Azərbaycanın meqalayihəsinə Qərbin dəstəyi davam edəcək
Ekspert: “Azərbaycan enerji təhlükəsizliyinin üç əsas göstəricisini təmin edib”
Avropa Komissiyası Azərbaycan qazını Balkanlara və İtaliyaya çatdıran Trans-Adriatik Boru Kəmərinin (TAP) istismarına başlanmasını alqışlayıb. Bu barədə “Euractive” xəbər portalında yayımlanan “Komissiya Xəzər qazının Avropa İttifaqı ölkələrinə gəlməsini alqışlayır” adlı məqalədə məlumat verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin xəbərinə görə, məqalədə Avropa Komissiyası Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP-ın istismarına başlanılmasından məmnundur. “Euractiv”ə şərh verən Avropa Komissiyasının sözçüsü Tim Makfi deyib ki, Avropa İttifaqının rəhbərliyi Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən və Xəzər dənizində hasil edilən təbii qazı Avropa istehlakçısına çatdıran TAP kəmərinin fəaliyyətə başlamasını alqışlayır.
Onun sözlərinə görə, bu layihə seçimi və rəqabəti artıracaq, enerji təhlükəsizliyini inkişaf etdirəcək və xüsusilə də İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Avropanın Cənub-Şərq regionunda qaz tədarükünü şaxələndirəcək: “TAP – Avropa İttifaqının ümumi maraqlarını təmin edən layihədir və Cənub Qaz Dəhlizinin vacib hissəsidir”.
Bu, Avropa İttifaqının Cənub Qaz Dəhlizi, onun mühüm tərkib hissəsi olan TAP-a yönəlik ilk dəstək nümayişi deyildi. Avropa Komissiyası TAP-ı qaz nəqlinə dair yeni direktivlərin tətbiq dairəsindən çıxarıb. Bu isə kəmərlə digər, xüsusilə rəqib tərəflərin qaz nəqlinin qarşısını alır. Xatırladaq ki, Avropa İttifaqı Rusiyadan Almaniyaya qaz nəql edəcək “Şimal Axını-2″ qaz kəmərini bu tələbin əhatə dairəsinə daxil edib. Tələbə əsasən kəmərin ötürücülük gücünün 30 faizi qaz nəqli üçün digər maraqlı tərəflərə təqdim olunmalı, nəql olmasa belə bu həcm boş saxlanmalıdır.
Bundan əlavə, Avropa İttifaqı Azərbaycan qazının Avropaya nəqlini daim aktiv şəkildə dəstəkləyib. Bunun əsas səbəbi, əlbəttə, layihənin qoca qitənin qaz təchizatında bir mənbədən asılılığının azalmasına verəcəyi töhfədir. Belə ki, layihənin tərkib hissəsi olan TAP Bolqarıstanın qaz ehtiyacının 33 faizini, Yunanıstanın 20 faizini, İtaliyanın isə təxminən 10,5 faizini qarşılayacaq.
Azərbaycanın meqalayihəsi ABŞ tərəfindən də birmənalı şəkildə dəstəklənib. Layihənin həyata keçirildiyi müddətdə ABŞ-da hakimiyyətdə olan prezidentlər Obama və Tramp daim layihənin irəliləməsi üçün siyasi dəstək nümayiş etdiriblər. Nüfuzlu analitik mərkəzlər qlobal iqlim dəyişikliyi problemlərinə xüsusi önəm verən Co Bayden hakimiyyətinin də CQD-ni dəstəkləməyə davam edəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP kəməri ilə “Şahdəniz-2″ layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
Fatih Dönməz
“Şahdəniz-2″ yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Türkiyə-Yunanıstan sərhədində TAP-a ötürülür. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin verdiyi məlumatdan aydın olur ki, 2018-ci ilin iyunun 30-dan – istismara veriləndən bu günə qədər TANAP-la 8,1 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyəyə nəql edilib. Bakı-Tiflis-Ərzurum boru xətti ilə isə bu günə qədər 71 milyard kubmetr həcmində təbii qaz nəql olunub: ”Biz TANAP-ın davamı olan və Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Qaz Kəmərinin (TAP) fəalliyyətə başlamasını da həyata keçirmişik. Artıq bu boru kəməri ilə 70 mln kubmetr qaz Avropaya göndərilib. Ən yaxın zamanda kommersiya qazının da nəqlinə başlanmasını gözləyirik. Bununla da Avropanın təbii qaz təhlükəsizliyi baxımından fəaliyyətimiz tamamlanmış olacaq. Enerjinin “İpək yolu” Avropaya çatıb”.
CQD-nin uğurla icrası Azərbaycana daha bir problemin həlli imkanı yaradıb. Söhbət Naxçıvan Muxtar Respublikasının qaz təchizatından gedir. İki gün əvvəl Azərbaycan və Türkiyənin energetika nazirliləri Türkiyənin İqdır bölgəsindən Naxçıvana qaz kəmərinin çəkilməsinə dair anlaşma memorandumu imzalayıblar. Mərasimdə F.Dönməz qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına qazın tədarükü Türkiyə üzərindən həyata keçiriləcək: “Bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qazı olacaq. SOCAR Türkiyənin BOTAŞ şirkəti ilə bunun uğurla həyata keçirəcək. İğdır üzərindən Naxçıvana qaz çatdırılması ilə Qarabağın işğalının ortaya çıxardığı yaralardan biri də sağalmış olacaq. Bununla da Naxçıvana Qarabağın işğalından əvvəl olan etibarlı qaz təminatı təmin ediləcək. Bu boru kəmərinin İğdırdan Naxçıvana – Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edir. Boru kəməri illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək”.
Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadənin sözlərinə görə, enerji təhlükəsizliyinin üç əsas göstəricisi mövcuddur: “Bunlar təchizatın şaxələndirilməsi, enerjinin ucuz təmin edilməsi və enerjinin fasiləsiz təmin edilməsidir. Azərbaycan İğdır-Naxçıvan qaz boru kəmərinin həyata keçirilməsi ilə bu üç əsas elementi həyata keçirməklə enerji təhlükəsizliyini gücləndirmiş olacaq”(Report).
Ekspert deyir ki, ilk növbədə Naxçıvan təbii qaz təchizatını şaxələndirmiş olacaq: “Bu, bizim üçün olduqca əhəmiyyətlidir. Çünki enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bir mənbədən asılı olmaq ciddi risklər meydana gətirə bilər. Başqa sözlə, texniki və ya müxtəlif səbəblərə görə təbii qazın verilməsində müəyyən fasilələr yarana bilər ki, bu da öz növbəsində, iqtisadi baxımdan böyük fəsadlar ortaya çıxara bilər. Digər tərəfdən, tək mənbədən asılı olduğunuz zaman, bu qiymətlər üzərində də öz mənfi təsirini göstərir. Yəni qiymətlə bağlı bazarlıq etmək şansı çox aşağı olur və ya bir çox halda heç olmur. Qarşı tərəfin təklif etdiyi şərtlər ilə razılaşmalı olursunuz. Bu isə qarşı tərəfdən asılılığı artırır”.
Emin Axundzadə
E.Axundzadə deyir ki, Azərbaycan tərəfi bunu bundan əvvəl müşahidə edib: “Hazırda Naxçıvana təbii qaz Azərbaycan və İran arasında svop müqaviləsi əsasında təmin edilir. Bu müqaviləyə əsasən, Azərbaycanın Naxçıvana göndərdiyi hər 1 000 kubmetr təbii qazın 15 faizi ”tranzit haqq” olaraq İran tərəfinə verilir. Dünya təcrübəsinə və oxşar müqavilələrə baxdığımız zaman məlum olur ki, bu, çox yüksək bir qiymətdir. Hazırda Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə nəql etdiyi təbii qazın müqabilində Gürcüstana 5 faiz tranzit haqqı ödəyir. Dünya təcrübəsində də 5 faiz məqbul rəqəm olaraq dəyərləndirilir. Ancaq bununla belə, Azərbaycan hazırda Naxçıvana nəql olunan təbii qazın müqabilində dünya ortalamasından 3 dəfə çox tranzit haqqı ödəyir. İğdır-Naxçıvan qaz boru kəməri isə təchizat şaxələndirilməsinin həyata keçirilməsinə imkan verəcək, nəticədə Azərbaycan yüksək tranzit haqqından qurtula biləcək”.
Onun sözlərinə görə, boru kəmərinin inşası təqribən 270 günlük bir dövrü əhatə edəcək, ondan əvvəl isə mühəndislik, satınalma, təchizat və digər çalışmalarla bərabər 2022-ci ilin ortalarında bu kəmərin istifadəyə verilməsi nəzərdə tutulur: “Təbii ki, bu da öz növbəsində bölgə iqtisadiyyatının canlanmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Nəzərə alsaq ki, boru kəmərinin tikintisi müddətində inşaat, dəmir-polad, xidmət və digər bir neçə sektor faydalanacaq, deməli boru kəmərinin məcmu faydası bölgə iqtisadiyyatı üçün nəzərdə tutulan investisiya miqdarından dəfələrlə çox olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=158517