Hökumət gələn il ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirəcək
Azərbaycan hökuməti koronavirus pandemiyasının yaratdığı problemlər üzündən ərzaq qıtlığının yaranması ehtimalını nəzərə alaraq gələn ilin dövlət büdcəsində bu sahəyə vəsait ayırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunur. Bildirilir ki, dünyada son dövrdə baş verən hadisələri nəzərə alaraq xərc siyasətinin digər mühüm istiqaməti kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi üçün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq.
Bu əsasda aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, ərzaq istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin təsərrüfat fəaliyyətinin rentabelliyinin artırılması, ərzaq məhsulları istehsalçılarının modernləşdirməyə yönəlmiş investisiyaların, habelə texniki və istehsal innovasiyalarının təşviqi üçün dövlət dəstəyinin həyata keçirilməsi təmin ediləcək.
2021-ci il və orta müddətli dövrdə regionlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı sektorunun inkişafı üçün əlverişli mühitinin formalaşdırılması, kənd təsərrüfatı sektoruna dövlət qayğısının artırılmasının davam etdirilməsi prioritet xərc istiqamətlərindən olacaqdır.
Kənd təsərrüfatı sahəsində dövlət proqramlarının icrası və kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi 2021-ci ildə də davam etdiriləcək.
Büdcə xərclərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Bitkiçilik sahəsinin inkişafı”, “Heyvandarlıq sahəsinin inkişafı”, “Kənd təsərrüfatı sahəsinin istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması”, “Aqrar sığorta bazarının inkişafının dəstəklənməsi”, “Kənd təsərrüfatı ilə əlaqədar istehsal müəssisələrinin, xidmət və ticarət sahələrinin inkişafı”) həyata keçirilməsi nəticəsində əkinlərin becərilməsinin stimullaşdırılması, bitkiçilik sahəsində məhsuldarlığın, məhsuldar və keyfiyyətli toxuma, eləcə də ətə və südə olan tələbatın təmin edilməsində daxili istehsalın payının artırılması və ərzaq təhlükəsizliyi üzrə mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 918 milyon manat maliyyə vəsaiti nəzərdə tutulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=153541