“MİLYARDLARLA PUL QOYULMALIDIR, ƏKS HALDA…” – “Hamı elə bil ki, batan gəmidə yaşayır”

23.06.2020 - 10:23

Əli Əlirzayev: “İqtisadiyyatı əvvəlki səviyyəyə gətirmək üçün azı 2-3 il zaman lazımdır”

“Koronavirusun iqtisadi və sosial sahədə buraxacağı təsirlər çox pis olacaq…”

Azərbaycanda “COVİD-19”-a yoluxanların sayındakı kəskin çoxalma hökuməti növbəti 2 həftəərzində sərt karantin rejimi tətbiq etmək məcburiyyətində qoydu. Bir çox mütəxəssislər ümumiyyətlə, virusun tam nəzarətə götürülməsi prosesinin və karantin qadağalarının ilin sonunadək davam edəcəyini proqnozlaşdırırlar.

Lakin nəzərə alınmalıdır ki, sərt karantin rejimi insanların həyatının, sağlamlığının qorunmasına xidmət etməklə yuanaşı, təəssüf ki, iqtisadiyyata vəəhalinin sosial vəziyyətinə ciddi mənfi təsirlər göstərir.

“AzPolitika.info” bu mövzunu sabiq deputat, iqtisadçı alim, professor Əli Əlirzayevlə müzakirə edib:

– Əli müəllim, iyunun 21-dən başlayaraq, Azərbaycanın iri şəhərlərində və bir neçə rayonunda yenidən sərt karantin rejimi tətbiq edilir. Beləliklə də, demək olar, son 4 ayda ölkəmiz karantin rejimində yaşamalı olub. Sizcə, bu rejimin davam etdirilməsi Azərbaycan iqtisadiyyatına nələr vəd edir?

– Mart ayından bu yana faktiki olaraq, bütün dünya və onun tərkib hissəsi olan Azərbaycanda koronavirusa qarşı mübarizə aparılır. Sözsüz ki, bu prosesin iqtisadiyyata təsirləri çox güclüdür. Mənfi təsirlər həddən artıq çox olacaq. Məsələn, iş yerləri bağlanacaq, bütövlükdə xidmət sferasında iş olmayacaq, 10 minlərlə insan evində oturmalı olacaq və sair. Əhalinin həyat səviyyəsinin aşağı düşməsi müşahidə ediləcək. Gündəlik gəlirdən asılı olan, muzdlu əməklə yaşayan insanların gəlirləri azalacaq. Son 2 ayda əhaliyə dəstək olaraq ödənilən 190 manat isə yəqin ki, indi verilməyəcək. Həmçinin, şirkətlər və müəssisələr işləmədiyi və ya gəlirləri azaldığı üçün məcbur olub əmək haqlarını azaldacaqlar. Xarici iqtisadi əlaqələr zəifləyəcək.

Rayonlarda və kənd yerlərində kənd təsərrüfatı ilə məşğul olan əhali onsuz da işləyir, heç kimlə təmasda olmurlar. Amma şəhər daxilində gediş-gəliş məsələləri var. Turizm sahəsinə bunun ciddi təsirləri baş verəcək. Söhbət həm daxili, həm də xarici turizmdən gedir. Bir sözlə, mənfi təsirləri güclü olacaq.

– Bəs bu təsirlər milli iqtisadiyyatda hansı nəticələr yaradacaq?

– Söhbət iqtisadiyyatın perspektivindən gedirsə, mən “hər şey yaxşı olacaq” deyə bilməyəcəyəm. Sözsüz ki, potensial, imkanlar azalandan, iqtisadi artım olmayandan sonra bunun həm sosial, həm də iqtisadi sahəyə mənfi təsirləri olacaq. İqtisadiyyatda ətalət prinsipi var – eniş varsa, bunu qaldırmaq üçün minimum 2 il zaman lazım gəlir. Odur ki, koronavirusun iqtisadi və sosial sahədə buraxacağı təsirlər çox pis olacaq. Mən açıq deyirəm ki, Azərbaycanda yüksək templərdən, gəlirlərdən danışmaq qeyri-mümkündür.

Təsəvvür edin ki, neftin qiyməti qalxdı və bu, müsbət hadisədir. Amma kənd təsərrüfatı məhsullarının istehsalı artmırsa, bunun təsirləri olacaq. Mən hesab edirəm ki, indiyə qədər hər il ÜDM-də 2, 3, 4 faiz artım elan olunurdusa, artıq bundan sonra azalma gedəcək. Vacibi odur ki, ÜDM-in azalması insanların, ailələrin büdcəsinə təsir etməsin.

Bəli, Azərbaycanın valyuta ehtiyatları, neft pulları var. İnsanlara müəyyən mənada sosial yardımlar edilməlidir. Bir sözlə, siyasət dəyişilməlidir.

– Demək istəyirsiniz ki, pandemiyanın nəticəsində Azərbaycan iqtisadiyyatında daralma müşahidə olunacaq?

– Bəli. Məsələn, turizm gəlirləri var. Azərbaycana turizm xəttilə ildə 2 milyon insan gəlir. Turistlər burada pul xərcləyirlər, ölkəyə xarici valyuta gətirirlər. İndi bu gəlirlər olmayandan sonra əhalinin gəlirlərində də azalma baş verəcək. Biz deyirik ki, pensiya artsın, əmək haqları artsın, sosial müavinətlər artsın. Amma koronavirusun təsiri səbəbindən bunları etmək mümkün olmayacaq. Deməli, belədə əlavə xərclər məsələsi ortaya çıxacaq. Gəlir olmayandan sonra xərclər necə ola bilər? Belə şəraitdə biz mümkün qədər vəziyyəti saxlamaq və qorumaqla kifayətlənməliyik, yüksək inkişaf templəri olmayacaq.

– Sizcə, Azərbaycan iqtisadiyyatını koronavirusdan əvvəlki vəziyyətinə gətirmək mümkündürmü və bunun üçün nə qədər zaman lazım olacaq?

– Bilirsinizmi, çoxları ola bilsin tərif naminə deyir ki, biz qalxacağıq, bizdə şərait dərhal düzələcək və s. Amma birinci növbədə bazara uyğun olan məhsul istehsal etməlisən. Yəni struktur dəyişikliyi olmalıdır. Bizdə xarici bazara çıxan məhsulların istehsalı əsasən kənd təsərrüfatı ilə bağlıdır. Doğurdan da beynəlxalq səviyyədə kənd təsərrüfatı məhsullarının istehsalı artmayacaqsa, gəlirlər də olmayacaq. Bu il kənd təsərrüfatı məhsulları əkilib. Amma gələn ildən bunu etmək üçün investisiya olmayacaq. İnvestisiya olmayanda əlavə xərclər məsələsi ortaya çıxacaq. İqtisadiyyat xərc tələb edir. Xərclər olmayanda problemlər ortaya çıxa bilər. Ehtimal edirəm ki, son 4 ayda olan təsirlər ilin sonundakı statistikada özünü göstərəcək. Nəticədə 2-3 faiz azalma olacaq. Azalmanın təsiri isə gələcəkdə artıma deyil, stabilləşməyəəsas yaradacaq.

Ola bilsin ki, 2-3 ildən sonra iqtisadiyyat əvvəlki vəziyyətə gələcək. Həm də nəzərə alın ki, pandemiya özü qeyri-müəyyəndir. Biz bilmirik ki, bu proses nə qədər davam edəcək. Mənim fikrimcə, koronavirus ilin sonuna qədər davam edəcək. Bu proses dünyanın hər bir yerində gedir. İstənilən mənfi prosesin nəticəsində bir neçə il lazım gəlir ki, əvvəlki vəziyyəti bərpa edə biləsən. 2008-ci il böhranı buna bir misaldır. Nəzərə almaq lazımdır ki, azalma birdən başlayır və gedir. Artım isə çətin olur. Bunun üçün yeni bazarlar tapmalısan, keyfiyyətli məhsullar istehsal edib ortaya çıxarmalısan, alıcılıq qabiliyyətini tənzimləməlisən və s.

Alıcılıq qabiliyyətini tənzimləmək üçün dünya ölkələri ilə beynəlxalq əlaqələr güclənməlidir. Baxın, nəqliyyat və turizm dayanacaq. Nəqliyyatdan gəlir kifayət qədər çox olurdu. Ötən gün AZAL nümayəndələri çıxışları zamanı qeyd edirdilər ki, bu ilin 6 ayında nəqliyyatdan istifadə edənlərin sayı ötən ilin 6 ayı ilə müqayisədə 3 dəfə az olub. Təsəvvür edin ki, azalma nə qədərdir və buradan nə qədər pul itirilir.

– Yeri gəlmişkən, Azərbaycanda virusa yoluxma sayının kəskin artmasını və hökumətin bunu önləmək məqsədilə atdığı addımları necə qiymətləndirirsiniz?

– Bu, çox çətin problemdir. Dövlət tərəfindən tədbirlər görülür, insanlarımız da bu məsələdə ayıq olmalıdır. Mənim fikrimcə, koronavirus şəraitində insanların özlərini aparmaq qabiliyyəti aşağı səviyyədədir. Mən cəmiyyətdə yaşayıram, insanlarla daim təmasda oluram. Məsələn, deyirlər ki, belə bir xəstəlik yoxdur. Və bunu, inanaraq deyirlər. Amma bəllidir ki, xəstəlik var və digər xəstəliklərlə müqayisədə daha qorxuludur. Hamı elə bil ki, batan gəmidə yaşayır. Yəni xəstəliyə yoluxmamağı təmin etmək üçün imkanlar da yoxdur. Yeganə hal insanın öz-özünü qorumasıdır. Varlı adam da bundan xəstələnir, kasıb da. Varlı xəstələnəndə özünü müalicə edə bilir. Kasıbda isə vəziyyət bir qədər fərqlidir…

Təsəvvür edin ki, bu qədər insanı xəstəxanalara yerləşdirmək, onlara qulluq etmək lazımdır. Bunun xərci nə qədərdir? Üstəlik müalicə metodaları da düzgün deyil. Bəlkə də nələrisə dəyişmək, ev şəraitinə keçmək lazımdır. Bunu həkim mütəxəssislər daha yaxşı bilər.

Əlbəttə, biz bu situasiyadan çıxacağıq. Amma mən açıq deyirəm ki, insanlar bu mühitə uyğunlaşmalı və koronavirusla birgə yaşamağı öyrənməlidirlər. Hər halda bu, uzunmüddətli prosesdir və insanlar sonunda bu mühitə uyğunlaşacaqlar. Sözsüz ki, səhiyyə inkişaf etməlidir, yaxşı şərait yaradılmalıdır, normal pul olmalıdır. Qeyd edirlər ki, dəstək fonduna 113 milyon yığılıb. Bununla nə olacaq? Milyardlarla pul qoyulmalıdır, əks halda epidemiyanın mənfi təsirlərinin qarşısını almaq asan olmayacaq.

İkinci tərəfdən, insanlarımız da ayıq olmalıdır. Qoruyucu maska taxmalı, bir-birilə məsafəni qorumalı, mütəxəssislərin tövsiyələrinə qulaq asmalıdırlar.

V. Nəsibov

AzPolitika.info

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148671

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031