Gələn ilin büdcə layihəsinin tərtibinə start verildi
Baş nazir Əli Əsədov Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb.
Cumhuriyyet.az xəbər verir ki, sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2024-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2023-cü il aprel ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprelin 15-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Sənədə əsasən, Maliyyə Nazirliyi 2024-cü ilin və 2027-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi və 2027-ci ilin sonuna hədəflənən dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi barədə təkliflərini, 2024-cü il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri (“təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi”) üzrə OMXÇ sənədinin layihəsini, habelə növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2023-cü il sentyabrın 1-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, sentyabrın 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Habelə, Dövlət Statistika Komitəsinə cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2022-ci ilin ilkin statistik məlumatlarını 2023-cü il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək; növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və digər aidiyyəti təşkilatlara təqdim edilməsini təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc, o cümlədən investisiya xərclərinin məbləği və kəsir) ilkin ortamüddətli göstəricilərini 2023-cü il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını 2023-cü il avqustun 25-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin dəqiqləşdirilmiş məbləğini 2023-cü il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməli; büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrinin proqramları (tədbirləri) üzrə fəaliyyət planlarının, habelə baza proqnozlarının və yeni siyasət təşəbbüslərinin hazırlanmasına dair təlimat məktubunu 2023-cü il fevralın 15-dək aidiyyəti təşkilatlara göndərilməsini təmin etməli; bu Sərəncamın 13.5-ci bəndində qeyd olunan fəaliyyət planlarının icrası barədə monitorinq hesabatlarının hazırlanmasını və dərc edilməsini təmin etməli; 2024-cü il və sonrakı üç il üçün vergilər, rüsumlar, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və digər gəlirlər üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyi ilə, sosial sığorta ödənişləri üzrə proqnoz göstəricilərini isə İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdıraraq, nəticələrinin 2023-cü il avqustun 15-dək müvafiq protokollarla rəsmiləşdirilməsini təmin etməli; İqtisadi Şurası tərəfindən bəyənilmiş 2024-cü il və sonrakı üç il üçün OMXÇ sənədi üzrə müvafiq göstəriciləri 2023-cü il oktyabr ayının 15-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməsini təmin etməlidir.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi tərəfindən 2023-cü il aprelin 1-dək İqtisadiyyat Nazirliyinə təqdim edilən dövlət büdcəsi və icmal büdcə ilə əlaqədar məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini dürüstləşdirərək, 2023-cü il aprelin 8-dək Mərkəzi Banka təqdim etməli; 2023-cü il üçün dəqiqləşdirilmiş, 2024-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2024-cü il üçün ilkin proqnozlarını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını 2023-cü il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməli; 2024-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2023-cü il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etməli; Maliyyə Nazirliyi ilə birlikdə neft-qaz sahəsi üzrə dövlət və hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçı tərəflərin investisiya planları ilə bağlı məlumatların təqdim edilməsinə dair təkliflərini 2023-cü il avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməli; 2024-cü ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2023-cü il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməli; 2024-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının istiqamətləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə nəzərdə tutulmuş investisiya yönümlü layihə və tədbirlər üçün tələb olunan vəsaitə dair ilkin göstəriciləri 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş göstəriciləri, həmçinin növbəti il üçün dövlət büdcəsinin layihəsinə uyğunlaşdırılmış dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2023-cü il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməli; 2023-cü il iyulun 1-dək ölkənin şəhər və rayonları üzrə vergi uçotuna alınmış, habelə neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, həmçinin səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri), mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri ilə bağlı 2022-ci il və cari ilin ötən dövrü üçün hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödənilmiş daxilolmalara dair məlumatları Maliyyə Nazirliyinə təqdim etməlidir.
Sərəncamda daha sonra deyilir:
7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 2024-cü il və sonrakı üç il üçün gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə proqnoz göstəricilərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdıraraq nəticələrinin 2023-cü il avqustun 15-dək müvafiq protokollarla rəsmiləşdirilməsini təmin etsin.
8. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiya siyahısı həmin Qərarla təsdiq edilmiş iri dövlət şirkətlərinin, Azərbaycan Respublikasının İnvestisiya Holdinqi isə onun idarəetməsinə verilmiş dövlət şirkətləri, müəssisələr və dövlətin payı olan təsərrüfat cəmiyyətlərinin 2024-cü il və sonrakı üç il üçün gəlir və xərcləri, eləcə də dövlət büdcəsinə ödəniləcək dividendlər üzrə proqnoz məlumatlarını 2023-cü il avqustun 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
9. Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları:
9.1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2023-cü il fevralın 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
9.2. vergi və gömrük sahəsində güzəştlərə dair təkliflərini və onların qiymətləndirilməsi üçün zəruri məlumatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 8 fevral tarixli 38 nömrəli və “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 3 noyabr tarixli 436 nömrəli qərarlarına uyğun olaraq vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi vasitəsilə Azərbaycan Respublikanın Maliyyə Nazirliyinə təqdim etsinlər.
10. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarələrin, təşkilatların və dövlət müəssisələrinin rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini hazırlamaq məqsədilə 2023-cü il fevralın 5-dək və iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
11. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq olaraq büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” nəzərə alınmaqla sektor strateji planlarını hazırlayıb 2023-cü il martın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
12. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin:
12.1. monetar sektor və tədiyə balansı üzrə ətraflı statistik məlumatları 2023-cü il fevral ayının 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
12.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hazırladığı tədiyə balansının proqnozuna dair rəyini 2023-cü il aprel ayının 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
13. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsini təmin edən publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlara tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki:
13.1. 2024-cü il və sonrakı üç il üçün büdcə layihələrini və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə tutumu barədə məlumatları (hər bir proqram və tədbir üzrə ayrılıqda göstərilməklə) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formalara uyğun olaraq 2023-cü il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 2022-ci il üçün Dövlət Proqramlarında və məqsədli tədbirlər üzrə nəzərdə tutulmuş işlərin və layihələrin icrasına dair məlumatları isə (illik nəticə indikatorlarını da göstərməklə) 2023-cü il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
13.2. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas icraçı orqanları (qurumları) 2024-2026-cı illər üçün (hər il üzrə ayrılıqda) hər bir tədbir və layihə üzrə tələb olunan vəsait barədə təkliflərini 2023-cü il iyulun 1-dək, 2022-ci il üçün Strategiyada nəzərdə tutulmuş tədbirlərin və layihələrin icrasına dair məlumatları (illik nəticə indikatorlarını da göstərməklə) isə 2023-cü il martın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
13.3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2024-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndlərində nəzərdə tutulmuş investisiya layihələri barədə məlumat və sənədləri 2023-cü il fevralın 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
13.4. büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə 2024-cü il və sonrakı üç il üçün bütün mövcud və davam etməkdə olan layihələr üzrə baza proqnozlarını və yeni siyasət təşəbbüsləri ilə bağlı sifarişlərini, eləcə də fəaliyyət planlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bu Sərəncamın 4.2-ci yarımbəndində qeyd edilən təlimat məktubuna uyğun olaraq 2023-cü il martın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
13.5. büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə 2022-ci ilin fəaliyyət planlarında əks olunan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış proqnoz və nəticə göstəricilərinin (indikatorların) icrası barədə məlumatları 2023-cü il iyunun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
13.6. davam edən layihələrin əsaslı xərclərinə dair məlumatları, həmçinin yüksək prioritetli yeni investisiya təklifləri üçün tələb olunan xərclərin təhlilinə dair məlumatları 2023-cü il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
13.7. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, həmçinin xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb 2023-cü il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
13.8. dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar və müddətli əmək müqaviləsi ilə işə götürülən işçilər (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
13.9. 2024-cü il və sonrakı üç ilin büdcə layihəsi hazırlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın tələblərinə əməl etsinlər.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari Tibbi Sığorta Fondu, Azərbaycan Respublikasının Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının funksional və iqtisadi təsnifatına uyğun olaraq paraqraflar səviyyəsində öz büdcə layihələrinin ilkin variantını 2023-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2023-cü il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
15. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının, Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondunun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihəsinin ilkin variantını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2023-cü il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdıraraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
16. Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb 2023-cü il iyunun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
17. Nazirliklər, komitələr, idarələr və digər büdcə təşkilatları, şəhər və rayon icra hakimiyyəti orqanları, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsini təmin edən publik hüquqi şəxslər və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.12-ci maddəsinə müvafiq olaraq 2024-cü il üçün büdcə xərcləri üzrə (büdcədənkənar dövlət fondları və büdcədənkənar vəsaitlər üzrə xərclər də daxil olmaqla) layihələrini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdıraraq nəticələrini 2023-cü il avqustun 15-dək protokolla rəsmiləşdirsinlər.
18. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, dövlət büdcəsindən maliyyələşdirilən büdcə təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər, bәlәdiyyәlәr, büdcə və büdcədənkənar dövlət fondları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.13-cü maddəsinə müvafiq olaraq ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsi və icmal büdcənin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, eləcə də büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən xərclər çərçivəsinin hazırlanması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tələb olunan, habelə növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tələb olunan əlavə əsaslandırıcı materialların və hesablamaların təqdim edilməsini təmin etsinlər.
19. Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar, nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan digər təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən bu Sərəncamdan, eləcə də “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn digər vəzifələri keyfiyyətlə və müəyyən olunmuş icra müddətlərində yerinə yetirilməsini təmin etsinlər.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Short URL: http://www.cumhuriyyet.net/?p=187391