Qiymətlər niyə artır – ekspertlər obyektiv və subyektiv faktorları açıqladı

09.02.2021 - 10:21

Dövlət Xidməti isə bazarda əsassız qiymət artımı qeydə almayıb

Son günlər qiymətlərin bahalaşması ilə bağlı müzakirələr ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Tarif Şurasının dizel və benzinin, daha sonra əhali üçün içməli su tariflərinin artırılmasına dair qərarları, həmçinin dünya bazarında ərzaq qiymətlərində müşahidə olunan bahalaşmalar fonunda Azərbaycanda da qiymətlərin artması qeydə alınmaqdadır.

Düzdür, qiymətlərdə artım bəzi sosial şəbəkə istifadəçilərinin iddia etdiyi kimi, 20-30 faiz olmasa da, 10-15 faizə yaxın olmaqla diqqəti cəlb edir. Artımlar həm ərzaq, həm də qeyri-ərzaq, xüsusilə də məişət texnikası, elektronika və tikinti məhsullarında qeydə alınmaqdadır.

Bir sıra pərakəndə satış obyektlərində apardığımız müşahidə və söhbətlərdən məlum oldu ki, tikinti məhsullarında bahalaşma dekabr ayından başlayıb, özü də əsasən yerli istehsal məhsullarında. Məsələn, “Norm” sement kisələrinin biri 5,8-6 manatdan 7-7,2 manata qədər bahalaşıb. Elə bir sıra ərzaq məhsularının qiyməti də noyabr-dekabrdan yüksəlib. Bura duru yağlar, çay, yumurta və sair aiddir. Hazırda isə bir sıra kərə yağları, pendir, un və sair məhsullarda qiymət artımı baş verib.

Elektronika və məişət texnikasının qiymətində də 15 faizə yaxın bahalaşma var. Bunun əsas səbəbi olaraq dünyada daşıma xərclərinin artması göstərilir. Belə ki, dekabr ayından bəri dəniz nəqliyyatı ilə 1 konteynerin daşınması 1500-1600 dollardan 8-9 min dollara qədər bahalaşıb. Bu faktor ərzaq qiymətlərinə də təsir göstərir. Bundan əlavə, son aylarda dünya ərzaq bazarındakı bahalaşma idxal olunan ərzaq məhsullarının qiymətində 5 faizədək artıma səbəb olub.

Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 2,6 faiz yüksək olub. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,8 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 4,5 faiz yüksəlib.

Komitə ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşmanı unun, qarabaşaq yarmasının, makaronun, spagettinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, xiyarın, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, kartofun, soğanın, sarımsağın, şəkərin, şəkər tozunun, meyvə şirəsinin, ucuzlaşmanı isə əsasən mal ətinin, dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, kivinin, şabalıdın, pomidorun, yerkökünün qiymətlərində qeydə alıb. 2020-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 1,2 faiz bahalaşıb.

Onu da qeyd edək ki, komitə hələ yanvar ayına dair məlumatı açıqlamayıb. Amma hökumətin 2021-ci ildəki inflyasiya gözləntiləri 3 faiz ətrafındadır. Lakin Tarif Şurasının qərarlarından sonra bu inflyasiyanın daha yüksək olacağı gözlənilir.

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, mövcud bahalaşmanın əsasında Tarif Şurasının qərarları dayanır: “Yanvarın əvvəlində dizelin qiymətinin 34 faizə yaxın artması bütün ərzaq məhsullarının ortalama 10 faiz civarında, bəzi məhsullarda 20-30 faiz bahalaşmasına səbəb olub. Yazdan başlayaraq yerli aqrar məhsullar artıq yeni, 2020-ci ilin yaz-yayına nisbətən daha baha qiymətə bazara çıxarılacaq. Çünki aqrar sektorda maya dəyərinin 30-40 faizini məhz dizel yanacağı təşkil edir. Bahalaşmanın digər səbəbi dünyada ərzaq məhsullarında müşahidə olunan artımdır. Ötən ilin eyni dövrünə görə ümumi ərzaq indeksi 8-10 faiz bahalaşıb. Biz də idxaldan asılı ölkə olduğumuza görə düny bazarında baş verən proseslər bizim də bazarımıza təsirsiz ötüşmür. Bahalaşmaya gətirən subyektiv səbəblər sırasında rəqabətli mühitin zəif olmasını qeyd etmək olar. Pərakəndə bazarda rəqabət az-çox təmin olunsa da, topdansatışda bunu demək mümkün deyil. Ölkəyə mal idxalında dominant rol az sayda şirkətlərə məxsusdur, ona görə də qiymətlərin formalaşmasında onların rolu həlledicidir”.

Ekspert xatırladır ki,  indeksasiya çərçivəsində ölkə üzrə təqaüdçülərin 93 faizinin – 1 milyon 143 min nəfərinin pensiyası 11,4 faiz artırılır: “Artım yanvarın 1-dən hesablanır, fevralda təqaüdü alarkən yanvar ayının artım məbləği də hesablanacaq. Təqaüdün yığım hissəsi isə (DSMF-də yığılan) 2,8 faiz indeksləşəcək, artırılacaq. Bu artımlar üçün əlavə 441 milyon manat, ümumilikdə isə 2021-ci ildə təqaüd və müavinətlərə 5 milyard 743 milyon manat xərclənəcək. Suyun qiymətinin 100 faiz, ərzağın isə 10-15 faiz artması təqaüd artımını bəri başdan ”yeyir”. Qarşıda isə bizi qaz-işıq qiymətlərinin, nəqliyyat tariflərinin artması gözləyir”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda qiymətlərə artım istiqamətində təzyiqlər mövcuddur: “Əgər biz həm xarici bazarlarda baş verən qiymət dəyişikliklərinə, həm də Azərbaycanda istehsalçı qiymətləri indeksinə baxsaq, qiymətlərə təzyiq göstərən faktorların mövcud olduğunu görərik. Ölkədə istehsalçı qiymət indeksləri əhəmiyyətli dərəcədə artıb, dünya ərzaq bazarında da eyni vəziyyətdir. Azərbaycanda qiymətlərə həm də Tarif Şurasının qəbul etdiyi qərarlar təsir edir. Aidiyyəti qurumlar bunu nə qədər inkar etsələr belə, artım qərarları səbəbindən Azərbaycan vətəndaşları və biznes subyektləri təxminən 500 milyon manat daha artıq ödəniş etməli olacaqlar. Bunun 80 faizə yaxını biznes subyektlərinin payına düşür. Bu isə o deməkdir ki, artıq ödənilən vəsaitlər hansısa formada dolanıb mal və məhsulların maya dəyərində, daha sonra isə pərakəndə satış qiymətində oturacaq. Bu, çox  təbii prosesdir”.

Ekspertə görə, Azərbaycanda bazarın liberal olmaması da qiymətlərə təsir edir: “Həm istehsal, həm xidmət, satış sahəsində monopolist mövqedə olan inhisarçılar var. Onlar lazım olan zaman bazarda qiymətləri diktə edə bilirlər. Hətta bir çox hallarda Azərbaycanda kartel sövdələşmələri də müşahidə olunmaqdadır. Belə bir şərtlər daxilində qiymətlərin artması prosesi gedir, bundan sonra da davam edəcək. Hökumət öz tənzimlədiyi qiymətləri artırırsa, digər bazar subyektləri bu addımı daha rahat ata bilirlər. Üstəlik, hökumətin addımı bazara psixoloji təsir də göstərir və artım üçün stimul formalaşdırır”.

Qeyd edək ki, Tarif Şurası benzin və dizel yanacağının qiymətini artırarkən iki istiqamətdə dövlət dəstəyinin göstəriləcəyini elan etmişdi. Şuranın yaydığı açıqlamada qeyd olunurdu ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq: “Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır”.

Şura həmçinin elan etmişdi ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaq.

Fevralın ilk ongünlüyü arxada qalsa da, hələ sərnişindaşıma ilə məşğul olan şirkətlərə dövlət tərəfindən hər hansı kompensasiya ödənişinə başlanmayıb. Yanvarın sonuna qədər müəyyənləşməli olan dəstək mexanizmindən də hələ səs-soraq yoxdur. Eyni sözləri aqrar istehsalçılar üçün verilən subsidiyaların məbləğinə yenidən baxılması məsələsi barədə də söyləmək olar. Hələlik Nazirlər Kabinetinin bu barədə müvafiq qərarı qəbul olunmayıb. Halbuki hazırda aqrar sahədə məhz dizellə işləyən  texnika tərəfindən yazlıq şumlama, səpin işləri həyata keçirilməkdədir.

Qiymət artımı ile ilgili görsel sonucu

Nəhayət, Tarif Şurası bəyan etmişdi ki, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək. Hazırda qeydə alınan bahalaşmada sui-istifadə halları müşahidə olunurmu? İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bununla bağlı suallarımıza verilən cavabda bildirilir ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) istisna olmaqla, digər malların (işlərin, xidmətlərin) qiymətləri rəqabət mühitində, tələb-təklif əsasında formalaşır: “Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi müxtəlif səbəblərdən, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilər. Bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir. Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsinə təsir göstərmək məqsədilə dövlət tərəfindən müvafiq iqtisadi vasitələrdən – bazarda sağlam rəqabət mühitinin yaradılması, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. bu kimi tədbirlərdən istifadə edilir”.

Xidmətdən bildirilir ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanuna əsasən, bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin süni qıtlıq yaratmaq və yaxud qiymətləri artırmaq məqsədilə istehsalın həcmini dəyişdirməsi və yaxud əmtəələri dövriyyədən çıxarması, digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaratması, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya etməsi (qiymətlərin artırılması, azaldılması və ya bir səviyyədə saxlanılması) qadağan olunmuş fəaliyyətlərdir: “Bu hallar özünü ilk növbədə istehlak bazarında qiymətlərin səviyyəsində göstərir. Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra  ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Monitorinqlərin nəticələri təhlil olunaraq, rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır. Aparılmış təhlillər zamanı hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməmişdir.

Qeyd edək ki, əsassız qiymət artımına yol verilməklə rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran hərəkətlərə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunda əsassız qiymət artımına yol verilməklə əldə olunan mənfəət həcmində cərimə nəzərdə tutulur. Eyni zamanda qanunvericilikdə əsassız qiymət artımları nəticəsində inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirləri  bundan sonra da davam etdiriləcək. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək, habelə cinayət tərkibli hallar aşkar edildikdə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndəriləcəkdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160908

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031