Avropa maliyyə fırıldağı ilə silkələndi – Azərbaycan üçün 3 dərs

30.06.2020 - 00:06

Almaniya “Volkswagen”dən sonra növbəti böyük korporativ skandalla üzləşib. Nəinki Almaniyanın, həm də Avropanın son illərdə qürurla təqdim etdiyi innovativ şirkətlərdən biri, onlayn ödəmə şirkəti olan “Wirecard” iyunun 18-də elan edib ki, auditorlar 2 milyard dollarlıq aktivlərini təsdiq edə bilmir, yəni rəqəmlər saxtadır. O vaxtdan şirkətin səhmləri 90 faizdən çox aşağı dəyərsizləşib.

Musavat.com xəbər verir ki, iqtisadçı-alim, ABŞ-ın Şimali Dakota Universitetinin müəllimi Fariz Hüseynlinin sözlərinə görə, məsələnin kökü hələ 2019-cu ilin yanvar ayında “Financial Times” qəzetində çıxan xəbərlərə qədər gedir: “Məqalədə şirkətin Sinqapurda yerləşən regional mərkəzinin rəhbərliyinin 2018-ci ildə elan etdiyi rəqəmləri saxtalaşdırdığı qeyd edilib. Saxta sənədlərdə müxtəlif Asiya ölkələrindən olan şirkətlərlə əməliyyatlar aparıldığı göstərilir, ancaq əslində, belə investisiyalar-əməliyyatlar mövcud deyil. O vaxtdan Almaniya dövləti araşdırmalar aparırdı. Araşdırmaların yekunu olaraq şirkətin saxta məlumatlar yaydığına qərar verilib. Maraqlıdır ki, şirkətin İdarə Heyəti və Müşahidə Şurası keçən il bu xəbərləri çox da ciddi qarşılamayıb, ancaq bu il vəziyyəti idarə etmək üçün Amerikanın və Avropanın müxtəlif tənzimləyici qurumlarında işləmiş bir mütəxəssisi şirkətin rəhbərliyinə gətirib ki, vəziyyəti düzəltsin. Əlbəttə, 2 milyard dollar çox böyük miqdardır, maliyyə hesabatlarında göstərilən rəqəmlər saxtadır və geri qayıdası deyil”.

Ekspertə görə, bu skandal Amerikanın “Enron” skandalına oxşayır, şirkətin auditoru “Ernst&Young” şirkəti də bu saxtakarlığı vaxtında tutmayıb: “Enron”dan sonra Amerikada Sarbanes-Oxley Aktı qəbul olundu, şirkətlərin korporativ idarəetməsində dəyişikliklər və rəhbərlərin məsuliyyətinin artırılması kimi tələblər qoyuldu. İndi Almaniyada da belə dəyişikliklərin olması gözlənir. Almaniyanın korporativ idarəetmə sistemi səhmdarların qorunmasında Amerika qanunları kimi güclü deyil. Görünür, bu sahədə islahat olacaq, ən azından tənzimləyici qurumların niyə bu boyda saxtakarlığı görməməsi və mediada çıxan xəbərləri vaxtında araşdırmaması, auditorlarla bağlı tədbirlər görməməsi sualları yaranır. Artıq müstəqil hüquq şirkətləri investorların haqqını qorumaq üçün kollektiv ittiham işinə başlayıblar. Almaniyada şirkətlər-banklar-siyasətçilər arasında “sıx” əlaqələr olur və korporativ idarəetmə çox da təsir edə bilmir maraqlar konflikti yarananda. Maraqlı olacaq, korporativ idarəetmə baxımından hansısa islahatlar olacaqmı?”

F.Hüseynlinin fikrincə, buradan Azərbaycan üçün üç nəticə çıxa bilər: Birincisi, müstəqil media və onun araşdırmacı jurnalistikası dövlətə öz vəzifəsini yerinə yetirməkdə kömək edə bilər. Ortada reket jurnalistlər, səviyyəsiz media olmasını istəmiriksə, mütləq surətdə araşdırmaçı jurnalistikaya dəstək verilməli və onların araşdırmalarından hüquqi və iqtisadi tədqiqatlarda, islahatlarda istifadə edilməlidir. Əlbəttə, bunun üçün siyasi iradə və şəffaflığa mütləq zəmanət olmalıdır, çünki araşdırma mövzuları vəzifəli məmurlarla əlaqəli olacaq, demək olar, həmişə.

İkincisi, muhasibat uçotunda mövcud problemlər dərhal həllini tapmalıdır. Muhasibat uçotu təşkilatların bizimlə danışıq dilidir və bu dilin topuq çalmaması, yalan danışmaması üçün onun qrammatikasını düzgün qurmalıyıq. Mən Azərbaycanda istənilən peşə sahibi ilə danışanda həmişə şirkətlərin muhasibat uçotundan gileylənir. Koronavirus pandemiyası da hökumətə acı həqiqəti göstərdi ki, ölçə bilməsən, idarə edə bilməzsən. Ədalətli və effektiv idarə etmək istəyirsənsə, deməli, ölçməyi də bilməlisən.

Üçüncüsü, dünyanın harasında olursan, ol, problemlər həmişə olacaq və kimlərsə saxtakarlıq edərək vəsaitləri mənimsəməyə çalışacaq. Əvvəlcə biz qəbul etməliyik ki, saxtakarlıq və şirkətin, ölkənin vəsaitini şəxsi mənafe üçün mənimsəmək qəbuledilməzdir. Xalq, rəhbərlik mütləq surətdə buna qarşı mübarizə aparmalıdır. Saxtakarlığı aradan qaldıracaq mexanizmləri qurmalıyıq, başqa ölkələrdən öyrənməli, ancaq Azərbaycana xas tərəfləri də əlavə etməliyik ki, bu mexanizmlər işlək olsun. Oturub gözləsək ki, bu mexanizmlər öz-özünə yaranacaq, ya da torpaqlarımızı azad edək sonra, ya da “müharibə şəraitindəyik, rəqəmləri açıqlamayaq” deyib məsuliyyəti öz üzərimizdən atsaq, kənardan heç kim gəlib bizim problemləri həll etməyəcək. Əksinə, illərlə yığılıb qalacaq və ölkəni uçurumun kənarına aparacaq. Düzdür, hərdən ora getmək də yaxşıdır ki, silkələnmə olsun və problemi həll edəcək qətiyyət ortaya çıxsın, amma ağıllı başlar bilir ki, işi vaxtında görərlər, bəhanəsiz-filansız”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148989

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031