Qorxmaz Hüseynov ərtafında həbs və xəyanət burulğanı

30.06.2015 - 02:33

qorxmazhBəzi yüksək rütbəli məmurların tamahlarına sipər çəkməsi mümkünsüzləşib. Bu problemdən ilk növbədə əziyyət çəkənlər təbii ki, orta vəziyyətdə yaşayan geniş əhali təbəqəsidir. Son illər dövlət səviyyəsində korrupsiya və rüşvətxorluğa qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bəzi sahələrdə xoşagəlməz durum hələ də davam edir.
Bildiyiniz kimi, ölkənin əsas xidmət sahələrindən biri də su təsərrüfatıdır. Əhalinin fasiləsiz şəkildə içməli su ilə təmin edilməsinə cavabdeh isə Açıq Səhmdar Cəmiyyətidir (ASC). Lakin Qorxmaz Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərən qurumda son vaxtlar ciddi problemlər üzə çıxmaqdadır. Bu barədə mətbuat vasitələrində dəfələrlə informasiya verilib və Qorxmaz Hüseynovun fəaliyyətində yol verdiyi qanun pozuntularına geniş yer ayrılıb. Mətləbə keçməmişdən öncə qeyd edək ki, Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi ximət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1989-cu ildə NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 16 fevral 2011-ci il tarixində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

Dövlət proqramlarının icrası zamanı yeyintiyə yol verilir
Cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, Qorxmaz Hüseynov ASC-yə sədr keçəndən sonra paytaxtın, ümumiyyətlə ölkənin içməli su ilə təminatında böyük problemlər meydana çıxıb. Açıq Səhmdar Cəmiyyətinin əhaliyə göstərdiyi xidmətdə hər hansı bir mühüm dəyişiklik baş verməyib. Qeyd etmək lazımdır ki, əslində Azərsunun fəaliyyəti ilə bağlı olaraq görülən işlərin çoxu ayrıca dövlət proqramları hesabına həyata keçirilir. Məsələn, Bakıətrafı rayonların sosial-iqtisadi inkişafı proqramı üzrə kəndlərə içməli su çəkilib. Vəsait ayrıca olaraq dövlət proqramının icrası üçün büdcədən ayrılır. Amma ümumi illik yekun hesabatlarda biz adətən icraçı olan işin sahibi olaraq təqdim edilən görürük. Maraqlıdır ki, dövlət proqramlarını bir kənara qoyanda adıçəkilən qurumun hər hansı uğurlu fəaliyyətini müşahidə etmək mümkün deyil. Məsələ burasındadır ki, dövlət proqramlarının icra edilməsi ilə bağlı da bir sıra neqativ hallara rast gəlinir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara əsasən, şirkətlə bağlı yeyinti halları sərhəd tanımır: Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni qaydalar tətbiq edib. Həmin qaydalara əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumla örtülməlidir. Məsələ belə əsaslandırılır ki, həmin qum növü guya boruların əyilməsinə və çürüməsinə imkan vermir. Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacısı oğluna verməsidir. Belə ki, 2011-ci ildən etibarən Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Hacıqabul rayonunun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır. Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir. Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Deyilənə görə, ASC sədrinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar. Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə edilib.
Qohumların adına yaradılan şirkətlər və büdcədən silinən milyonlar
Araşdırmalar nəticəsində məlum oldu ki, ASC sədrinin başlıca gəlir mənbəyi 2011-ci ildən sonra qohumlarının adına yaratdığı və onların idarəçiliyinə verdiyi şirkətlərin vasitəsilə əldə olunur. Belə ki, cumhuriyyet.az-a çatan məlumatlarda deyilir ki, Azərsunun seçdiyi podratçıların demək olar ki, hamısı 2011-ci ildə, ASC-yə yeni rəhbər təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər: Halbuki Satınalmalar haqqında Qanunda yazılıb ki, 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. Lakin podratçı şirkətlər Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsus olduğu üçün qanuna məhəl qoyan yoxdur. Məsələn, Azərsunun seçdiyi şirkətlərdən biri Sənaye Tikinti-M MMC-dir. MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynovdur. O, Qorxmaz Hüseynovun qardaşıdır. Bu MMC Azərsu üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. Hidro-İnşaat Servis MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qayını Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Cəmiyyət rəhbəri vəzifəyə təyin olunandan bu vaxta qədər əhalinin içməli su ilə təminatını yox, öz maliyyə imkanlarını yaxşılaşdırıb. Su və kanalizasiya işçiləri ilə rəsmi müqavilə bağlanmadığına görə minlərlə işçi hazırda Azərsunun layihələrində qeyri-rəsmi işləyirlər, bu işçilərin heç bir sığortası yoxdur. Halbuki, Azərsunun layihələrini həyata keçirən T.T.Ş İnşaat şirkətinin Qəbələdə, Qusarda, Xaçmazda, Xızıda, İmişlidə, Yardımlıda və Beyləqanda gördüyü işlərdə 50-dən çox fəhlə torpaq uçqunu altında qalaraq xəsarət alıb. Amma bu fakta görə şirkətin rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb. Milyonluq tenderlərin qalibi olan bu şirkətlər də Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynov və qaynı Namiq Cəbrayılov tərəfindən idarə olunur.

Korrupsiyaya yol verən Babək Həsənov həbs edilib, Qorxmaz Hüseynovun xalası oğlu Şakir İsmayılov isə azadlıqda gəzir
əbii ki,Azərsuda talanan milyonlara görə kimlərsə cavab verməli idi, verdi də. Belə ki, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ASC-də kütləvi yeyintilər aşkarlandı. Bu mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı əməkdaşı həbs olunub. Araşdırmalara görə, Babək Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət birləşməyə daxil imiş: Babək Həsənov Azərsu Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Babək Həsənovun həbsinin yaratdığı təlatüm səbəbsiz deyil. Çünki o təkcə departament rəisi kimi Azərsuda müəyyən üstünlüyə sahib deyildi. Bu şəxs həm də Teyyub Cabbarovun qardaşının kürəkəni kimi qurumda qeyri-rəsmi status qazandığından bir sıra iri maliyyə mənimsəmələrinin başında duran əsas insanlardan olub. Onun təmsil olunduğu Hüquq Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə texniki şərt sənədlər toplusunu hazırlamaqda hökmlü olmayıb. Qeyri-rəsmi status Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalizasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan texniki şərt də məhz onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb. Maraqlı burasıdır ki, bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də, oradan alınan şirinlik ASC-nın rəsmi hesabına ödənilməyib. Yayılan söz-söhbətə görə, Babək Həsənov təxminən 300 min manatı özünün götürdüyünü, 650 min manatın isə qayınatasının qardaşı olan Teyyub Cabbarovun villasına xərcləndiyini etiraf edib. İddialara əsasən aşkara çıxarılan mənimsəmə halına görə məsuliyyət daşımalı olan şəxslərdən biri də Qorxmaz Hüseynovun xalası oğlu Şakir İsmayılov imiş. Lakin ASC-də məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunması nədənsə təxirə salınıb.

Yasamalda yeni tikilmiş binalara verilən texniki şərtlərdən alınan pulların böyük hissəsi mənimsənilib
Başqa bir məlumata görə isə Babək Həsənovun həbsinə qədər texniki şərtlər birbaşa Teyyub Cabbarovun razılığı ilə verilib: Mümkündür ki, bu Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta Sukanal Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əslində isə texniki şərti bu institut hazırlayıb səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi. Hazırda texniki şərtlə bağlı hazırlanan bütün sənədləri birbaşa sədrin özü nəzərdən keçirməyə başlayıb. Qorxmaz Hüseynovun bu işə belə ciddi yanaşması da səbəbsiz deyil. Çünki xalası oğlu Şakir İsmayılovun da Babək Həsənovun həbsində adı hallanıb. Deyilənə görə, Yasamalda yeni tikilmiş binalara verilən texniki şərtlərdən alınan pulların böyük hissəsi mənimsənilib. Bu isə o qənaəti yaradır ki, istintaq dərinləşərsə, cəmiyyət sədrinin xalası oğlu və digər qohumları da məsuliyyətə cəlb edilə bilər. Yaxud digər bir məqama diqqət yetirək. Araşdırmalar zamanı aydın oldu ki, su istehlakçıya çatana qədər 3 mərhələdən keçir: palçıq-gildən təmizlənmə, xlorlama və zəyləmə. Bu 3 mərhələyə milyonlarla vəsait sərf olunur. Təmiz suyu hövzələrdən-su anbarlarından istehlakçılara normal çatdırmaq üçün istifadə olunan AQREQAT-lar məsələsinə toxunmaq istəyirik. Heç kimə sirr deyil ki, ən azı Bakı sakinləri həmişə suyun normal gəlməməsindən şikayətlənirlər, hətta loru dildə suyun davlenisi aşağı düşüb deyirlər. Sıravi insanlar başa düşmür ki, suyun davlenisini aşağı salan Azərsunun rəhbəri Qorxmaz Hüseynovdur. Bəli, Qorxmaz Hüseynovun birbaşa göstərişi ilə 1 AQREQAT 2-3 saat dayanan kimi ciblərə külli miqdarda pul gəlir. Təsəvvür edirsiniz, 10 aqreqatı 2-3 saat saxlayan kimi cəmiyyət rəhbərinin büdcəsinə xeyli gəlir yığılır. Camaat isə suyun az, yaxud fasilələrlə gəlməsindən əziyyət çəkir.

Layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsi əsl korrupsiya faktıdır
Göründüyü kimi, yaxın qohum-əqrəbalarını ətrafına yığan, onların bir neçəsini qanunsuz şəkildə milyonluq layihələrə cəlb edən Qorxmaz müəllim ölkə əhalisinin içməli su ilə təminatını tamamilə bərbad hala salıb. Ekspertlər isə hesab edir ki, layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsi əsl korrupsiya faktıdır: Çünki Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu, bir neçə qanunla tənzimlənir. Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi otkat şəklində geri alınır. Çox primitiv olsa da, illərlə işləyən bir sistem, struktur qurulub. Bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir. Şirkətin bağlandığı elan olunur, sonradan onun barəsindəki sənədlər də məhv edilir. Beləliklə, bütün izlər itir. Verilən bilgilərə görə, Azərsu ASC-də yaşanan özbaşınalıqlar və külli miqdarda büdcə vəsaitinin mənimsənilməsi yuxarı instansiyalarda narahatlıqla qarşılanıb. Bu barədə redaksiyamıza məlumat verən özəl mənbənin sözlərinə görə, məsələnin kifayət qədər ictimailəşməsi və aşkarlanan korrupsiyaya bir dövlət qurumunun ən yüksək vəzifə sahiblərinin bulaşması prosesə daha yüksək səviyyədə müdaxiləni zəruri edib: Hazırda yuxarılarda Qorxmaz Hüseynovun vəzifədən azad edilməsi ilə bağlı müzakirələr aparılır. Artıq Azərsu ASC-nin sədri postuna iddia edən namizədlər də var. Fakt budur ki, qurumun hazırkı sədrinin mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib və o vəzifəsini qorumaq gücünə malik deyil. Sözsüz ki, vəziyyətin belə yaranmasına sədrin özü səbəb olub. O tapşırılan işləri istənilən səviyyədə həyata keçirsəydi, yeyintiyə yol verməsəydi, bu cür olmazdı. Bir sözlə, Hüseynov vəzifədən azad edilsə, öz səhvlərinin cəzasını çəkməli olacaq.

Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27364

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031