Bakıda növbəti dollar ajiotajı: Sabah nə olacaq?
Manatın ucuzlaşacağı xəbəri yayıldı, valyutadəyişmə məntəqələri bağlandı; Mərkəzi Bank isə dolların kəskin bahalaşmayacağını bəyan etdi
Bakıda növbəti dollar panikası baş verib, ABŞ valyutasının kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən paytaxtda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.
Pul dəyişmə məntəqəsində çalışanlar bunun səbəbini sabah (bu gün-red) dolların bahalaşacağı ilə izah ediblər. Onların sözlərinə görə, sabah dollar 10 qəpik bahalaşacaq. Yəni 1 dollar 1,15 manat olacaq.
Sürətlə yayılan xəbərdən sonra əhali əlindəki manatı dollara çevirmək üçün məntəqələrə üz tutub. Valyutadəyişmə məntəqələrinin bağlanması insanların təşvişinə səbəb olub.
«Dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir». Bunu «Anspress»ə açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib. Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: “Sabah (bu gün-red) kəskin bahalaşma barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur”.
“Azərbaycanda dollar bahalaşa bilər. Bunu bu həftə Mərkəzi Bankın açıqladığı məzənnələrdən görmək olur ki, dollar bahalaşır. Yəni dolların məzənnəsi 0,1-0,2 qəpik artır. Ancaq kəskin bahalaşmanın olacağını demək çətindir”. Bunu isə iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, dollar-manat məzənnəsinin necə olacağını proqnozlaşdırmaq çətindir. Bununla belə manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək: “Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara (bu 45 dollar da ola bilər) qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20% ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10% itirəcək. Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacağını deyəndə, idarəolunan üzən məzənnə siyasətinə keçidi elan edəndə bunu nəzərdə tuturdu. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa “üzdüyünü” müşahidə edəcəyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=21689