2021-ci il üçün neft və manat proqnozları – ekspert rəyi

26.12.2020 - 10:29

Natiq Cəfərli: “Dünyada neft istehlakının tam yarısını təşkil edən amil-daxili yanma mühərriki yaxın 10 ildə sıradan çıxaracaq”

Azərbaycan iqtisadiyyatı üçün mühüm olan iki əsas amildən biri neftin qiymətidirsə, ikincisi də manatın məzənnəsidir. Bu iki amil bir-biri ilə düzmütənasiblik təşkil edir. Yəni neftin qiyməti nə qədər yüksək olarsa, manatın məzənnəsini qorumaq imkanları bir o qədər artır. Bu mənada bir neçə gün sonra qarşılayacağımız 2021-ci ildə iki istiqamət üzrə proqnozların necə olacağı vətəndaşları çox düşündürür. Qeyd edək ki, dünyada pandemiyanın artıq üçüncü dalğası start götürsə də, əksər dövlətlərdə peyvəndin tətbiqinə başlanılması, yaxın vaxtlarda iqtisadiyyatın bərpa olunacağını deməyə əsas verir ki, bu da neftin qiyməti ilə bağlı pozitiv proqnozları artırır. Son məlumata görə, dünya birjalarında neftin qiyməti artıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 0,11 ABŞ dolları və ya 0,23% artaraq 48,23 dollar təşkil edib. ICE London qitələrarası birjasında “Brent” markalı neftin qiyməti isə 0,09 dollar və ya 0,18% artaraq 51,29 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,08 dollar ucuzlaşaraq 50,97 dollar təşkil edib. Gözləntilər onu deməyə əsas verir ki, növbəti ildə neftin qiyməti 50-60 dollar dəhlizində dəyişəcək. Dövlət büdcəmizdə isə neftin 1 bareli 40 dollardan hesablanacaq.

Belə olan halda, manatın durumuna gəlincə, devalvasiyanın olacağı ilə bağlı proqnozlar artmaqdadır. Ümumilikdə isə bu daha çox xarici şoklardan asılı olacaq. Mərkəzi Bankın sədri Elman Rüstəmov son açıqlamasında bildirib ki, devalvasiya üçün əsas yoxdur. Lakin AMB sədrinin bu cür açıqlamalarının ardından adətən kəskin devalvasiya qərarı  gəldiyi üçün bu ifadə də əhalini qane etməyib. E.Rüstəmov devalvasiya proqnozlarını şayiə adlandırıb: “Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın”

E.Rüstəmov devalvasiyanı təhlükəli və yolverilməz bir hal kimi təqdim etsə də, iqtisadçılar manatın 3 ildir sabit məzənnə sərgiləməsinin iqtisadiyyata zərərli olduğunu bildirir və yumşaq devalvasiyanın faydalı olacağından bəhs edirlər.

Bəs görəsən, növbəti il neft və manat ətrafında baş verəcəklərlə bağlı proqnozlar necədir?

 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, neftin qiymətini proqnozlaşdırmaq son zamanlar daha çox çətinləşib: “Çünki xəbər axınlarındakı yeniliklərə kifayət qədər həssas olub. Vaksinasiya xəbərləri dalğasında dekabrın ortalarından başlayaraq bir yüksəliş trendi yaşandı. Dünyada vaksinlərin pandemiyaya  çox ciddi təsir edəcəyi ehtimalı ilə neft qiymətləri 40-45 dollardan 50-51 dollara qədər yüksəldi. Hətta 52 dollara yaxınlaşdı. Sonradan virusun mutasiyaya uğraması xəbəri ilə yenidən 49 dollara düşdü. Bu gün isə artıq yenidən 50 dolları keçib. Neftin gündəlik qiymət oynamalarını bir kənara qoyub trenerləri və birja oyunçularını maraqlandıran məsələlərə baxmaq lazımdır. Dövlətləri, ölkələri maraqlandıran məsələ orta və uzunmüddətli strateji hesablanmalara əsaslanmalıdır. Neftə tələbatın hansı formada dəyişəcəyini yaxın gələcək üçün ön görmək mümkündür. Dünya yaşıl iqtisadiyyata keçir, bir çox ölkələr radikal qərarlar alırlar. Məsələn Qərbi Avropa ölkələri 2025-ci ildə daxili yanma mühərrikindən tamamilə imtina edirlər. 2030-cu ildə Böyük Britaniya və Amerika imtina etməyi düşünür. Çin də 2030 –cu ildə daxili yanma mühərrikindən imtina edəcəyi ilə bağlı bəyanatlar səsləndirdi. Daxili yanma mühərriki isə neft istehlakının 40 faizi deməkdir. Dünyada neft istehsalının 40-45 faizi aviasiya sahəsi də daxil olmaqla daxili yanma mühərrikində istifadə olunur. Bu da gündəlik 45 milyon barel neft istehlakı deməkdir. Pandemiyadan öncə dünyada gündəlik neft istehlakı 100 milyon barel idi, indi isə 93 milyon barelə düşüb. Gündəlik təxminən 45 milyon barel neft daxili yanma mühərrikində, 5 milyon barel də daxili yanma mühərriklərinin yağlanması prosesində istehlak olunur. Dünyada neft istehlakının tam yarısını təşkil edən amil yaxın 10 ildə sıradan çıxaracaq. Bu da o deməkdir ki, dünyada neft  hasilatının azalması qiymətləri daim basqı altında saxlayacaq”.

Natiq Cəfərlinin sözlərinə görə, gələn ilin neft hadisələrinə nəzər salsaq, İranın bazara qayıtması gözlənilir: “ABŞ-ın yeni prezidenti Co Bayden and içdikdən masaya oturmaq və tətbiq olunan sanksiyaların addım-addım yumşaldılması  ilə bağlı qərar verəcəyini öncədən açıqlayıb. İran prezidenti də bu yaxınlarda dövlət neft şirkətinə tapşırıq verdi ki, hasilatla bağlı ciddi işlər görülsün, ixracatın dəfələrlə artırılması istiqamətində hazırlığa başlanılsın. İran indi gündə cəmi 300 min barel neft sata bilir. Amma 3 ay müddətində bunu 3 milyon barelə qədər , yəni 10 dəfə artıra bilər. Liviyada hasilat yenidən başlayır və gələn il neft hasilatı 1,5 milyon barelə çatacaq. Bu da neft bazarına ciddi mənfi təsir göstərəcək. Bütün bu amilləri nəzərə alsaq, yaxın gələcəkdə neft qiymətlərinin yüksəliş trendinə keçməsi ehtimalı çox aşağıdır. Ən yaxşı halda 40-50 dollar dəhlizində qalması mümkündür. Azərbaycan büdcəsində də 40 dollardan götürülüb və bu çox doğru konservativ yanaşmadır”.

İqtisadçı vurğuladı ki, pandemiya dünya iqtisadiyyatında çox dərin yaralar açıb, böhran yaradıb və növbəti ildə bunun təsirlərini Azərbaycan da yaşayacaq: “Bir çox iqtisadçıların, dünyanın aparıcı banklarının analitik mərkəzlərinin hesablamalarına görə, biz  2019-cu ildəki vəziyyətə ən yaxşı halda 2023-24-cü illərdə qayıda bilər. Ona görə də, bu durumun Azərbaycana da mənfi təsirləri var. ÜDM azalıb, insanlarıln gəlirləri azalıb, işsizliklə bağlı artım var, rəsmi işsizlik səviyyəsi birdən –birə 600 min nəfərə qaldırıldı və bu da son rəqəm deyil. 2021-ci il Azərbaycan üçün heç də asan keçməyəcək. Bizim xərclərimiz artır, ancaq gəlirlərimiz artmır. Gələn il gömrükdən gələn gəlirlərin cəmi 70 milyon manat artması nəzərdə tutulur. Bu da aşağı rəqəmdir. Vergi daxilolmalarında hətta azalma ola bilər. Neft Fondundan 12,2 milyard manat xərcləyəcəyik. Bu il də , gələn il də Neft Fondu qazandığından iki dəfə artıq xərcləməyə məcbur qalır. Bu da ciddi təhlükədir, DNF ehtiyatları tükənə bilər. 2021-ci ildə də ciddi problemlər davam edə bilər. 2021-ci ilin dövlət büdcəsi keçid dövrü üçün müvəqqəti büdcədir, tələsik hazırlanıb və ciddi analitik araşdırmalara hesablanmayıb. Müdafiə xərclərinin və Qarabağla bağlı bərpa xərclərinin müəyyənləşdirilməsindən başqa, ciddi bir dəyişiklik olmadı. Ona görə hesab edirəm ki, gələn ilin may ayında biz dünyada gedən proseslərə uyğun olaraq büdcə dəyişikliklərinin şahidi olacağıq”.

Manatla bağlı vəziyyətə gəlincə, N.Cəfərli vurğuladı ki, burada bazar iqtisadiyyatı qanunları işləmir və məzənnə inzibati qaydada tənzimlənir: “Birja və qiymətli kağızlar bazarı yoxdur. Məntiq onu deyir ki, manatın bir qədər ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün daha doğru olardı. Həm dollar ehtiyatlarına qənaət , həm də istehsalın artmasının stimullaşdırılması üçün manatın ucuzlaşması doğru addım olardı. Ancaq indi karantin dövründə hökumətin bu addımı atacağı ilə bağlı ehtimal aşağıdır. Ancaq mart ayına doğru pandemiya bitsə və dünya rahat nəfəs almağa başlasa, yəqin ki, ilin ilk aylarından sonra manatın taleyi ilə bağlı müəyyən qərarlar alına bilər. Ən azından qonşu ölkələrin milli valyutaları, əsasən də bizim ticarət tərəfdaşlarımız olan, rus rublu, türk lirəsi, Gürcüstan larisi, Qazaxıstan təngəsi dəyərdən düşdükcə həmin ölkələrdən idxal stimullaşır, bu ölkələrin istehsalçılarının donoruna çevrilirik. Bizə ötən onillikdə bu yolu getmişik, bunun faciəvi nəticələrini gördük, manat 3 dəfə devalvasiyaya uğradı. Yenə eyni yolu israrla getsək, nəticələri çox ağır ola bilər. Mən yumşaq və addım-addım devalvasiyanın tərəfdarıyam”.

Short URL: http://www.cumhuriyyet.net/?p=158861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728