İnvestorlar buna görə Azərbaycana pul yatırır – DETALLAR

29.07.2021 - 20:08

 

İnvestorlar buna görə Azərbaycana pul yatırır - DETALLAR

 

Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, qeyri-neft sektoruna yönəldiləcək investisiyalarla bağlı böyük işlər həyata keçirilir.

Millət vəkili ilə müsahibəni təqdim edir:

– Ələt Azad İqtisadi Zonasının yaradılması ilə xarici investisiyaların ölkəyə cəlb edilməsi qarşıda duran prioritet vəzifələrdən biridir. Aydın bəy, xarici investorların cəlb edilməsi istiqamətində hansı işlər görülür?

– Vətən müharibəsində əldə olunan böyük qələbədən sonra Azərbaycanın həm dünyadakı mövqeyi, həm də regiondakı vəziyyəti yaxşı mənada dəyişib. Azərbaycanın rolu və mövqeyi ön plana çıxıb. Digər tərəfdən ölkəmizə daxil olan investisiyaların demək olar ki, böyük bir hissəsi neft və qaz sektoruna yatırılmışdı. İndi isə ölkə Prezidenti İlham Əliyevin birbaşa iqtisadi strategiyasının tərkib hissəsi olaraq neft-qaz sektoruna yönəldilən investisiyalarla yanaşı, qeyri-neft sektoruna da yönəldiləcək investisiyalarla bağlı böyük işlər həyata keçirilir. Ələt Azad İqtisadi Zonasının yaradılması ondan xəbər verir ki, artıq ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində böyük addımlar atılır.

Digər tərəfdən qanunvericilik bazasının möhkəm olması ölkəyə cəlb olunacaq investisiya üçün önəmli haldır. İnvestor bilməlidir ki, onun sərmayəsi qorunur, o sərmayənin qorunmasını təmin edəcək qanunvericilik bazası var. Vergi-gömrük sistemi mükəmməldir, ölkədə stabillikdir və bu sahəyə siyasi dəstək var. Bütün bunların hər biri investorlar üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda həmin ölkənin iqtisadi inkişaf templəri də xarici yatırımçıların diqqətini çəkən əsas müddəalardan biridir. Davos İqtisadi Forumuna görə, Azərbaycan iqtisadi inkişaf tempinə görə 28-ci yerdə qərarlaşıb. İnvestor təhlil apararkən bütün bunları sözsüz ki, nəzərə alır. Odur ki, beynəlxalq reytinqlərdə təşkilatların fikirlərini öyrənir. Bu mənada Azərbaycanın vəziyyəti yüksəkdir.

– Bu prosesin sürətləndirilməsində Azərbaycan səfirliklərinin öhdəsinə düşən vəzifələr hansılardır?

– Xarici səfirliklər ölkənin siyasi-diplomatik xəttini dəstəkləməklə və onu inkişaf etdirməklə yanaşı, təmsil olunduqları ölkələrin investorlarının Azərbaycana cəlb olunması və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi sahəsində təkliflər irəli sürməlidirlər. Azərbaycanın iqtisadi potensialı həmin səfirliklər tərəfindən təmsil olunduğu ölkələrdə geniş şəkildə təbliğ və təşviq olunmalıdır. Səfirliklər bu sahədə çox böyük işlər görməlidir. Hesab edirəm ki, ölkə başçısının səfirliklərlə bağlı yeni təyinatları öz bəhrəsini tezliklə göstərəcək.

Ümumiyyətlə, Azərbaycanın böyük iqtisadi potensialı var. Qarabağ iqtisadi zonasında böyük işlər həyata keçiriləcək, həm təbii ehtiyatlar var, həm də turizm, müalicə və sağlamlıq kompleksləri, kənd təsərrüfatı üçün böyük imkanlar var.

– Ələt Azad İqtisadi Zonasında mühüm əhəmiyyətə malik layihələr həyata keçirməklə xarici investorlar nə qazanacaq?

– Ələt Azad İqtisadi Zonasının yaradılması mühüm məsələdir. İstər xarici investorlar, istərsə də digər işquranlar üçün azad bir zonadır. O mənada ki, orada vergi ödənişləri yoxdur, gömrük vergiləri demək olar ki, çox güzəştli şəkildə həyata keçirilir. Onların öz məhsullarını və biznes fəaliyyətini genişləndirmələri üçün çox əlverişli mövqedir. Ələt Azad İqtisadi Zonası şimal-cənub, qərb-şərq arasında logistik xətt üzərində yerləşir. Xəzər dənizində yükdaşınma, eləcə də dəmiryolları və avtomobil magistrallarının şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmiryolu, sonra isə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya yüklərin daşınmasında Azərbaycan çox mühüm rol oynamağa qadirdir.

Bu da investorlar üçün sərfəlidir. Yüklərin Londondan Pekinə 35 deyil, 17 gün ərzində daşınması böyük iqtisadi səmərə deməkdir. Həm təhlükəsiz və risksizdir, həm də vaxt baxımdan əlverişlidir.

– İnvestorların Azərbaycana marağını necə qiymətləndirmək olar?

– İnvestorlar Azərbaycana kifayət qədər maraq göstərir. Onlar o ölkələrə üz tutur ki, həmin dövlətlərdə stabillik və mükəmməl qanunvericilik hökm sürür, qoyduqları sərmayənin əvəzində nəzərdə tutduqları gəliri əldə edirlər. Azərbaycanın coğrafi mövqeyi, iqtisadi potensialı, ən başda isə Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirməsi investorların maraqlarını təmin edir. Azərbaycan onun Prezidentinin simasında beynəlxalq və ya iqtisadi layihə ilə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir. Biznesdə etibarlı tərəfdaşın olması onun inkişafında inam yaradan mühüm şərtlərdən biridir. İnvestor Azərbaycanda qoyduğu vəsaitin gəlir gətirəcəyinə tam əmindir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165495

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930