Biznes dövlətin güzəştli kreditlərini almağa tələsmir – səbəblər

05.09.2020 - 10:48

İqtisadçı-ekspert: “Dövlətin təqdim etdiyi güzəştlər çox əlverişlidir, lakin…”

Dünyanın əksər ölkələrində koronavirus pandemiyasının yaratdığı böhrandan zərər çəkən biznesə dəstək mexanizmləri işə salınıb. Xüsusilə inkişaf etmiş ölkələrdə böhranın ağır təsirlərinə məruz qalan biznesə yönəlik çoxmilyardlı proqramlar hazırlanaraq tətbiq olunur. Bu dəstək proqramlarının əsasında dayanan tədbirlərdən ən mühüm biznesin maliyyə imkanlarının genişləndirilməsidir.

İnkişaf etmiş ölkələrin, demək olar ki, hamısında bu məqsədlə hökumətlər biznesə aşağı faizli, əsasən də faizsiz kreditlər ayırırlar. Məsələn, İtaliya hökuməti iyundan başlayaraq biznesin faizsiz kreditləşməsinə büdcədən 200 milyard avro ayırıb. ABŞ-da kreditlər əsasən əmək haqqının saxlanması məqsədilə təklif olunur. Analoji addımı Almaniya, Fransa, Yaponiya, Sinqapur və digər ölkələr də atırlar.

İnkişaf etməkdə olan ölkələr isə bir qayda olaraq aşağı da olsa, kreditləri faizlə ayırırlar. Maraqlıdır ki, çox əlverişli şərtlərlə təklif olunan kreditlərdən istifadə səviyyəsi heç də yüksək deyil. İtaliyada kreditlərin verilməsinə başlanmasından 3 ay keçməsinə rəğmən, biznes ayrılan vəsaitlərin 21 faizindən istifadə edib. Digər ölkələrdə də biznesin kreditlərə marağı böyük deyil. Araşdırmalar göstərir ki, biznesin kreditlərdən faydalanmamasının əsas səbəbi koronavirus pandemiyasının yaratdığı böhrandır. Belə ki, kreditlər əsasən fəaliyyəti tam və ya qismən dayanmış sahələrdə çalışan biznes üçün ayrılır. Həmin sahələrdə fəaliyyətlərin bərpa olunmadığı şəraitdə isə biznes nə qədər əlverişli şərtlərlə də olsa, kredit götürməyə risk etmir. Pandemiyanın davam etməsi, payız-qış aylarında karantin tədbirlərinin sərtləşməsi ehtimalının böyük olması, koronavirusa qarşı effektiv peyvəndin yaxın müddətdə əldə olunmayacağı perspektivi iş adamlarını riskli addımlardan çəkindirir.

Azərbaycanda da pandemiyadan zərərçəkən sahələrdə fəaliyyət göstərən biznes subyektləri üçün kredit dəstəyi iki istiqamətdə təklif olunur. Birinci istiqamət biznes subyektlərinin pandemiyaya qədər almış olduqları 1 milyard manatlıq kreditlərin faizlərinin subsidiyalaşdırılmasıdır. Nazirlər Kabinetinin 2020-ci  il  9 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə onlara subsidiyalar verilir. Bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir. Maliyyələşdirmə mart ayından başlayaraq 12 ay ərzində həyata keçiriləcək. Bu məqsədlə 100 milyon manat nəzərdə tutulub. Bunun 50 milyon manatı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına, 50 milyon manatı isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Faiz subsidiyası 10.03.2020-ci il tarixinə qalıq məbləği 5 milyon manat və ondan az olan kreditlərə verilir. Kredit ödənişləri üzrə 10 mart 2020-ci il tarixinə 60 günədək gecikməsi olan sahibkarlıq subyektləri də bu mexanizmdən yararlana bilərlər.

Hökumət hesab edir ki, bu, zərər çəkmiş sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək. 

Maliyyə Nazirliyinin 2021-ci il üzrə dövlət və icmal büdcələrin ilkin göstəricilərində qeyd edilir ki, koronavirus pandemiyasının (COVID-19) neqativ təsirlərinə məruz qalmış sahələrə dövlət dəstək mexanizmlərinin tətbiq edilməsi, o cümlədən 2021-ci il dekabrın 31-dək sahibkarlıq subyektləri tərəfindən alınmış kreditlərə dövlət zəmanətinin verilməsi və faiz dərəcəsinin subsidiyalaşdırılması tədbirlərinin maliyyə təminatı dövlət büdcəsində nəzərdə tutulub.

Pandemiyadan zərər çəkən sahələrdə çalışan biznes subyektlərinə yönəlik tədbirlərin ikinci istiqamətini yeni biznes kreditlərinə dövlət zəmanətinin və faiz subsidiyasının təqdim olunması təşkil edir. Yeni biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir hissəsinin subsidiyalaşdırılması mexanizmi çərçivəsində ümumi kredit portfeli 500 milyon manatdır. Mexanizm Elektron Kredit Platforması vasitəsilə icra olunur. Dövlət zəmanəti məbləği 3  milyon manatadək; illik faiz dərəcəsi 15 faizədək; müddət 3 ilədək; güzəşt müddəti 12 ayadək olmaqla kreditlərin 60 faizədək hissəsinə verilir.  Subsidiya kreditlərin illik faiz dərəcəsinin 50%-i həddində verilir (yəni müştəri 15 faizlik kreditin yalnız 7.5 faizini ödəyəcək, digər hissə dövlət tərəfindən ödəniləcək).

Qeyd edək ki, hər iki güzəştdən pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəaliyyət növləri ilə məşğul olan biznes yararlana bilər. Bu fəaliyyət növləri ictimai iaşə, istehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna), idman-sağlamlıq obyektləri, topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olmaqla), yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektləri, turoperator və turagent, avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, bərbərxanalar, gözəllik salonları, hazırlıq (tədris) və ixtisasartıma kursları, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzləri, özəl təhsil müəssisələri (o cümlədən uşaq bağçaları), ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə), sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zalları, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləridir.

Hazırda Azərbaycanda bankların təklif etdiyi adi kreditlərin faizi minimum 16,5-dən başlayır, müddət 18 ayı əhatə edir. Yəni kreditlər yüksək faizlə, özü də qısa müddətə təklif olunur. Bu şəraitdə biznesin dövlətin təklif etdiyi kifayət qədər cəlbedici kreditlərə marağı böyük olmalıdır. Bank sahəsində çalışan şəxslərlə apardığımız müzakirələr göstərir ki, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlar tərəfindən dövlətin təklif etdiyi kreditlərə maraq kifayət qədər aşağıdır: “Dövlət uzun illərdir ki, banklar vasitəsilə biznesə güzəştli kredit ayırır. Bu kreditin şərtləri adi biznes kreditlərindən çox sərfəlidir. Lakin bir çox hallarda bu kreditlərdən bəhrələnmək hər kəsə nəsib olmurdu: kimin himayəçisi vardı, o da kredit ala bilirdi. Buna görə də iş adamları arasında dövlətin indi təqdim etdiyi kreditlərə müraciət edənlərin sayı azdır. Həm də 2015-2016-cı illərdəki böhran zamanı əksər sahibkarların kredit ödəmək imkanları məhdudlaşdı, gecikmələr qeydə alındı. Dövlət isə devalvasiyalara görə fiziki şəxslərə dəyən zərəri qarşıladı, biznesə belə dəstək verilmədi. Buna görə də indiyədək aldığı kreditlərə qaytara bilmədiyinə görə kredit tarixçəsi qara siyahıya salınan sahibkarlar kifayət qədər çoxdur. Bu, onların yenidən kredit almaq üçün müraciət etmələrinə imkan vermir”.

Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var

Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, dövlətin təqdim etdiyi güzəştlər kifayət qədər əlverişlidir: “Bu addımlar biznes üçün yetərincə böyük dəstəkdir. Əvvəlki şərtlərlə müqayisədə bu dəstəyi əhəmiyyətli dərəcədə müsbət qiymətləndirmək olar. Bu gün Azərbaycanda kredit şərtləri sahibkarlıq subyektləri üçün kifayət qədər yüksəkdir. Bu baxımdan, dövlətin təqdim etdiyi güzəştlər çox əlverişlidir. Lakin hazırda biznesin o krediti götürməsi sərfəli deyil. Ona görə ki, kreditin verilməsi nəzərdə tutulan sahələr pandemiyadan ən çox zərərçəkən sahələrdir. Onların əksəriyyətində fəaliyyət hələ də bərpa olunmayıb (turagent, ictimai iaşə və sair), yaxud qismən bərpa olunub. Kredit nə qədər əlverişli şərtlərlə təklif olunsa belə, sahibkarlıq fəaliyyəti üçün şərtlər yoxdursa, onu götürməyin mənası da qalmır: sahibkar hətta faizsiz krediti belə qaytarmaq üçün işləməli, qazanc əldə etməlidir. İşləmirsə, onun krediti qaytarmaq imkanı olmayacaq. Buna görə də biznes hələlik kredit götürməyə tələsmir”.

Ekspert hesab edir ki, dövlət 15 faizədək olan kredit faizlərinin yarısını subsidiyalaşdırır, qalan yarısı isə yenə də yüksəkdir: “7,5 faiz heç də aşağı faiz deyil. Xüsusilə pandemiyaya görə biznesin fəaliyyətini tam bərpa edə bilmədiyi bir dövrdə bu, kifayət qədər yüksək faizdir. Bu baxımdan, subsidiyanın faizlərin daha çox hissəsinə verilməsi doğru yanaşma olardı. İkinci bir tərəfdən, bu güzəştlərdən yalnız 60 gündən yuxarı gecikdirməsi olmayan sahibkarlar yararlana bilirlər. Bu isə problemli kreditləri olan sahibkarların kənarda qalması deməkdir. Halbuki bu gün çoxlu sayda sahibkar var ki, gecikmələri devalvasiyalar üzündən baş verib. Düşünürəm ki, biznesə digər dəstək tədbirləri də atılmalıydı. Xüsusilə kredit tətillərinin verilməməsi biznes üçün ciddi problemlər yaradıb. Son 5 ayda fəaliyyəti olmayan sahibkar kreditlər üzrə ödənişlərdən azad olunmalı idi. Lakin belə azadolma tətbiq olunmadı, xeyli sayda biznes subyekti bu səbəbdən böyük çətinliklərlə üzləşib. Bundan əlavə, faizlərin subsidiyalaşdırılması, həmçinin dövlət zəmanətinin verilməsi daha yüksək məbləğləri əhatə edə bilərdi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153645

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930