AZƏRBAYCANDAN “VALYUTA QAÇIŞI” BAŞLAYIB – “Mərkəzi Bank cavab verməlidir…”

16.06.2020 - 16:32

Mərkəzi Bankın yaydığı hesabatdan aydın olur ki, 2020-ci ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar məbləğində kəsir yaranıb. Halbuki, 2019-ci ilin 1-ci rübündə tədiyyə balansında 2 milyard 19 milyon dollar profisit formalaşmışdı.

Məlumat üçün bidirək ki, tədiyyə balansında kəsirin yaranması ixracın azalması, idxalın isə artması ilə bağlıdır. Tədiyyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Kəsir – ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələməsinin nəticəsidir.

Onu da qeyd edək ki, 2020-ci ilin 1-ci rübü ərzində neftin orta rüblük qiyməti 58 dollar olub, qeyri-neft ixracı isə 4 faiz artıb. Cari ilin ikinci rübündə pandemiyanın təsirlərini nəzərə alsaq, bu göstərici üzrə vəziyyətin daha da pisləşəcəyi şübhə doğurmur. Ancaq qeyd edilməlidir ki, 1-ci rübdə yaranmış kəsir, neft qiymətlərilə deyil, ölkədən müxtəlif yollarla valyutanın xaricə axıdılması ilə bağlıdır. Belə ki, 2020-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə azalsa da, yenə 646.3 milyon dollar təşkil edib. Bu, sadə dildə desək, o deməkdir ki, ölkənin satdığı və aldığı mal və xidmətlərdən 650 milyon dollara yaxın müsbət saldosu olub. Lakin digər istiqamətlər üzrə ölkəni tərk edən valyuta həmin 650 milyonu “yeyib” və əlavə olaraq da 1.4 milyarda yaxın mənfi saldo yaradıb. Belə ki, tədiyyə balansının cari əməliyyatlar balansı hissəsi üzrə müsbət saldo olsa da, kapitalın və maliyyənin hərəkəti balansı, eləcə də ehtiyat aktivləri üzrə bunun əksi müşahidə olunub.

“AzPolitika.info” xəbər verir ki, bu mövzu ilə bağlı şərhini paylaşan iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın tədiyyə balansında yaranmış böyük kəsirlə bağlı ətraflı açıqlama verməli olduğunu bildirib: “Çünki tədiyyə balansı statistikası üzrə məlumatlar kimsənin şəxsi məhsulu deyil, ölkədə investorların müstəqil durum dəyərləndirməsi aparmaq üçün istinad edəcəyi ilk mənbə buradır.

2020-ci ilin 1-ci rübünün tədiyyə balansı ilə bağlı media MB-nin statistikasını yaydı, amma makroiqtisadi durumu və riskləri qiymətləndirmək baxımından bəzi vacib göstəricilərə diqqət çəkən olmadı.

1) 2019-ci ilin eyni dövrünə nisbətən bu ilin ilk 3 ayında ölkədən depozit və nağd valyuta formasında kapital çıxışı kəskin artıb.

Belə ki, keçən ilin yanvar-mart aylarında Azərbaycan rezidentlərinin xaricdə saxladığı depozit və nağd valyutanın ölkəyə qaytarılması sayəsində bu maddə üzrə 368 mln. dollar xalis kapital qayıdışı baş vermişdi. Bu il isə əksinə, rezidentlər bu xətlə ölkədən 611.4 mln. dollar çıxarıblar.

Azərbaycan banklarının xaricdəki vəsaitlərinin geri qaytarılması hesabına 172.2 mln. dollar məbləğində xalis kapital qayıdışı, digər sektorların ölkədən apardığı vəsaitlər hesabına isə 834.5 mln. dollar xalis kapital çıxışı baş verib.

Halbuki, bütövlükdə 2019-cu ilin yekunlarına görə, Azərbaycan rezidentlərinin xaricdəki depozit və nağd formada vəsaitlərinin geri qayıtması hesabına ölkəyə 2.2 mlrd. USD xalis kapital girişi baş vermişdi.

2) Ticarət kreditlər üzrə öhdəliklərdə mənfi göstərici qeydə alınıb. Yəni ticarət kreditləri üzrə öhədliklərin azaldılması nəticəsində ölkədən 178 mln. dollar məbləğində xalis kapital çıxışı baş verib.

Ticarət kreditləri üzrə öhdəliklər nə zaman mənfi olur?

Hesabat dövrü ərzində dəyəri Azərbaycana ödənmiş, lakin hesabat dövrünün sonuna müvafiq ölkəyə təqdim edilməmiş mal və xidmətlərin, həmçinin xaricdən idxal olunmuş, lakin dəyəri müvafiq ölkəyə ödənilməmiş mal və xidmətlərin birlikdə dəyəri bu kanallar üzrə xaricə göndərilmiş malların (xidmələrin) ümumi dəyərindən və ödənən ümumi məbləğlərdən az olduqda, ticarət kreditləri üzrə öhdəliklər mənfi olur.

Beləliklə, qeyd olunan 2 kanalla ötən ilin yanvar-mart aylarında 718 mln. dollar daxil olmuşdusa, bu ilin eyni dövründə əksinə, 800 mln. dollar xalis kapital qaçışı baş verib.

Ötənilki kapital qayıdışının bu ilki kapital çıxışı ilə əvəzlənməsinin səbəbi nədir? Bu suala MB cavab verməlidir.

3) Ölkədən “xalis xəta və nöqsan” maddəsi altında 596 mln. dollar kapital qaçışı baş verib.

Bunun bir izahı varmı?

Məlumat üçün deyim ki, 2015-2019-cu illərdə bu xətlə ölkədən kapital çıxışı cəmi bir dəfə – 2017-ci ildə baş vermişdi. O zaman isə bu məbləğ xeyli kiçik olmuşdu (225 mln. dollar).”

Ümid edək ki, Mərkəzi Bank doğrudan da ölkədən “valyuta qaçışını” şərtləndirən məqamlara və bunun səbəblərinə aydınlıq gətirəcək. Və onu da qeyd edək ki, məhz ölkənin tədiyyə balansında yaranan kəsir milli valyutaya – manata təzyiqləri xeyli artırır. Bu isə devalvasiya təhlükəsini daha da yaxınlaşdırmış olur.

E.Qüdrətoğlu

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148404

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930