Beş ölkənin neft projesi – bazara nəzarət dəyişəcəkmi?

31.07.2019 - 11:12

İlham Şaban: “Bu ölkələrin maraqları nə zaman üst-üstə düşüb ki?…”

İran, Türkiyə, Rusiya, Çin və Hindistan neft bazarına nəzarət etmək üçün yeni birlik yaradır. Bu barədə məlumatla Tehran Ticarət Palatasının enerji komissiyasının rəhbəri Rza Pedidar çıxış edib.

O, Beynəlxalq Enerji Agentliyinin neft bazarı və ölkələrin iqtisadi vəziyyəti ilə bağlı nəşr etdiyi hesabatında İran, Türkiyə, Rusiya, Çin və Hindistanın neft bazarına nəzarət etmək üçün yeni birlik yaratmağa başladıqlarını və dünya neft bazarında yeni iqtisadi halqanın formalaşdığını qeyd edib. Bildirib ki, BP-nin cari il üzrə qlobal enerjinin vəziyyəti ilə bağlı məlumatlarına görə, qalıq yanacaq növləri qlobal enerji istehlakının 84,7 faizini təşkil edir. ABŞ isə neft, təbii qaz və kömür istehsalına görə dünyada birincidir: “Beynəlxalq tədqiqatlar göstərir ki, Birləşmiş Ştatlar, Rusiya və İran dünyanın əsas yanacaq istehsalçılarıdı. Bu zaman Yaxın Şərqin digər ölkələri dünya onluğuna belə daxil deyillər”.

Çinin də neft istehsalına görə yaxşı mövqedə qərarlaşdığını deyən R.Pedidar qeyd edib ki, ABŞ bu il ən böyük təbii qaz istehsalçısına çevrilib. Kanada, Çin və Norveç isə qlobal enerji istehsalçılarının ilk onluğunda qərarlaşıb.

Beş ölkənin birgə fəaliyyəti dünya neft bazarında proseslərə necə təsir edə bilər? Bu birlik bazarda yeni qaydalar diqtə etmək gücündədirmi?

İlham Şaban ile ilgili görsel sonucu

Sualları cavablandıran enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, adları çəkilən ölkələrin birgə fəaliyyəti alınsa belə,  dünya neft bazarında hər hansı dəyişikliyə nail olunması real deyil: “Bu ölkələrin vəziyyətinə baxaq. Çin və Türkiyənin biri böyük, digəri kiçik neft idxalçısıdır. Rusiya neft hasilatına görə dünyanın ilk üçlüyündədir. İrana gəlincə, indiki sanksiyalar şəraitində hasilat səviyyəsinə görə dünya onluğunda olan ölkədir. İxracatı isə gündəlik 500 min barel civarında olmaqla, ciddi bir rəqəmi əhatə etmir. İndi biz baxaq, görək, bu ölkələrdən hansılar ABŞ sanksiyalarına duruş gətirmək gücündədir? Çinin bu gün ABŞ-a ixracı 600 milyard dollar həcmindədir. Pekin İrandan nə qədər neft idxal edə bilər? Ən uzağı 10 milyard dollarlıq. Çin 10 milyardla 600 milyardı tərəziyə qoyacaqmı – əlbəttə ki, yox”.

Ekspert bildirir ki, bir çox hallarda Türkiyəni “Avropanın qonşuluğundakı Çin” adlandırırlar: “Bu gün Türkiyənin 80 faiz ixracı Avropayadır. ABŞ və Avropa birləşib Türkiyəyə qarşı sanksiya tətbiq edərsə, Türkiyə neynəyəcək – İranın yanında olmaqda davam edəcəkmi? Əlbəttə ki, xeyr. Türkiyə heç vaxt İranın yanında olmayıb – tarixdə belə fakt yoxdur. Qumilyova nəzər salsaq, İranla Turanın maraqları heç vaxt üst-üstə düşməyib. Heç Rusiya ilə İranın da siyasi maraqları heç vaxt üst-üstə düşməyib. Onların maraqları sırf bir-birindən istifadəyə hesablanıb. Müəyyən dövrlərdə qısa bir müddət ərzində üst-üstə düşsə də, tezliklə hərə öz yolu ilə gedib. Hindistana gəlincə, böyük neft idxalçısıdır, amma ABŞ-a qarşı durmaq gücündə deyil. İrandan aldığı 10 faiz neftə görə buna getməyəcək”.

İ.Şabanın sözlərinə görə, dünya neft bazarında ən böyük çəki OPEK-dədir və bu, hələ uzun müddət belə qalacaq: “13 iri hasilatçı ölkə OPEK-də birləşib. İki hasilatçı ölkə – Rusiya və İran bazarda hansı təsir gücünə malik ola bilər ki? Üstəlik, kim deyə bilər ki, Rusiya ABŞ-la real müstəvidə kəllə-kəlləyə gəlmək niyyətindədir? Aralarındakı bütün ziddiyyətlərə baxmayaraq, ABŞ və Rusiya bir-birinin maraqlarını nəzərə alır. Bir çox məsələlərdə isə strateji maraqları üst-üstə düşür. Hətta münasibətlərin ən çox gərginləşdiyi  soyuq müharibə dövründə də belə olub. Rusiya ABŞ üçün Çin təhlükəsinin qarşısını almaqda ən mühüm alətlərdən biridir. Bundan əlavə, Çin Rusiya neft-qazının elə də böyük alıcısı deyil, əsas alıcılar Avropadadır. Bütün bunlar deməyə əsas verir ki, İranın bütün səylərinə baxmayaraq, ABŞ-a qarşı hansısa koalisiya, birlik qurmaq şansları çox cüzidir”. (Yeni Müsavat)

Short URL: http://www.cumhuriyyet.net/?p=130922

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728