fiziki şəxslər tərəfindən həyata keçirilməsi sanksiyaların təsirini müəyyən qədər azaldacaq”.

Ekspert qeyd edib ki, ABŞ İrandan Azərbaycana metallurgiya məmulatları gətirilməsinə qadağa da qoya bilər: “Amma ABŞ-ın bu məsələyə reaksiyası çox ciddi olacaqsa və məsələni gündəmdə saxlayacaqsa, ümumiyyətlə Azərbaycan hakimiyyətilə birbaşa danışıqlara gedib, İrandan həmin növ məhsulların gətirilməsinə qadağa qoyulmasına nail ola bilər. Azərbaycanın Amerika kimi dövlətlə münasibətləri daha yaxşı səviyyəyə gətirməsi üçün belə bir ehtimal çox yüksəkdir. Çünki indiki halda ABŞ-Azərbaycan münasibətləri çox yaxşı səviyyədədir. Münasibətlərin davamlı olması üçün hökumət tərəfindən belə bir addımın atılması nəticəsində İrandan gətirilən məhsullara qadağa qoyulması gözləniləndir.

Çünki Azərbaycanın armaturla özünütəminetməsində problem yoxdur. Həm yerli istehsal var, həm də Rusiya və Ukraynadan daha çox armatur gətirilir. İrandan Azərbaycana armatur gətirilməsə, bu, fəaləkətli nəticənin yaranmasına səbəb olmayacaq. Həm də qiymətlərin kəskin artımına təsir etməyəcək. Ona görə İrandan Azərbaycana armatur gətirilməsinə qadağa qoyulması ehtimalı çox yüksəkdir”. (Modern.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128355

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930