2022-ci ildən gözləntilər – İqtisadiyyat daha çox “AĞARACAQ”

02.11.2021 - 11:56

“Kölgə iqtisadiyyatı” bütün dünyanın böyük problemlərindən biridir. Azərbaycanda da bu problemin mövcudluğu mütəmadi olaraq parlament səviyyəsində, o cümlədən mətbuat və sosial media vasitəsilə diqqətə çatdırılır. Son zamanlar isə ölkədə həyata keçirilən islahatların fonunda 2022-ci ildə “kölgə iqtisadiyyatı”nın tamamilə qarşısının alınacağı, ən çox narazılıq yaranan tenderlərin keçirilməsində şəffaflığın təmin olunacağı bildirilir.

 

Bununla bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov atılan addımlara rəğmən “kölgə iqtisadiyyatı”nın həcminin hələ də kifayət qədər olduğunu düşünür. İqtisadçı-deputat hesab edir ki, iqtisadiyyatın şəffaflığı üçün görülən tədbirlər, korrupsiyaya qarşı ciddi mübarizə kifayət deyil:

 

““Kölgə iqtisadiyyatı” ilə mübarizədə müxtəlif mexanizmlər təkmilləşdirilir, rüsumlar və vergilərlə bağlı qanunlara əlavələr, dəyişikliklər edilir. Bu işi sürətləndirməyə ehtiyac var. Biz uzun müddətdir, tələb edirik ki, maliyyə amnistiyası olsun. İnsanlar kifayət qədər vəsait qazanıb, onu xaricə yatırırlar. Bu investisiyanın ölkəmizə yönəldilməsi vacibdir.

 

Ümumiyyətlə, son zamanlar nazir Mikayıl Cabbarovun rəhbərliyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən bu sahədə şəffaflığı həyata keçirmək istiqamətində ciddi işlər görülür. Milli Məclisdə də buna dəstək üçün müəyyən qərarlar qəbul edilir, qanunlara dəyişiklik olunur”.

 

Deputat deyib ki, indiyə kimi dövlət rüsumunun müəyyən hissəsi orqanlarda, təşkilatlarda saxlanılırdısa, bundan sonra hamısı birbaşa dövlət büdcəsinə daxil ediləcək:

 

“Bütün bunlar əmək haqlarının da yenidən hesablanmasını, tamamilə əməkhaqqı kart sisteminin qurulmasını tələb edir. Hesab edirəm ki, bu məsələ indiyə qədər məqbul deyildi. Əməkhaqqının yüksək olması “kölgə iqtisadiyyatı”nın da aradan qalxmasına təkan olacaq”.

 

 

Onun sözlərinə görə, indi pandemiya, dünyanın iqtisadi durumu, ölkəmizdə müharibədən sonrakı vəziyyət, Qarabağda quruculuq işlərinin aparılması ümumi vəziyyətə təsir edir:

 

“2022-ci ildə “kölgə iqtisadiyyatı” ilə mübarizə üçün aparılan islahatların 100 faiz nəticə göstərəcəyini söyləmək çətindir. Bu bir sahənin, bir nəfərin öhdəsindən gələ biləcəyi məqam deyil. Bütün hökumət “kölgə iqtisadiyyatı” ilə mübarizəyə qoşulmalıdır. Qanunlarımız elə olmalıdır ki, iqtisadiyyatın çirklənməsinə şərait yaranmasın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=168007

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31