Gələn il Bakı nefti neçəyə satılacaq?

16.12.2019 - 08:19

İqtisadçı ekspert: “Neftlə bağlı proqnozlar iqtisadi deyil, daha çox siyasi amillərə əsaslanır”

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,67 ABŞ dolları və yaxud 0,96% artıb. Nəticədə bir barelin qiyməti 70,86 dollar təşkil edib. Bu, Azərbaycan neftinin orta qiyməti sayılır.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Bəs növbəti ildə dünya bazarında qiymətlər necə olacaq?

Картинки по запросу neft

Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir ki, gələn il qlobal neft tələbatının gündəlik 101,5 milyon barel olacağı gözlənilir. Bildirilir ki, 2020-ci ildə qlobal neft tələbatı bu ilə görə 1 milyon 300 min barel artaraq, sutkalıq orta hesabla 101 milyon 500 min barel təşkil edəcək. Agentlik əvvəlki proqnozunda gələn il üzrə neft tələbatının sutkalıq artım tempinin 1 milyon 200 min barel planlaşdırırdı.

IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 700 min barel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barellə Amerika qitəsi və 15 milyon 100 min barel ilə Avropa qərarlaşacaq. Neft qiymətlərinin 2020-ci il proqnozlarına gəlincə, ABŞ-ın “Goldman Sachs” bankının ekspertləri 2020-ci ildə “Brent” markalı neftin bir barelinin orta spot qiymətinin 63 dollar olacağını proqnozlaşdırırlar. “Bloomberg” agentliyi məlumatına əsasən, hesabatda qeyd olunur ki, “Goldman Sachs” OPEC+ ölkələrinin gələn ilin birinci rübü üçün hasilatı azaltmaq üzrə saziş şərtlərini dəyişdirmək qərarını nəzərə alaraq, daha əvvəlki qiymətləndirmələrinə düzəliş edib. Belə ki, bundan əvvəl bank analitikləri “Brent” markalı neftin bir barelin orta spot qiymətinin 2020-ci ildə 60 dollar olacağını ehtimal edirdilər.

Qeyd edək ki, OPEC+ ölkələri 2020-ci il yanvarın 1-dən başlayaraq bazardan gündə 1,7 milyon barel çıxarmalıdırlar. Dəyişikliklərin məqsədi qışda tələbatın az olduğu dövrdə bazarda tarazlığın pozulmasının qarşısını almaqdır. Bununla belə, uzunmüddətli proqnoz bir barel üçün 55 dollar səviyyəsində qalıb. Yeni hesablamalara görə, WTI markalı neftin bir barelinin 2020-ci ildə spot qiyməti 58,50 dollar olacaq. “Goldman Sachs” hesab edir ki, hasilatın azaldılmasına dair sazişin şərtləri Rusiya, İraq və Nigeriya tərəfindən tam yerinə yetirilməyə bilər.

ABŞ Enerji İnformasiya İdarəsinin Azərbaycanda neft və kondensat hasilatının 2020-ci il üçün rüblük proqnozu isə belədir: 2020-ci ilin birinci və ikinci rüblərində gündə 0.77 milyon barel və 0.76 milyon barel, üçüncü və dördüncü isə gündə 0.75 milyon barel. EIA-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda neft və kondensat hasilatının həcmi gündə 0,81 milyon barel təşkil edib.

Картинки по запросу iqtisadçı ekspert Natiq Cəfərli+musavat

İqtisadçı ekspert Natiq Cəfərli

Azərbaycanda neft hasilatının əsas həcmi “Azəri Light” markalı yüngül neft hasil edən “Azəri-Çıraq-Günəşli” dəniz yataqları blokunun payına düşür. 2020-ci ilin neft proqnozlarını dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, proqnozlar daha çox siyasi amillər üzərindən hesablanır: “Dünyada hər ilin sonunda müxtəlif institutlar, maliyyə qurumları öz proqnozlarını açıqlayırlar. Bu proqnozlarla tanış olduqda bəlli olur ki, bu rəqəmlərin əsasında iqtisadi məsələlər dayanmır. Qiymət və digər parametrlərin hesablanmasında iqtisadi məsələlərdən daha çox geosiyasi məsələlər, hərbi gərginliklər, ticarət müharibələri və buna bənzər proseslərin önəmi qeyd olunur. Çünki tələb və təklif qanununu götürsək, dünyada istehlakın həcminə nəzər salsaq ciddi bir neft bolluğu var. Dünyada neft istehsalı azalmayıb, təqribən 100 milyon barel həcmində gündəlik neft hasilatı var. İstehlak isə hələ 100 milyon barelə çatmayıb. Ancaq İran ətrafında baş verənlər, geosiyasi gərginliklər, Amerika-Çin arasında ticarət müharibələri, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında hibrid müharibənin davam etməsi, dron hücumlarının olması, Liviyada vətəndaş müharibəsinin davam etməsi, İraqda vəziyyətin gərginliyi nəzərə alaraq neft qiymətlərini proqnozlaşdırırlar. Bu qeyd etdiyimiz amillər aradan qalxsa, neftin kəskin bahalaşması ehtimalı yoxdur. Əksinə, bu məsələlərin mərhələli həlli dünya bazarına daha çox neftin çıxmasına və qiymətin ucuzlaşmasına səbəb ola bilər. İran, İraq, Səudiyyə, Liviya ətrafında gedən proseslər gələn il öz məcrasına düşsə dünya bazarına təxminən 8 milyon barel əlavə neft daxil olacaq. Bu isə neft qiymətlərini ən azı 20-30 faiz aşağı çəkə bilər”.

İqtisadçı ekspertin sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanı neftin qiymətinin yüksək olmasında maraqlıdır: “Ancaq Səudiyyə Ərəbistanının və dünyanın ən böyük neft şirkəti olan “Səudi Aramco”nun satış prosesi gedir. Bu da neft bazarına ciddi təsir edir. Səudiyyə Ərəbistanı əlində olan bütün imkanlardan istifadə edərək neftin qiymətinin bahalaşmasıba çalışır ki, səhmlərinin qiyməti də qalxsın. Buna müəyyən qədər nail oldu. Artıq ilkin hərracda qiymətlər 10 faiz qalxdı. Bu prosesin də neft qiymətlərinə ciddi təsiri var. Bu şirkətin satış prosesi yekunlaşsa Səudiyyə Ərəbistanının neft qiymətlərində kəskin oynaqlığa səbəb olan addımları da azalacaq. Ona görə də neftlə bağlı proqnozlar verərkən iqtisadi amillər deyil, siyasi amillər önə çıxır. Bu siyasi gərginliklər isə daim davam edə bilməz. Bu səbəbdən məsələyə orta və uzunmüddətli baxsaq bu problemlərin həll olunacağı aşkardır. Bu da gələcəkdə neft qiymətlərinə ciddi basqı yaradacaq. Çünki OPEK və Rusiyanın neftin qiymətini artırmaq üçün hasilatı azaltması planı iflasa uğradı. 2016-cı ildə başlayan plana görə cəmi 1,6 milyon barel neft bazardan çıxarıldı. Ancaq təkcə Amerikada hasilat 4,5 milyon barel artdı”.

Картинки по запросу neftin qiyməti

N. Cəfərli hesab edir ki, gələn ilin ilk yarısında neftin qiyməti 60 dollar ətrafında olacaq: “Bu prosesləri orta və uzun müddətə analiz etsək, neft qiymətlərinin bahalaşması ehtimalı aşağıdır. Növbəti illərdə yeni bir mərhələ, neftin dünyada önəminin azalması başlayacaq və qiymət də aşağı düşəcək. Gələn ilin ilk yarısında neftin 60 dollar olacağı ehtimalı daha böyükdür”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138792

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930