TARİXİ SINAQ DÖVRÜ – Hansı sahibkarlar dövlətin yardımına bel bağlaya bilər?

25.03.2020 - 21:38

Hazırda dünyanın demək olar ki, bütün ölkələri koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərindən əziyyət çəkir. Hər bir ölkə öz iqtisadi gücünə və milli iqtisadiyyatın xüsusiyyətlərinə uyğun olaraq bu virusun mənfi təsirlərini minimuma endirmək üçün tədbirlər görür. 

Prezident İlham Əliyev bu günlərdə koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Dövlət, proseslərə operativ şəkildə müdaxilə edərək, ölkə iqtisadiyyatına dəymiş zərərin qiymətləndirilməsi, pandemiyada zərər çəkməsi ehtimal olunan fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin sahibkarlara və biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə tədbirlər görməkdədir.

Bu məqsədlə yaradılmış İşçi Qrupunun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun da qeyd etdiyi kimi, mövcud şəraitdə ölkə iqtisadiyyatına bir neçə amil mənfi təsir göstərir. Belə ki, xarici ticarətdə durğunluq var, neftin qiymətlərində kəskin enmələr müşahidə olunur və ən başlıcası isə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlər iqtisadi fəallığı aşağı saldığı üçün sahibkarların gəlirlərində kəskin azalmalar qaçılmazdır.

İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan sahələr turizm, mehmanxanalar, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi binzes sahələridir. Bu kimi, təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bu iqtisadi fəaliyyət sahələrində fəallığın azalması özünü daha qabarıq şəkildə göstərir.

Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Buna görə də bir sıra sahələrdə iqtisadi fəallıq azalıb.

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib.

Ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədilə dövlət dəstəyi xarakterli ciddi addımların atılması nəzərdə tutulur. Eyni zamanda özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkəmizin inkişafının və cəmiyyətin gələcək rifahının qorunması üçün vacib əhəmiyətə malikdir.

Dövlətimiz həmişəki kimi sahibkarın yanında olduğunu sübut edərək çevik və təxirəsalınmaz tədbirlər görməyə hazır olduğunu bildirib. Bu məqsədlə 2020-ci ilin dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. İqtisadi artımın zəifləməməsi, işgüzarlığın davam etməsi üçün dövlət kompleks tədbirlər şəklində biznesə dəstək vermək niyyətindədir. Bu dəstək mexanizmi çoxşaxəli tədbirlərdən ibarətdir. Bura iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərin verilməsi, dövlət kreditləşdirmə resurslarına asan əlçatanlıq, maliyyə bazarlarının sabitliyinin qorunması və s aiddir.

Lakin burada mühüm bir məqamı xüsusi qeyd etmək lazımdır. Belə ki, zərərçəkmiş fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, sahibkara dəyən zərərlərin şəffaf qiymətləndirilməsi vacib şərtdir. Bunu üçün isə qiymətləndirmə meyarları olmalıdır. Bu meyarlar biznes sahəsinin və biznes subyektlərinin xüsusiyyətlərindən asılıdır. Dəymiş zərərin dövlət tərəfindən qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan maliyyə göstəriciləri geniş təhlil olunacaq. Məsələn, son iki ayın maliyyə və vergi hesabatları, fəaliyyətin şəffaflıq göstəriciləri, əmək müqavilələrinin bağlanması vəziyyəti, vergi ödəyicisinin riskli qrupa aid olub-olmaması mühüm əhəmiyyət daşıyır.

Həmçinin, Azərbaycan hökuməti sahibkara dəstək tədbirlərini müəyyən edən zaman onun yaranmış şəraitdə dövlətin çağırışlarına nə dərəcədə adekvat cavab verməsi, iş yerlərini saxlaması və işçilərə ödənilən əmək haqqlarının azalmasına yol verməməsini də nəzərə alacaq. Dövlətin əsas mövqeyi budur ki, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara birmənalı şəkildə üstünlük veriləcək.

Dövlətdən yardım gözləyən sahibkar özü dürüst olmalıdır. Gəlirlərini və xərclərini şəffaf şəkildə ortaya qoyan hər bir sahibkar təbii olaraq zərərlərini də aydın göstərə biləcək. Bu cür sahibkarlar heç bir şübhə etmədən dövlətdən iqtisadi dəstək, təşviq və s. kimi yardım uma bilər. Əks halda, dövlət qarşısında öhdəliyini yerinə yetirməyən, şəffaf fəaliyyətdən və “ağ” hesabatlılıqdan yayınan sahibkarların dövlətin yardımına bel bağlaması indiki çətin bir zamanda, yumşaq desək, insafsızlıq sayıla bilər.

Sosial məsuliyyətini dərk etməyən, təkcə öz qazancını güdən sahibkarlar vəziyyətdən çıxış yolu kimi ilk olaraq işçi sayını azaldırlar, əmək müqavilələrinə xitam verirlər. Dövlət başçısının çağırışlarına məhəl qoymayan bəzi sahibkarlar əmək haqqı fondunu azaldır, işçilərin maaşlarını kəsir, onları ödənişsiz müddətsiz məzuniyyətə göndərirlər.

Dövlətdən yardım almaq məqsədilə vergi hesabatlarında gəlirlərini real göstərməyən, yalançı “zərər” göstəriciləri təqdim edən iş adamlarına da rast gəlmək mümkündür. Təbii ki, dövlət dəstəyi tədbirləri zamanı bütün bunlar dəqiq araşdırılıb təhlil olunacaq və fəaliyyətini ancaq şəffaf əsaslar üzərində quran sahibkarlara üstünlük veriləcək.

Tarix göstərir ki, bəşəriyyət öz inkişafı dövründə enişli-yoxuşlu, böhranlı-tərəqqili yollardan keçib. Hər bir çətin dövr sınaq kimi qəbul edilə bilər.

Dövlətin gücü çətin anlarda onun öz vətəndaşının yanında olmasında, eyni zamanda vətəndaşın öz dövlətdən yardımını əsirgəməməsindədir. Azərbaycan dövləti öz sahibkarına arxalanır, onunla əl-ələ verib tarixin daha bir sınağından çıxmağa hazırdır.

“AzPolitika”

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=144404

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930