Azərbaycanda bank böhranı

26.06.2015 - 09:55

«Kiçik bankları xilas etmək mümkün olmayacaq»

bank1Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsi (12 faiz) və maksimum məbləğin limiti (30 min manat) aradan qaldırıla bilər. Bu barədə “APA-Economics”ə bank sektorunda olan mənbə məlumat verib.
Sözügedən məsələ ilə bağlı maliyyə müəssisələrinə rəsmi göstəriş daxil olmasa da, qorunan əmanətlər üzrə faiz dərəcəsinin və maksimum məbləğin limitin aradan qaldırılacağı gözlənilir. Bankirlər bildirirlər ki, burada əsas məqsəd manat qıtlığının aradan qaldırılması, eləcə də banklara daha çox əmanət formasında vəsait cəlb etməyə nail olmaqdır.
Məsələ ondadır ki, ilin ilk 4 ayında milli valyuta üzrə əmanət qoyuluşu 4,4 mlrd. manatdan 2,3 mlrd. manata düşüb. Başqa sözlə, əgər 2014-cü ilin dekabrında əhali tərəfindən banklara qoyulan manatla olan əmanətlərin həcmi 4 mlrd. 422,4 mln. manat olubsa, cari ilin yanvarında bu göstərici 4 mlrd. 276,3 mln. manat, fevralda 2 mlrd. 987,8 mln. manat, martda 2 mlrd. 697 mln. manat, apreldə isə 2 mlrd. 245,1 mln. manat təşkil edib. Başqa sözlə, faktiki olaraq, banklar təkcə əmanətlərdə 2 mlrd. manat itiriblər. Müxtəlif səbəblərdən əhali əmanətlərini banklardan gedir çəkir.
Bir çox bankirlər qorunan əmanətlər üzrə maksimum məbləğin ləğv ediləcəyini mümkün hesab etsələr də, onların bəzi həmkarları sığortalanan əmanət üzrə faiz dərəcəsi limitinin ləğvi məsələsini ağlabatan saymır. Bu mövqedə olanlardan fərqli olaraq, bəzi bank mütəxəssisləri faiz dərəcəsi limitinin ləğvi məsələsinin mümkün olduğunu hesab edir. Sonuncular hesab edir ki, faiz dərəcəsi limitinin aradan qaldırılması əmanətçiləri pullarını banka yatırmağa sövq edəcək. Çünki, bu yenilik tətbiq olunsa, bütün əmanətlər sığortalı sayılacaq. Yəni, əmanətçilər istənilən vaxt pullarını geri ala biləcəyinə əmin olacaq və buna görə də pullarını banklara etibar edəcək.
Bəzi mütəxəssislər hesab edir ki, faiz dərəcəsi limitinin ləğvində diferensial yanaşma tətbiq oluna bilər: “Yəni, əmanətçiyə münasibətdə bu limit ləğv oluna bilər. Amma ola bilsin ki, banklara münasibətdə bu limit qalsın. Bu limitdən yüksək faizlə əmanət qəbul edən banklar buna görə Əmanətlərin Sığortalanması Fonduna müəyyən komissiya ödəsin”.
Sözügedən məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov “APA-Economics”ə bildirib ki, əmanətlərin sığortalanması üçün maksimal həddin, yəni 30 min manatın dəyişdirilməsi qanunla tənzimlənir.
“Qorunan əmanətlər üzrə faiz dərəcəsinə isə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının iclasında cari ilin 6 aylıq nəticələri müzakirə olunarkən baxıla bilər”, – deyə A. Cavadov vurğulayıb.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası fevralın 23-də Mərkəzi Bankı ilə razılaşdırmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 24 fevral 2015-ci il tarixdən etibarən 9 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul edilib.
Iqtisadçı-ekspert Qadir Ibrahimli “Azadlıq”a açıqlamasında bildirib ki, Mərkəzi Bank böhran dövrünə hazırlaşır: “Mərkəzi Bankın devalvasiya qərarından sonra banklarda ciddi maliyyə problemləri yaşanır. Hazırda əsas məsələ maliyyə çatışmazlıqlarını aradan qaldırmaqdır. Bank maliyyəsinin əsas qaynaqlarından biri də əhalinin sərəncamında olan sərbəst vəsaitlərin banka cəlb edilməsidir. Indiki qaydalar bu əməliyyatlara stimul vermir. Çünki Əmanətlərin Sığortalanması Fondu cəmi 30 min manata qədər əmanətlərə zəmanət verir. Ona görə də Mərkəzi Bank burada limiti aradan qaldırmaq istəyir”.
Q.Ibrahimlinin sözlərinə görə, qaydalar dəyişsə belə, bu addımın effekt verəcəyini söyləmək çətindir: “Artıq ölkədə bank sisteminə etimad azalıb. Devalvasiyadan sonra əhali yenidən ”sandıq yığım”larına üstünlük verir. Bununla belə 30 minlik limitin aradan qaldırılması az da olsa banklara nəfəs verə bilər. Ancaq geniş mənada bu bankları, xüsusilə də kiçik bankları xilas edə bilməyəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27324

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728