Bayden paketi qəbul olunmasa nələr baş verəcək?

10.02.2021 - 10:44

Ötən həftə ABŞ Konqresində Co Bayden hökumətinin irəli sürdüyü pandemiyadan zərər çəkmiş iqtisadiyyat və vətəndaşlara yeni dəstək paketinin qəbulu istiqamətində mühüm addımlar atıldı. Bu paket barədə Co Bayden hələ kürsüyə oturmazdan əvvəl açıqlama vermişdi. 1,9 trilyon dollarlıq paketin 400 milyard dollara qədər hissəsi virusla mübarizə və peyvəndləməyə, 1 trilyon dolları ev təsərrüfatlarına, qalanı isə pandemiya dövründə xüsusilə ağır təsirə məruz qalmış müəssisələrə yönəldilməlidir.

Ev təsərrüfatlarına yardım hər vergi ödəyicisinə 1,4 min dollar birbaşa ödənişin edilməsini nəzərdə tutur. Əvvəlcədən ödənilməsinə başlanan  600 dollarla birlikdə vergi ödəyən hər vətəndaş 2 min dollar alacaq.

Bundan əlavə, Bayden hökuməti 1 iş saatı üçün minimum əmək haqqının 15 dollara qaldırılmasını, həmçinin işsizliyə görə həftəlik müavinətin həcminin 400 dollara qədər artırılmasını nəzərdə tutur. Bu ödənişlər sentyabr ayına qədər veriləcək.

“Bloomberg” agentliyinin Bayden komandasının üzvünə istinadən yaydığı məlumata görə, bu paketdən sonra iş yerlərinin yaradılması, iqtisadiyyatın bərpasına yönəlik daha bir paket təqdim olunacaq. Bu paketdə nəzərdə tutulan vəsaitlər infrastruktur layihələrinə və qlobal istiləşməyə qarşı mübarizə tədbirlərinə yönəldiləcək.

Konqresdə Respublikaçılar tərəfindən dəstəklənmədən qəbul olunan paket Senatdan sonra keçən cümə günü Konqresin aşağı palatasında  – Nümayəndələr Palatasında da cəmi 10 səs üstünlüyü ilə qəbul edilib. Senatdakı səsvermə zamanı vitse-prezident Kamalə Harrisin səsi həlledici olub – cəmi 1 səs üstünlüyünü təmin edib. Beləliklə, Konqresin yekun yardım paketini martın 15-dək qəbul etmək imkanı yaranıb. Bayden özü bəyan edib ki, əgər prosesi ləngitməsələr, respublikaçılarla kompromisə hazırdır: “Seçim qarşısında qalacamsa, mən uzun-uzadı danışıqlardansa, amerikalıları təcili yardımı təmin etməyi üstün tutacam. Mən hazırda ciddi çətinlik yaşayan Amerika xalqına yardım etmək niyyətindəyəm”.

ABŞ prezidentinin  sözlərinə görə, əmək bazarındakı vəziyyətə dair yanvar ayı üzrə açıqlanan rəqəmlər göstərir ki, radikal addımlar atmaq vaxtıdır. ABŞ Əmək Nazirliyinin məlumatına əsasən dekabr ayında bağlanan 227 min iş yerinə qarşı yanvarda cəmi 50 min yenisi açılıb. Bu, gözlənilən nəticələrdən 2 dəfə aşağı rəqəmdir.

ABŞ-ın büdcə qətnaməsi imkan verir ki, Baydenin planı Senatda sadə səs çoxluğu ilə qəbul edilsin. Əks halda, demokratlar hər layihə üzrə 60 səs toplamalı idilər. Senatda səslərin demokratlar və respublikaçılar arasında bərabər bölündüyünü nəzərə alsaq, dempkratlar 10 respublikaçı senatorun müsbət rəyini almalı olacaqdılar.

ABŞ maliyyə naziri Janet Yellen CNN telekanalına bildirib ki, yeni paket ölkədə inflyasiyanı sürətləndirə bilər. Lakin onun sözlərinə görə, əllərində inflyasiyanı idarə etmək üçün kifayət qədər güclü rıçaqlar var. Maliyyə naziri qeyd edib ki, yeni dəstək paketi olmasa yaxın bir neçə il ərzində ölkədə işsizlik yüksək olaraq qalacaq. Paket qəbul olunduğu təqdirdə isə iqtisadiyyatı daha sürətlə bərpa etmək mümkün olacaq: “Əmək bazarı dalana dirənib. Bu məsələdə biz dərin quyudayıq və oradan çıxmaq üçün hələ çox işləməli olacağıq”.

ABŞ-da yeni yardım paketinin qəbulu istiqamətində həlledici addımların atılması dünya fond və əmtəə birjalarına müsbət təsir edib. Xüsusilə neft bazarında qiymətlərin sürətli artımı qeydə alınıb. Belə ki, keçən ilin yanvarından bəri ilk dəfə olaraq Brent markalı neftin 1 bareli 60 dollardan, WTI neftinin 1 bareli isə 58 dollardan yuxarı qalxıb.

Fariz Hüseynli: ile ilgili görsel sonucu

Fariz Hüseynli: “Bayden hökuməti gördü ki, müzakirələrə getməyin bir mənası olmayacaq”

ABŞ-da yaşayan iqtisadçı-alim Fariz Hüseynlinin sözlərinə görə, 2008-ci il maliyyə böhranından sonra demokratlar stimul paketi qəbul etmək üçün Konqreslə müzakirələrə getdilər: “Qəbul olunan paket kiçik oldu, təsiri böyük olsa da tez hiss edilmədi və iki il sonra respublikaçılarda “Çayçıların” köməyi ilə Konqresdə vəziyyət demokratların əleyhinə dəyişdi. Obamanın kitabında bir məqam var. Respublikaçı nüfuzlu senator Grassleyə deyir, sən istəyənlərin hamısını paketə qoysaq səs verərsən? Deyir yox…

İndi Bayden hökuməti gördü ki, müzakirələrə getməyin bir mənası olmayacaq. Qarşı tərəf söhbəti uzatdıqdan sonra paketin təsiri gec və az olacaq. Elə birbaşa öz böyük stimul paketlərini Senatda qəbul etdirdilər. Maraqlıdır ki, elə bu plan hələ müzakirə olunanda respublikaçı, prezidentliyə keçmiş namizəd Romney ailələrə birbaşa uşaq pulu verilməsi (müəyyən maaşa qədər) paketini təqdim etdi. Bildiyiniz kimi, Amerikada birbaşa uşaq pulu yoxdur – dolayı yolla vergidən endirim var və işləyən azgəlirli ailələr üçün də ayrı vergi endirimi var. Romneydən ruhlanan demokratlar indi bu planı genişləndirirlər. Xəbərlərə görə, illik hər uşağa 3 – 3.5 min dollar pul veriləcək”.

İqtisadçı-alimə görə, adətən böhranlardan sonra gərək tez və təsirli addımlar atasan: “2.4 trilyon dollarlıq “Cares Act” belə oldu, amma sonrakı paketi gecikdirdilər seçkilərə qədər, Senatda respublikaçıların üstünlüyü imkan vermədi. Seçkilərdən sonra 900 milyardlıq kiçik paket qəbul edildi. Amma indi Bayden höküməti əlavə 1.9 trilyonluq paketi Senatdan keçirdi. Belə görünür, ən azından uşaqpulu məsələsi əlavə ediləcək, amma minimum maaş məsələsi qaldı gələcəyə”.

İqtisadçı-ekspert Elman Sadiqov bildirir ki, hazırda ABŞ-da respublikaçılarla demokratlar arasında iki məsələdə ciddi fikir ayrılığı var: “Bunlardan biri 1,9 trilyon dollarlıq dəstək paketidir ki, respublikaçılar onun həcminin həddindən artıq böyük olduğunu deyirlər. İkinci məsələ keçmiş prezident Donald Trampın impiçmentidir ki, bu gün (dünən-red) Senatda müzakirə olunmalıdır. Belə görünür ki, respublikaçıların dəstək paketinə münasibətdə hədsiz etirazlarının arxasında da ikinci məsələ dayanır. Düşünürəm ki, paketlə bağlı kompromisə nail olunacaq, impiçment məsələsi isə başqa mövzudur.

Elman Sadiqov: ile ilgili görsel sonucu

Elman Sadiqov: “Bu paket əslində bütün dünyanın xilasına yönəlib”

Baydenin təklif etdiyi paketin əsasında birbaşa ABŞ vətəndaşlarının pandemiyadan çəkdiyi zərərin kompensasiya olunması dayanır. İkinci məqsəd istehlakın stimullaşdırılmasıdır ki, bu da əhalinin alıcılıq qabiliyyətindən keçir. İstehlakın azalması maliyyə naziri Janet Yelleni də narahat edən başlıca məsələdir. Belə ki, ABŞ-da istehlakı vətəndaşların alıcılıq imkanları müəyyənləşdirir. Buna görə də əhaliyə verilən pul son nəticədə malların, xidmətlərin istehlakını stimullaşdırmaqla bütövlükdə iqtisadiyyatı canlandırır. Janet Yellen əmindir ki, təklif olunan dəstək paketi qəbul olunmasa, ABŞ iqtisadiyyatının bərpası daha çox zaman alacaq. Bu məsələdə o, tam haqlıdır. Hesablamalara görə, bu dəstək paket çərçivəsində vətəndaşlara, biznesə yönəldiləcək vəsaitlər vergilər şəklində ABŞ büdcəsinə qayıdacaq. Yəni biznesin, kiçik və orta sahibkarlığın aktivləşməsi vergi ödənişlərinin həcmini artıracaq. Bütün bunlara görə düşünürəm ki, paket qəbul olunacaq. Qəbul olunmamanın yaradacağı riskləri respublikaçılar da yaxşı bilirlər və bu təqdirdə baş verənlərə görə məsuliyyəti üzərlərinə götürmək istəməyəcəklər. Ola bilsin ki, paketin məbləği ilə bağlı müəyyən kompromislərə nail olunsun, çünki respublikaçılar məbləğin çox yüksək olduğunu deyirlər”.

Ekspertin sözlərinə görə, paketin qəbul olunmaması dünyada dolların məzənnəsinin yüksəlməsinə səbəb olacaq: “Bu isə dünya əmtəə bazarında, o cümlədən neft bazarında qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Hazırda dünyada dolların çatışmazlığı müşahidə olunur. Federal Ehtiyatlar Sistemi hər il repo bazarına 120 milyard dollar əlavə vəsait buraxmaqla likvidliyi təmin edir. Amma əlavə stimullaşdırıcı paketin olmaması likvidlik problemi yarada, ABŞ iqtisadiyyatı üçün narahatlıqları artıra bilər ki, bu da bazarlarda neqativ gözləntilər formalaşdırar. Nəticədə maliyyə birjalarından tutmuş, əmtəə bazarlarına qədər – bütün sahələrdə ciddi mənfi proseslər yaranar. Yəni bu gün ABŞ iqtisadiyyatının bərpasına yönələcək paket əslində bütün dünyanın xilasına yönəlib. Onun qəbul olunmaması bütün dünyada pandemiyadan sonrakı bərpa prosesini ciddi sual altına almış olacaq. Buna görə də ümid edək ki, həmin paket qəbul olunacaq və dünya iqtisadiyyatı yeni risklərlə üzləşmək təhlükəsindən xilas olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161020

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930