Qazaxın 7 kəndi də Azərbaycana qaytarılacaq – Ərdoğan məsələyə nöqtə qoydu

14.11.2020 - 10:44

Arzuman Əbdulkərimov: “Azərbaycan yenidən torpaqlarını işğaldan azad etmək üçün əməliyyatlar həyata keçirmək hüququnu özündə saxlayır”

Qazaxın işğal altındakı kəndləri də noyabrın 20-nə qədər Ağdamın düşmən tapdağında olan torpaqları ilə birlikdə Azərbaycana qaytarılacaq. Noyabrın 10-da Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmanın bəndlərindən biri də budur. Düzdür, anlaşmanın ilk anlarında hər kəsdə bu kəndlərin taleyinin necə olacağı barədə sual yaranmışdı. Çünki bəndlərdə bu məsələ nəzərə çarpmırdı.

Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışlarının birində müəmmalı durumu çözdü. Cümhurbaşqanı Qazaxın yeddi kəndinin də Azərbaycana qaytarılacağını söylədi.

Əslən Qazaxdan olan Ana Vətən Partiyasının sədr müavini Arzuman Əbdulkərimov bir az narahatdır: “Bu mövzu ilə bağlı uzun illərdir ki, həm beynəlxalq konfranslarda, həm də yerli və xarici mətbuatda mütəmadi olaraq çıxışlar edirəm. Son bəyanatdan sonra bizdə də ümidlər yaranıb ki, Qazaxın bu kəndləri də ölkəmizə qaytarılacaq. Bilirsiniz ki, bəyanatda ilk versiyadan sonra ciddi dəyişikliklər baş verdi. İlk sənəddə Qazaxın yeddi kəndi ilə bağlı problemin həllinə rast gəlmirdik. Sonradan bu bəyanatın şərh hissəsində olduğu bildirildi. Bununla bağlı mənə çoxsaylı suallar ünvanlandırılırdı. Çünki hər kəs bilir ki, bu problemlərlə daim məşğul olmuşam. Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, ayın 20-nə qədər Ağdam və Qazaxın işğal altındakı torpaqları Azərbaycan tərəfə qaytarılacaq. Bundan sonra düşünürəm ki, Türkiyə kimi böyük dövlətin cümhurbaşqanı ən azından buna əmin olmasaydı, belə bəyanat səsləndirməzdi. Bizdə bu barədə bir əminlik yaranıb. Amma bildiyiniz kimi qarşıdakı düşmən ermənidir. Erməniliyin özü bir yalan üzərində qurulub. Biz onların dediklərinə nə qədər arxayın ola bilərik, bunu deyə bilmərəm. Çünki biz mənfur qonşulardan daim xəyanət görmüşük. Bu baxımdan bu gün də düşünürəm ki, onlar vədlərini tutmaya bilərlər. Amma bildiyiniz kimi dövlət başçımız, Ali Baş Komandan bəyan etdi ki, hər hansı bir mərhələdə bu bəyanatda olan razılaşmalar pozularsa, Azərbaycan yenidən torpaqlarını işğaldan azad etmək üçün əməliyyatlar həyata keçirmək hüququnu özündə saxlayır. Əgər ermənilər tərəfindən bu anlaşmalar pozulacaqsa, düşünürəm ki, biz yenidən ordumuzun gücü ilə antiterror əməliyyatlarımızı davam etdirə bilərik”.

https://i2.wp.com/yenicag.az/files/uploads/2019/09/arzuman_abdulkerinmov_4-1.jpg?resize=500%2C333&ssl=1

Arzuman Əbdulkərimov

A.Əbdulkərimov daim torpaqlarımızın azad ediləcəyinə inandığını söylədi: “Şükürlər olsun ki, mən hər zaman torpaqlarımızın işğaldan azad olunacağı günə inanmışam. Buna Azərbaycanın iqtisadi baxımından olan gücünə görə əminliyim olub. Eyni zamanda, ordumuzun son dövrlərdə daha müasir texniki təchizatla təmin olunması prosesinin şahidi olmuşam. O da məni inandırıb ki, ərazilərimiz işğaldan azad ediləcək. Bundan əlavə, hər zaman Ali Baş Komandanın, cənab İlham Əliyevin verdiyi vədləri bir qayda olaraq yerinə yetirdiyinin şahidi olmuşam. Bu mənada məndə heç zaman torpaqlarımızın azad edilməsinə dair şübhələr olmayıb. Bildiyiniz kimi adicə iki ay öncəyə qədər bəzi insanlarda narahatçılıq, inamsızlıq var idi ki, müharibə etməyəcəyik. Amma gördünüz ki, bir anın içərisində proses dəyişdi. Bu an qısa görünə bilər. Amma unutmayaq ki, bu an on illər çəkdi ki, biz bu prosesə hazırlaşdıq. Əmin olandan sonra ki, biz bu müharibədə qələbə çala bilərik, ondan sonra bu addımı atdıq. Dövlət başçımız nəyi nə vaxt, hansı gündə edəcəyini yaxşı bildiyini də elan etdi. O günə inanırdım və şükürlər olsun ki, o gün gəldi və bu məsələdə biz haqlı çıxdıq”.

AVP sədrinin müavini düşmənin işğalı altına düşən bir qarış torpağın belə müqəddəsləşdiyini qeyd etdi: “Torpağın az-çoxu olmur. Bir qarış torpaq da işğalda qalırsa, o torpaq müqəddəsliyə çevrilir, yəni müqəddəs olur. Hər zaman da belə olur. Bu baxımdan onun əhəmiyyətini heç bir ölçü ilə ölçmək mümkün deyil. Cənab prezident də dediyi kimi , işğal altındakı torpaqlarımız bizim üçün artıq milli qürur məsələsidir, bizim üçün mənəvidir. Qazaxın işğal altındakı torpaqları turistik baxımından ən gözəl yerlərdən biridir. Orada meşələrdə olan ağaclarımız var ki, ”Qırmızı kitab”a düşüb. Eyni zamanda, həmin kəndlərin sakinləri məcburi köçkün həyatı yaşayırlar. Düzdür, Qazaxda onlara gözəl şərait yaradılıb. Amma unutmayaq ki, hər kəs öz torpağında, ocağında yaşamaq istəyir. Bir də İslami və türk mentalitetindən gələn bir dəyərimiz var. Biz həyatdan gedəndə öz doğulduğumuz torpaqda dəfn olunmağı arzulayırıq. Allah bizə nəsib etsin ki, bütün işğal altındakı torpaqlarımızı hər metrinə qədər qaytaraq və sonunda həyatlarımızı öz doğulduğumuz torpaqlarda başa vuraq. Bu məsələnin mənəvi tərəfləridir. Düşünürəm ki, son 30 ildə ermənilərin bizə orada vurduqları ziyanlar hərtərəfli hesablanmalıdır. Gələcəkdə Ermənistana qarşı qaldırılacaq iqtisadi məhkəmələrdə Qazaxın yeddi kəndinə dəyən ziyan da onların əleyhinə çevriləcək”.

Müsahibimiz beynəlxalq aləmdə bəzən Qazaxın işğal altındakı torpaqlarının Qarabağ əraziləri kimi düşünüldüyünü də söylədi: “Parisdə insan haqları ilə bağlı bir tədbirə qatılmışdıq. Fransanın tanınmış adamları və bir sıra ölkələrdən nümayəndələr var idi. Böyük bir tədbir idi. Dilqəm və Şahbazın azad olunmaları barədə biz əsasən o tədbirdə iştirak edirdik. Mən fürsətdən yararlanıb, Qazaxın yeddi kəndindən söz açdım. Bilirsiniz ki, Qarabağ danışıqları prioritet olduğu üçün Qazaxın yeddi kəndi hardasa bu mərhələdə diqqətə çatdırılmırdı. Amma bir qazaxlı kimi bu məsələni daim diqqətə çatdırmağı özümə borc bilmişəm. Orada iştirakçılardan mənə yaxınlaşanlar oldu ki, bəs bu ərazilər Qarabağ deyilmi? Bildirdim ki, bu kəndlər Qarabağdan 200-250 kilometr kənarda olan bir yerdir, Gürcüstan-Ermənistan sərhədində yerləşir, oradan böyük tranzit yolları həm Ermənistana, həm də Gürcüstana keçir. Orada məsələ qaldırdım ki, ermənilər deyir ki, Dağlıq Qarabağdan kənar rayonları bufer zona olaraq işğal etmişik, bəs Qazaxın torpaqlarını niyə işğal ediblər? Onlar da mənə sual verdilər ki, bəs o zaman niyə işğal ediblər? Mən də dedim ki, biz bunu sizdən soruşuruq, Fransa həmsədr ölkədir və daha ətraflı cavab verə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157206

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30