Azərbaycanın qeyri-neft ixracatı kəskin azalıb – SƏBƏB
2024-cü ilin yanvar ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22 faiz, real ifadədə 30 faiz azalaraq 222,0 milyon dollar olub. “AzPolitika.info” xəbər verir ki, Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb.
İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, qeyri neft-qaz ixracatındakı aylıq azalma daha çox mövsümi faktorlar ilə bağlı olsa da digər iqtisadi səbəblər də dövriyəyə təsirsiz ötüşməyib: “Belə ki, 2022 və 2023-cü illərdə qeyri-neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərirdi. İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqayisədə daha çox artırırdı. 2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi”.
İqtisadçı başqa səbəb kimi daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələrinin də ixrac dövriyyəsinə təsir göstərdiyini nişan verir: “Belə ki, qeyri-neft-qaz məhsulları ixracatının 55.4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21.4 faizi isə Türkiyəyə yönəlib”.
Ekspert hesab edir ki, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil. “Bütün hallarda qeyri-neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”, – V. Bayramov vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=199266