“Türk axını”: olum, ya ölüm?

06.07.2015 - 00:23

tanap1Rusiyanın Avropa Birliyinə təbii qaz nəqlində alternativ marşrut kimi Moskvanın çox geniş reklam etdiyi “Türk axını” layihəsi olduqca ağır vəziyyətdədir. “Qazprom” qazını Ukrayna ərazisindən keçirməyərək Avropaya çatdırmaq üçün Türkiyə istiqamətini seçmişdi və bunu da az qala ilin ən ciddi geosiyasi uğurlarından biri kimi təqdim edirdi.
İşlərin də sürətlə davam etdiyi, marşrutla bağlı işlərin ən yaxın zamanlarda başlanacağı deyilirdi.
Əslində, indi də deyilir.


Amma “Türk axını” layihəsi dalana dirənib. Layihədə Türkiyəni təmsil edən BOTAŞ şirkəti ilə “Qazprom” marşrutla nəql ediləcək qazdan Ankaraya ayrılacaq payın Türkiyənin daxili bazarlarında satış qiymətləri ilə bağlı razılığa gələ bilmirlər.

Danışıqlar ilin əvvəlindən bəri davam edir. İlkin razılaşmalara görə, müzakirələr iyunun 29-da başa çatmalı və yekun qərar, yəni “Qazprom”un Türkiyədə satılacaq qazla bağlı tarifləri açıqlanacaqdı.
Anlaşma yoxdur. Bu azmış kimi BOTAŞ “Qazprom”dan çox narazıdır və Rusiya ilə mübahisələri beynəlxalq arbitraj məhkəməsində çözmək niyyətindədir.

“Qazprom” dünənədək çox sərt mövqe tutmuşdu və danışıqlarda bir addım da geri çəkilməyəcəyini bəyan edirdi. Məqsəd Ankaraya təzyiqlər göstərmək, Türkiyə ilə Avropa Birliyi arasındakı siyasi gərginlikdən yararlanaraq türkləri ilkin şərtlərlə razılaşdırmaqdı.

Moskvanın planı alt-üst olub və əslində, baş verənlər əvvəlcədən təxminlənəndi.

“Qazprom”un Türkiyə ilə bağlı ssenarisini pozan məqamlarsa Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq Transadriatik və Transanadolu qaz boru kəmərləri (TAP, TANAP) layihələridir.
Məhz bu layihələrin sayəsində Türkiyə “Qazprom”dan asılılığa düşməyib və Moskva ilə danışıqlarda daha qətiyyətli, daha əmin mövqe tuta bilib.

“Qazprom” aqressiv ritorikasından əl çəkməsə də, faktiki olaraq çıxış yolu yalnız Ankaranın şərtləri ilə razılaşmaq, sonra da bunu “təkliflər qarşılıqlı maraqların təminatı baxımından qəbul olundu” tipli açıqlaması ilə ört-basdır etməyə çalışmaqdır.

“Qazprom” geri çəkilməyə məcburdur. Rusiya bundan sonra da inad edərsə, “Türk axını” layihəsini “Cənub axını”nın taleyi gözləyir. Yəni Moskvanın yeni marşrut idefiksi də həyata keçirilməmiş puç ola bilər.

Doğrudur, “Qazprom”un layihəsindən asanlıqla əl çəkməsini proqnozlaşdırmaq çətin olduğundan Rusiyanın “Türk axını”nı qeyri-müəyyən müddətə dondurması da istisna olunmur.
Enerjidaşıyıcılarının nəqli sahəsində Türkiyə ilə “məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq” ümidlərinin puç olacağı təqdirdə Moskva Ankaraya verdiyi vədləri də unuda bilər.
“Türk axını” ilə bağlı problemlər Yunananıstan rəhbərliyini də narahat edib: çünki marşrutun reallaşması gecikdikcə rəsmi Afinanın əlavə maliyyə təminatı mənbələrinə olan hesabları absurd təsir bağışlayır. Rusiya təbii qazını Türkiyə ərazisi ilə yeni marşrutla nəql edə bilməsə, təbii ki, Yunanıstan ərazisində də hansısa boru kəmərinin inşasına başlayası deyil.

Bu isə Afinanın Moskvadan pul almaq, Avropa Birliyinin həddən ağır təzyiqlərinə və pressinqinə Rusiya maliyyəsi ilə davam gətirmək istəklərini illüziyalara çevirir.

Moskvanın seçim imkanları çox məhduddur. “Qazprom” ya “Türk axını” ilə nəql etmək istədiyi təbii qazın bir hissəsini Türkiyədə özünə sərf etməyən qiymətlərə satmağa razılaşmalı, ya da “nəhəng layihə” qismində reklam etdiyi “Türk axını”ndan əl çəkməlidir.
Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropa Birliyinə yönəldəcək TAP və TANAP layihələrindən fərqli olaraq, “Türk axını” da eynən “Cənub axını” kimi tamamilə mənasız, iqtisadi və maliyyə baxımından səmərəsiz marşrutlardır. Çünki “Cənub axını”nda olduğu kimi, “Türk axını”nda da Avropa Birliyindəki alıcılara marşrutun “yerdə qalan hissəsi”ni, yəni boru kəmərinin AB ölkələrindən keçən qismini inşa etmək təklif olunur.

TAP və TANAP-da isə belə paradoksal tələblər yoxdur, əksinə, Azərbaycan təbii qazını Avropa Birliyindəki istehlakçılara “qapıyadək çatdırılma”nı təklif edib.

Onu da unutmayaq ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti də Avropa Birliyini təmin edən variantlardan biridir.

Aylar əvvəl yazmışdıq ki, “Türk axını” layihəsi Moskvanın geosiyasi ambisiyalarının təminatına hesablandığından uğurlu marşrut qismində fəaliyyəti mümkün deyil.
Layihə “ölü doğulmuş uşaq” təsiri bağışlayırdı və Moskva-Ankara danışıqlarında “ciddi irəliləyişlər, əhəmiyyətli uğurlar”dan bəhs olunsa da, Rusiyanın başlıca istəyinin Azərbaycan qazının Avropa Birliyi bazarında daha çox satılmaqla “Qazprom”un mövqelərini zəiflətməsinə imkan verməmək olduğu bəlli idi.

“Meqalayihə” adlandırılan “Türk axını”nı ən adi, trivial narazılıqlar, Türkiyənin daxili bazarında təbii qazın istehlakçılara satış tarifləri ilə bağlı müzakirələr ləngidirsə, Rusiyanın dediklərinə inanmaq olarmı?
Çətin.

Rusiya prezidenti Vladimir Putinin “qəflətən” Ukraynadan təbii qaz tranziti ilə bağlı sazişin müddətinin uzadılması, 2019-cu ildən sonra da tranzitin davamının təminatı üçün Kiyevlə danışıqlara başlamaq barədə göstəriş verməsinin səbəbləri də aydın olur.

Moskvanın başqa çıxış yolu qalmayıb.

Halbuki “Qazprom” elə həmin 2019-cu ildə TAP və TANAP-ı kölgədə qoyacağını vəd edirdi.
Yenə də alınmadı.

Çünki alına da bilməzdi – illüziyaların gerçək kimi təqdimatı yalnız qısa müddətdə reallıq təsiri bağışlaya bilər, bir vaxtdan sonrasa yalanlar faş olur.
Orxan Hun, milli.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27677

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728