Hazır olun: 1 dollar 2-3 manata qədər bahalaşacaq…
17.04.2015 - 03:09
Nəinki 1 ABŞ dollarının 1,05 manat səviyyəsində məzənnə oturuşacaq, əksinə ikinci devalvasiya dalğası başlansa 1 dolların 2-3 manat səviyyəsinə qədər yüksəlməsi də mümkün ola bilər
Əziz və dəyərəli oxucu dostlarım! Bəzi iqtisadi terminlər və statistikaya görə inanıram ki, bizləri qınamırsız. Çünki, hər cümlədə 2-3 termini və ya makroiqtisadi göstəricilərin izahının tərifi və ya məzmunun açıqlanması nə böyüklükdə yazı mətni olmasını təsəvvür edirsiz. Artıq devalvasiya və revalvasiya kimi terminlərlə zəngin olan yazılara sizlərin artan marağı deməyə əsas verir ki, biz artıq eyni “dildə” danışmağa başlamışıq. Bundan öncə manat-dollar münasibətlərinə həsr olunmuş 2 yazının oxunma sayı 20 mini keçməsi bunu söyləməyə əsas verir. Buna görə Sizlərə təşəkkür edirəm! Bu məqaləm həmin yazıların sonuncusudur. İnanıram ki, sizlərlə maraqlı olacaq iqtisadi situasiydan çıxan nəticələri və yaxın dövr üçün proqnozlarımı bölüşə biləcəm.
Əgər əvvəlki aylar üzrə devalvasiya əməliyyatının həcmi sabit qalsaydı və davamlı neft gəlirləri artsaydı, o zaman Mərkəzi Bank(MB) belə tələsik qərar da verməzdi. İldə 1,2 milyard manatla milli valyutanı sabit saxlamağa risk edirdilər. Amma son 2-3 ayda manat böyük həcmdə pul “yeməyə” başlayanda artıq adı yumşaq adlandıırlan, lakin məzənnə təsiri sərt olan devalvasiyaya start verdilər. Halbuki əvvəlki aylarda valyuta ehtiyatlarımız nisbətən az sürətlə “əriməyə” başlayırdı. Əgər bizim noyabr ayında MB-ın valyuta ehtiyatları təxminən 15 milyard manat, daha konkret olaraq isə 14996.3 milyard manat səviyyəsində olub. İndi isə həmin valyuta ehtiyatlarımız 9, 472 milyard manat səviyyəsinə düşüb. Bu isə o deməkdir ki, son 6 ayda devalvasiyaya 5,7 milyard manatdan çox vəsait xərclənib. Halbuki, əvvəlki illərdə belə bizim valyuta ehtiyatlarımız 2013-cü ilin sonunda 14152.0 manat təşkil edirdisə, indi bildiyiniz kimi bu rəqəm 9,4 milyard manat səviyyəsinə düşüb. Deməli, biz hələ 2 il sonra belə hələ də 2013-cü ilin səviyyəsi qədər valyuta ehtiyatlarına malik deyilik. Devalvasiya siyasətinin təsirləri göstərdi ki, MB-ın valyuta ehtiyatları nə qədər çox olursa-olsun və ölkə iqtisadiyyatında milli valyutanın dəyəri ona necə fon verilməsindən asılı olmayaraq iqtisadiyyatın real güzgüsü rolunu oynayacaq. Bu özünü gec və ya tez formada göstərəcək. Əgər milli valyutaya “süni tənəffüs aparatı” qoşulsa belə (intervensiya xərclərinin böyüklüyünə baxmayaraq) yenə də əhəmiyyəti olmayacaq. İndi gərək hökumət bu süni güvən düstüründakı nöqsanları Neft Fondunun ehtiyatlarında da nəzərə alsın və həmin yanaşmanı təkrarlamasın. Başqa sözlə strateji valyuta ehtiyatlarına güvənərək iqtisadiyyatın sağlam və güclü olmasına ekvivalent hesablayıb ona arxayın siyasət yürütmək yenə də yalnış nəticələrə gətirib çıxaracaq. Neftdən asılı olan və ona arxayın olan iqtisadiyyat neft qiyməti və hasilat səviyyəsi aşağı düşəndə parlaqlığını bir neçə ilə belə asanca itirəcək. Necə ki, NF-da da aktivlərin “əriməsi” kimi paralel proseslər gedir. NF-nun bu ilin I rübdəki gəlirləri 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1,8 milyard manat azalıb. Bu isə o deməkdir ki, yalnız iki fərqdən yaranmış ziyanımız strateji valyuta ehtiyatlarımızın 7,5 milyard manat azalması ilə müşahidə edilmişdir.
Bütün bunlara görə doğru qərarlar valyuta ehtiyatlarımızın gözqamaşdıran təsirləri altında baş verilməməlidir. Bütün bunlara görə düşünürəm ki, indiki devalvasiya siyasəti və məzənnə nisbəti iqtisadiyyatımızda müxtəlif izlər qoyacaq. Devalvasiyadan sonra iqtisadiyyatın müxtəlif sektorlarında və bazar infrastruktur elementlərində (əmtəə bazarı, daşınmaz əmlak, investisiya, innovasiya, sığorta, bank və s.) fərqli proseslər baş verəcək. Fikrimcə, bütün bunlar konkret halda bir neçə istiqamətdə müxtəlif nəticələrə gətirib çıxarıb. Bunlar əsasən aşağıdakı istiqamətlərdə özünü göstərəcək.
Mövcud təsirlər və proqnozlar
Bank əmanətləri manatla olan vətəndaşlarımız itirir və itirəcək. Banklara manatla əmanət qoyan vətəndaşlarımız artan gəlirləri fonunda yenə də məzənnə fərqindən ziyana düşəcəklər. Nəzərə alsaq ki, banklara qoyulan 7 milyard manatın 4 milyardı milli valyutada yatırılıb, bu o deməkdir ki, məzənnə fərqindən toplam halda vətəndaşlarımız 1,3 milyard manat itiriblər.
Banklardan dollarla kredit götürənlər böyük ziyanla üzləşəcəklər. Eyni qaydada banklardan dollarla kredit götürən vətəndaşlarımızın borcları da daha da artacaq. Banklarda dollarla kredit götürən vətəndaşlarımız və ya biznes qurumlarımız əlavə olaraq bu fərqdən yaranmış itki ilə üzləşəcək. Bu isə dollarla götürülən kredit portfellərinin geriyə dönüşünü çətinləşdirəcək və ümumilikdə banklarda problemli kreditlərin xüsusi çəkisinin artmasına gətirib çıxaracaq. Hətta proqnozlaşdırmaq olar ki, ilin sonuna problemli kreditlərin həcmi məcmu kredit portfelində kritik həddə, yəni 10 faizə yaxınlaşa bilər.
İstehlakçı davranışları zəifləyəcək və ailə xərclərimiz isə artacaq. İstehlakçılar suyun axınını müşahidə edəndən sonra bazarda sıx təmasa keçəcəklər. Çünki, onlar devalvasiya “şokundan” hələ tam ayılmayıblar. Problemləri “dərisi” ilə hiss etməsi üçün zamana ehtiyac var. Biznes qurumlarının anbarlarda qalan “stokları” hələ tam qurtarmadığı üçün böyük həcmli (30% həddində) qiymət artımları hələ tam müşahidə olunmur. İdxal mallarının və buna reaksiya verən daxili bazar qiymətlərinin yüksəlməsi ailə büdcələrin ciddi təsir göstərəcək və ev təsərrüfatlarının xərclərini artıracaq.
Xarici investorların ölkə iqtisadiyyatına maraqları azalacaq. Xarici investisiyanın ölkə iqtisadiyyatına axının zəifləməsi ilə parelel daxili investorlarında bazar iştirakçılığında payları azalacaq. Devalvasiyanın təsirləri xarici investorların ölkələrin iqtisadiyaytlarına inamına böyük zərbə vuracaq.
Dövlət büdcəsinin gəlirləri azalacaq. Manat dəyəri düşdüyü üçün büdcə gəlirlərinin azalacağı qaçılmazdır. Bu bütövlükdə icmal büdcəyə 3-3,5 milyard manat daha az vəsaitin daxil olmasına gətirib çıxaracaq. Çünki, neft sektorundan daxilolmalar dollarla baş verəcəyi təqdirdə, onun dəyərinin artması manatla daxilolmanın azalması ilə müşahidə ediləcək. Bu büdcə kəsri riskininin artması və bütün büdcə parametrlərinə may ayında yenidən əlavə və dəyişiklərlə baxılmasını zəruri edəcək. Bu zaman büdcə kəsrinin örtülməsi üçün xarici mənbələrə üz tutmaq və yaxud qeyri-neft sektorunu vergiyə cəlb etməklə həmin kəsri qapatmağa çalışılacaq.
Dollar tələbi və manat təklifinin çoxluğu bazarda il boyu müşahidə edəcək. Qısa zaman kəsiyində arbitrajların (qiymət fərqliliyindən qaynaqlanan pul qazanma işi) aktivliyi olacaq. Amma il boyu milli valyutaya sarsılan inama görə onun təklifi artacaq, ABŞ dollarının mövqeyi daha da möhkəmlənəcək. Dollar satılmır, əksinə yalnız alınırsa, bu dollar tələbini gücləndirəcək və bu məzənnə artımını daha təsirləndirəcək.
Nəinki idxal malları, hətta onun komponenti də qiymətləri yuxarı dartacaq. Dollarla xaricdən alınan malların qiymətinin 30-40 faiz bahalanması qaçılmazdır. Amma bununla belə ölkəmizdə istehsal olunan, lakin hər hansı bir komponenti xaricdən gətirilən məhsulunda qiymət artımı da 15-20 faiz həcmində yüksələcək. Deməli, ölkədəki istehsal müəssisələri xarici ölkələrdən xammal və ya yarımfabrikat alırlarsa, bu biznes qurumlarının istehsal etdikləri mal və xidmətlərin qiymətlərində də artımlar baş verəcək.
Xarici ticarət dövriyyəmiz azalacaq. İqtisadiyyatda zəif dinamizm özünü əsas makroiqtisadi göstəricilərimizdən olan xarici ticarət dövriyyəmizin həcminin aşağı düşməsində göstərəcək. Bu təkcə Azərbaycan xas olan devalvasiya siyasətinin əsas nəticələri kimi çıxış etməyəcək. Monetar siyasətlə bağlı müxtəlif nəzəriyyələr də bunu sübuta yetirir. Məsələn, 1997-ci ildə devalvasiya prosesinə hazırlıq özünün start xəttini Şərqi Asiya ölkələrindən götürərək, Latın Amerikası, Rusiya və digər inkişaf etmiş ölkələrə neqativ təsir göstərməyə başlamışdı. Lakin bizdə ixracatda qeyri-neft ixracatı cəmi 4,5 faiz təşkil etdiyindən, daha çox idxal mallarının həcminin azalmasında müsbət saldo xarici ticarət dövriyyəmizin həcminin aşağı düşməsi ilə nəticələnəcək.
Mənzil bazarında təklif artacaq. Daşınmaz əmlak bazarında tələb azlığı bir müddət hiss olunmayacaq. Sonradan mənzil bazarında təklif çoxluğu özünü göstərəcək. Amma bu zaman da mənzillərin həm qiymətlərinin enməsi, həm də təklif çoxluğu bu bazarda hərarətlənmə yaratmayacaq. Bir müddətdən sonra isə təklif təzyiqi bazarda mənzillərin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Bir müddət baş verəcək süstlük özünü qiymətin aşağı düşməsi ilə əvəz edəcək. Mənzil təklifinin artmasının kökündə isə vətəndaşlarımızın banklardan dollarla götürülən kreditlərin qaytarılmasında çətinliklər müqabilində mənzillərini təkrar bazara çıxarmaq ehtiyacı və digər səbəblərlə bağlı ola bilər. Amma bütün bunlara baxmayaraq daşınmaz əmlak bazarında satılan mənzillərin vergiyə cəlb edilməsi bu sahədə qiymət artımı üçün əsas faktordur.
İnflyasiya iki rəqəmli olacaq. İstehlak malları bahalaşacaq. Xüsusilə istehlak malları bazarında 45 faizlik idxal hesabına təmin edilən məhsulların qiymətlərində artımların olacağı qaçılmazdır. Toplam inflyasiyanın güclənməsində xüsusi ağırlıq idxal inflyasiyasının üzərinə düşəcək. İdxal olunan malları dollarla alan sahibkar onu yerli bazarda manatla satanda qiymət fərqindən vətəndaş 20-30 faiz daha baha qiymətə mal almalı olacaq. Başqa sözlə inflyasiya doğran amillərinin fəallaşması il ərzində bizi müşahidə edəcək.
Ölkəmizdən turist axınları azalacaq. Vətəndaşlarımız üçün xarici ölkələrə getmək imkanları çətinləşəcək. Hətta qonşu Gürcüstana istirahətə gedənlərin sayında belə azalmalar olacaq. Novruz bayramı günlərindəki Gürcüstana gedənlərlə ötən il həmin ölkəyə gedənlər arasında fərqin nəzərə çarpması da bunu deməyə imkan verir. Yay aylarında bu vəziyyət özünü daha qabarıq göstərməyə başlayacaq.
Yeni ixtisarlar başlayacaq və işsizlik artacaq. İndiyə qədər dövlət sektorunda çox zaman paralel strukturların olması və idarəetmə aparatının şişirdilməsi neft gəlirlərinin artması fonunda baş verirdi. Neft pulları dövlətin gücünü hər yerdə təzahür olunmasını şərtləndirirdi. İndi neft pulları da azalır və əvvəlki xərcləri maliyyələşdirə bilməyən hökumət ictimai vəsaitlərə qənaət məqsədilə kütləvi ixtisarlara başlayacaq və proses il boyu daha da sürətlənəcək. İndiyə qədər dövlət strukturlarında neft pullarının güclü “nəfəsliyi” hesabına şişirdilmiş süni məmur ordusunu və bürokratiyanın ağırlığına azalan dövlət gəlirlərinə dözə bilməyəcək. Beləliklə dövlət sektorunda, xüsusilə SOCAR-da ixtisarlar sürətlənəcək.
Kiçik və Orta Sahibkarlıq subyektlərini çətinliklər gözləyir. Biznes üçün əlverişli olmayan mühitin mövcudluğu və bazar iştirakçılarının adaptasiya oluna bilmədiyi şərtlər altında özəl sektorda gəlirlilik səviyyəsi aşağı düşəcək. Buna uzun müddət dözə bilməyən kiçik və orta sahibkarlıq subyektlərinin bağlanması və işsizlik səviyyəsinin yüksəlməsinin şahidi olacağıq. İl ərzində Avropa Olimpiya Oyunları və devalvasiya əməliyyatından yaranacaq ziyanı sahibkar ordusunun “sıxışdırılması” hesabına təmin ediləcək. “Korrupsiya vergisi” və inzibati müdaxilə daha da sərtləşəcək. İndiyə qədər sahibkarlıq fəaliyyəti zamanı qanun pozuntuları İnzibati Xətalar Məcəlləsi ilə tənzimləndiyi halda, indi artıq bəzi hüquqpozma hallarının Cinayət Məcəlləsinə daxil edilməsi bunun ilk simtomlarıdır.
Yoxsulluğun azalması yox, artması sürətlənəcək. Bazarlarda bahalaşmanın yaranması hesabına vətəndaşlarımız daha çox vəsait xərcləməsi, indiyə qədər mövcud olmuş gəlirlərinin azalması, iş yerlərində olacaq ixtisarlar və bu kimi təsirlərin hesabına yoxsulluq səviyyəsi kimi daha da artacaq.
Milli valyutaya və bank sektoruna inamın yenidən bərpa olunması çox vaxt aparacaq. Devalvasiyanın əsas təsirlərindən biri də psixoloji təsirlərdir. Çünki, devalvasiya prosesi ölkə iqtisadiyyatının milli valyuta ilə namünasibliyini meydana çıxardı. Buna görə manata azalan inam ölkə iqtisadiyyatına uzun müddətli investisiyaların azalmasına və iqtisadi marağın zəifləməsinə səbəb olacaq. Bu monetar orqanlara inamın bərpa olunması həm uzun müddətli zaman, həm də xeyli resursun (PR kompaniyası, marketinq, hədsiz əlverişli şərtlər, bahalı faizli əmanət qəbulu və s.) sərf edilməsi tələb olunacaq.
Tənzimlənən qiymətlərdə artımlar ola bilər. İri dövlət şirkətləri (təbii inhisarçılar-Azərsu, AZAL, Metropoliten,Azərişıq və s.) bazarda qiymətlərin artmasını və büdcə gəlirlərinin azalmasını əsas götürərək özünün satdığı mal və xidmətlərin qiymətlərinin artımına gedə bilər. Yəni, əhaliyə göstərdikləri xidmət haqlarının qiymətlərində yüksəlişlərin olacağı az istisna olunmur. Belə bir artım isə vətəndaşların kommunal xərclərinin artmasına və ev təsərrüfatlarının durumunun da daha da ağırlaşmasına əlavə təkan verəcək. Dövlət inhisarında olan xidmətlərin bəzilərinin sərbəst qiymət qoyması üçün həmin qurumların Tarif Şurasına(“Tənzimlənən Qiymətlər Haqqında” qanun) müraciət etmədən baş verməsi ilə bağlı son dəyişiklikdə həmin prosesə hazırlığın əsas əlaməti hesab olunmalıdır.
Dövlətin xarici borcunun real dəyəri artacaq. ABŞ dolları ilə kredit götürən vətəndaşlarımızın vəziyyəti ağırlaşdığı kimi dövlət subyektinin də həmin valyuta da olan itkiləri də böyüyəcək. Xarici valyutada olan əməliyyatlarımızda, o cümlədən ABŞ dolları ilə bağlı xarici borclanmadan itkilərimiz çox olacaq. Yəni, ölkənin 6,4 milyard dollar həcmində olan xarici borcunun üzərinə məzənnə itkisini də həmin borc ağırlığını daha da artıracaq.
İqtisadi artım azalacaq. Əvvəlki illərdə iqtisadi artımın əsas lokomotivi neft sektoru idisə, indi həmin lokomotiv adı və heç parıltısı olmayan “qatara” çevrilir. Neft hasilatı və onun əlverişli qiymət həddi iqtisadi artım üçün baza rolun oynayırdısa, indi belə bir üstünlükdən məhrum olmaq üzrəyik. Bazar dinamizmi azalanda iqtisadi artım da aşağı düşür. Bu baxımdan ilin sonuna qədər qeyri-neft sektorunda mövcud olan şərtlər altında dəyişmələr aşağı doğru gedəcək. Əgər dünyada neftin də qiymət səviyyəsi indiki səviyyədə qalsa, bu illik ÜDM-in artım dinamikası haqqında yalnız pessimist ssenariləri bölüşməyi qaçılmaz edir.
Gəldiyim qənaət bundan ibarətdir ki, indiki məzənnə nisbəti (1 $=1,050 AZN) ilə iqtisadiyyatımız çətin buna uyğunlaşa bilsin. Bazar iştirakçıları uzun müddət tamam ayrı məzənnə səviyyəsi və koridorda fəaliyyətlər qurulmuşdur. İndiki nisbi artım yox, böyük həcmli məzənnə fərqi biznesin oturuşmasına və istehlakçı davranışlarına ciddi maneələr yaradır. Ona görə indiki qiymət və məzənnə səviyyəsi əvvəlki iqtisadi platformada inkişafı istisna edir. Bu baxımdan şəxsən mən düşünürəm ki, bazar iştirakçıları (biznes, istehlakçılar, dövlət) üçün daha ağrısız və asan adaptasiya məzənnəsi 1 $ =0,90 AZN nisbətidir. Bu nisbətdən kənarda zorən tətbiq ediləcək mövcud məzənnə nisbəti iqtisadiyyatımızda sadaladığım riskləri yaxın aylarda qaçılmaz edəcək. Amma görünən odur ki, nəinki 1 ABŞ dollarının 1,05 manat səviyyəsində məzənnə oturuşacaq, əksinə ikinci devalvasiya dalğası başlansa 1 dolların 2-3 manat səviyyəsinə qədər yüksəlməsi də mümkün ola bilər. Bu pessimist ssenari üzrə baş verən hadisələr fonunda isə MB-ın valyuta ehtiyatları ilin sonuna, 7-8 aya tamamilə boşala bilər. O zaman isə strateji valyuta ehtiyatı dediyimiz tərəzinin bir gözü(MB-ın rezervləri) tamamilə sıradan çıxır, qalır yalnız Neft Fondunun idarəetmədə olan aktivləri. Onların isə xarici idarəetməyə verdiyimiz üçün üzərində sərəncam vermə hüququmuz yoxdur. Çünki, onları müqavilə əsasında bir neçə illiyə(ortalama olaraq 3-5 il) xarici idarəetməyə vermişik. Vaxtından əvvəl isə həmin aktivlərdən istifadə etmək istəyimiz həmin müqavilə öhdəliklərinin pozulması və əldə olunacaq gəlirlərdən məhrum olmamız deməkdir. İndi hökumət bir neçə zərərli variantdan daha az zərərlisini seçmək vəziyyəti ilə üz-üzə qalıb.
Məhəmməd Talıblı, istiqlal.az
Short URL: http://www.cumhuriyyet.net/?p=22820