Rasim Salmanov maşın bazarını bölməkdən vaz keçdi

10.07.2015 - 11:52

Oliqarx “üstündə oturduğu qızıl”dan səhmdarlara da pay verməyi düşünür?

rrMaşın bazarının böyük payla sahibi, “Bizim Market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanov bazarın bölünməsi fikrindən vaz keçib. Bunu “Bizim Yol” qəzetinə daxil olan “Bakı Avtonəqliyyat-2” ASC-nin səhmdarlarının 7 may 2015-ci il tarixli ümumi yığıncağının 14 saylı protokolu deməyə əsas verir.

Yığıncağın gedişini Bizimyol.info saytının əməkdaşı da izləmiş və iclası qələmə almışdı. Keçirilən yığıncaqla ona aid olduğu iddia edilən protokol arasında yerlə göy qədər fərq var. Barəsində söhbət gedən sənəddə əvvəlcə cəmi səhmdarların sayı 64, cəmi səsli səhmlərin sayı 482541 ədəd (100%), iclasda iştirak edənlər 14 nəfər, malik olduqları səsli səhmlərin sayı 458362 ədəd (95%)olduğunu bildirən rəqəmlər verilib. Bura qədər problem yoxdur. Sənəddə daha sonra qeyd olunur ki, “SC-i haqqında məcəlləyə əsasən və ümumi yığıncağın keçirilməsi barədə reqlamentə uyğun yetərsay olduğuna görə iclasın keçirilməsi səsə qoyulur. Lehinə 458362 səsli səhm, əleyhinə yoxdur”. Əvvəla qeyd edim ki, Azərbaycanda SC-i haqqında məcəllə yoxdur, səhmdar cəmiyyətlərinin fəaliyyəti Mülki Məcəllə(MM) ilə tənzimlənir. İkincisi, iclasın keçirilməsinin səsə qoyulması məsələsi olmayıb.

Protokola görə, iclas öz işinə sədr və katibsiz başlayıb. Yığıncağın da gündəliyində yalnız bir məsələ durub: SC-nin 2014-cü il maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatların təsdiq edilməsi. Yazıldığına görə bunun da lehinə 458362, əleyhinə səs verən olmayıb. Halbuki bura qədər çox hadisə baş vermişdi. Baş mühasib Qasım dayı səhmdarlarla bir xeyli mübahisə etmişdi. Protokolda sədr və katib seçkisi əksini tapmayıb, sədrlə katib sənədin sonunda göydən zənbillə düşər kimi protokola imza atıblar. İclasda isə başqa cür idi. Əvvəlcə səhmdar Vidadi Məmmədov Vəzir Rəcəbovun sədr, özünün katib vəzifəsinə namizədliyini irəli sürdü. Səsə qoydular, 14 nəfər lehinə səs verdi. Bunu dəqiq xatırlayıram, çünki ucadan saydılar. İndi yazılan protokolda iştirakçı sayının 14 olduğunu qeyd ediblər. Onda məntiqlə ya R.Salmanov da cütlüyün namizədliyinə səs verib, ya da özünü saymağı unudub. Mühasib isə yığıncağa sədr R.Salmanovu, katib də özünü “seçdi”. Səhmdarlar xahiş etmişdilər ki, “bunu mütləq protokola salın”, o da “arxayın olun”, demişdi, amma sözünü tutmayıb. Səhmdarlarla mühasib arasında sədr-katib davasıda protokolda yoxdur. Səhmdarlar sədr-katib seçkisində sadə səs çoxluğunun, qarşı tərəf isə səhm sayının əsas olduğunu bir-birinə sübut etməyə çalışırdılar. Minoritarlar MM-ə istinad edirdi, majoritar isə adını bilmədiyi qanunvericiliyə.

Mövcud protokola əsasən “SC-nin sədri R.Salmanov məsələətrafında məlumat verərək bildirdi ki, cəmiyyətin 2014-cü il maliyyə-təsərrüfat fəaliyyəti barədə nizamnaməyə uyğun olaraq təftiş komissiyası tərəfindən ətraflı rəy hazırlanıb. Rəy bildirişlə bir yerdə bütün səhmdarlara göndərilib. Səhmdarlardan R.Salmanov, X.Məmmədov və başqaları çıxış edərək, məsələ barəsində ətraflı müzakirələr apardılar. Çıxış edənlər SC-nin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının rəyini məqbul hesab edərək 2014-cü il maliyyə hesabatının təsdiq edilməsi üçün səsə qoyulmasını təklif etdilər. Qərara alındı: SC-nin 2014-cü il hesabatları və təftiş komissiyasının rəyi təsdiq edilsin (aktiv və passiv 966049.16 manat, balans zərəri 17072.26 manat). SC-nin maliyyəvəziyyətinin yaxşılaşdırılması məqsədilə zərərin azaldılması və cəmiyyətin mənfəətlə işləməsi üçün səhmdarların təklifləri nəzərə alınsın. Qərar səsə qoyuldu: 453762 səs lehinə, 4600 səs əleyhinə. Qərar səs çoxluğu ilə qəbul edildi.Bununla iclas öz işini başa çatdırdı. İclasın sədri R.Salmanov, katib V.Rüstəmov. İmza və möhür”.

Bir az insafınız olsun cənablar, axı yığıncaq belə keçməyib. Sondan başlayım, sənədlərdə adı idarə heyətinin sədri kimi gedən Vahid Rüstəmov protokolda da yığıncağın katibi olaraq qeyd edilib. Onun yığıncağa katiblik etdiyini o gün görən olmayıb. Səsini yalnız bir dəfə eşitdik. Səhmdar V.Məmmədov “mülkiyyətin sahibi Allahdır və buyurur ki, “ya Məhəmməd, o dinsiz və imansızlara de ki, mülkün sahibi mənəm, kasıb-kusubun, imkansızların haqqını yeməyin”” sitatına istehza ilə “əgər bu mülk Allahındırsa, onda niyə bura gəlmisiz”, deyə soruşmuşdu. Katiblik budursa, vəzifəsi bir cümləni söyləməkdən ibarət olub. Mənim xatırladığıma və yazdığıma görə, katib Qasım dayı idi. Eşitdiyimə görə, sonradan o, bazardakı işindən uzaqlaşdırılıb, R.Salmanovun başqa obyektinə mühasib göndərilib.

Uzun mübahisədən sonra hesabatı səsə qoydular, “kim razıdır, əl qaldırsın”, sualına sadəcə R.Salmanov əlini qaldırdı. O da heç əlini qaldırdı-qaldırmadı, bəlli deyildi, ona baxmadan da mühasib elan elədi ki, “1 nəfər razı, yerdə qalan narazıdır”. R.Salmanov tarixi sentimental nitqini protokola salmağı “yaddan çıxarıb”. Amma mən unutmamışam. Yığıncağın gündəliyində “digər məsələlər” adı altında əvvəlcədən gündəliyə salınmayan ASC-nin bölünməsini müzakirəyə çıxartdılar. Mühasib dedi ki, “98.7 faiz əmlakı götürüb çıxırıq, ayrıca MMC yaradırıq, yerdə qalan 1.3 faizi sizə veririk. Kim razıdır, əlini qaldırsın”. Paket sahibindən başqa heç kim əlini qaldırmadı. Bunun ardınca R.Salmanov çıxış elədi: “14 ildir iclaslarda görüşürük, bu, sizinlə axırıncı görüşümüzdür. Sizin əmlakınızı böləcəyik, necə ki, başqa səhmdar cəmiyyətlərdə bunu edib canlarını qurtarıblar. Siz bura səhmdar qismində gəlmisiz, bu torpağın sahibi deyilsiz. “Bakı Avtonəqliyyat-2″nin 4.5 ha torpağı başqa bir şəxsə məxsusdur, dövlət tərəfindən hərracda satılıb, nə mən sahibiyəm, nə də siz. Amma siz də, mən də buradakı əmlakın sahibiyik. Mən 98.7 faiz (son reyestr məlumatına görə, cənab Salmanovun ASC-də 93.97%payı var), siz də 1.3 faizə maliksiz.Bu söz-söhbətləri qurtarmaq üçün belə qərara gəldik ki, sizə ayrıca yolu olan, Babək prospektindən gəlib çıxa biləcəyiniz bir əmlak verək.Biz Əmlak Komitəsinə müraciət edəcəyik, onlar ayırıb sizə verəcəklər. Sonra “Bakı Avtonəqliyyat-2” fəaliyyətini dayandıracaq, iclaslarımız da olmayacaq. Sizə təxminən 65-70 kv.m.əmlak düşəcək. Amma onun torpağı yenə sizin olmayacaq, sadəcə üzərindəki əmlak sizindir. Ola bilər ki, sizə qaçqınların məskunlaşdıqları yer düşsün. Ondan sonra oturub öz aranızda bir qərara gələrsiz. Artıq mən orada heç kiməm, mən də sizin kimi səhmdarlardan biri olacam. Onda siz biləcəksiniz ki, əmlakınız nədir və nəyin yiyəsisiz.İndi oturmusuz qızılın üstündə, deyirsiz ki, buranın hamısı mənimdir. Elə deyil. Biz neçə illərdir bunu etmək istəyirik, indi bunu yüzdə-yüz edəcəyik. Qanunda yazılır ki, əgər əmlak bölünürsə, ayrıca giriş-çıxışı olmalıdır. Biz sizə ayrıca əmlak verəcəyik, istədiyiniz vaxt ora gələcəksiz, o əmlak üzərində sərəncam vermək hüququnuz olacaq. Bu əmlakda hüququnuz yoxdur, o birində olacaq. Amma onu sökə bilməyəcəksiz, sökən kimi torpaq yiyəsi deyəcək ki, “qardaş, xoş gəldin, çıx get burdan”. Əmlak isə 100 illərlə qala bilər. Torpaq sahibi icarəyə görə sizdən pul istəyəcək. İcarəhaqqı nə qədər olacaq, o, bilər, siz bilərsiz. Və bu cür də artıq biz sizinlə görüşməyəcəyik, nə Qasımın sifətini görəcəksiz, nə də mənim”.
MM-in 107-5.”Səhmdarların ümumi yığıncağının qərarı” maddəsinin 107-5.2.bəndinə görə səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edilə bilməz. Gündəliyə salınan məsələ də müzakirə edilməlidir. Amma protokola inansaq guya “digər məsələlər” müzakirə edilməyib. Bilmirəm, indi cənab Salmanov yığıncaqda qanunvericiliyi pozduğunu anlayıb bu məsələni ümumiyyətlə tarixdən silməyə çalışıb, yoxsa hədəfi başqadır, hər halda o yığıncaq geninə-boluna qanun pozuntusu ilə müşayiət olundu. Ortaya çıxan protokol da onun davamıdır. Səhmdarlar oliqarxın bu addımının xoşməramlı olmadığı qənaətindədirlər. Əgər fikrini dəyişib “ASC-dən pay olmaz”, deyə 70 kv.m.-i də minoritarlara çox görürsə və başqa planları varsa, gec-tez üzə çıxacaq. Amma onu da deyim ki, iş adamını minoritarlarla gərgin “döyüş” gözləyir. Qızılın üstündə nə vaxta qədər tək oturacaq?

O ki qaldı protokolda yazıldığı kimi “X.Məmmədov və başqaları çıxış edərək məsələ barəsində ətraflı müzakirələ apardılar” cümləsinə, mən orada Xaqani Məmmədovun baş mühasibə “sən aşağı otur, korrupsionersən”, ya da onun və dolayısıyla da Salmanovun ünvanına “baş korrupsionerin baş köməkçisi” replikalarından başqa bir çıxışının şahidi oldum. Bölünmə məsələsi ilə bağlı R.Salmanovun nitqindən sonra X.Məmmədov ondan icazə alıb çıxış elədi: “Hörmətli səhmdarlar, 20 ildir “moşenniklər” və onların arxasında duran vəzifəli korrupsionerlər vəzifəsində çalışaraq dövlətə məxsus əmlakı oğurlamaqla özləri kimi korrupsionerlərin adına alıblar. Bu korrupsionerlərdən xırdası “S Class”da gəzərək bizi təhqir edir ki, “siz avtobusla gəlib səhmdar cəmiyyətdəkiləri narahat edirsiz”. Biz narahat etmirik. Mərhum Prezident Heydər Əliyev özəlləşdirmə Proqramı imzalamış, Azərbaycan xalqının bu özəlləşdirmədə iştirakını təmin etməklə Əmlak Komitəsinin Auksion Mərkəzində özəlləşdirmə aparmasına göstəriş vermişdi. Gördüyünüz səhmdarların əksəriyyəti proqrama uyğun o hərraclarda iştirak edərək ASC-lərdə səhmdar olub. Biz vəzifə tutmuruq ki, pul oğurlayıb paket sahibi olaq”. Bu da X.Məmmədovun “müzakirəsi”. Protokolda bu “müzakirə”nin mətni əksini tapmayıb.

MM-in 107-6.”Səhmdarların ümumi yığıncağının protokolu” maddəsinə görə çıxışların xülasəsi, səsə qoyulan hər bir məsələ üzrə səsvermənin nəticələri protokolda əksini tapmalıdır. Amma onlar buna əməl etməyiblər, çıxışların xülasəsi verilməyib, hər bir məsələ üzrə səsvermə də düzgün göstərilməyib. Bəzi hallarda müzakirə olunan məsələlər gündəlikdə yoxdur, bəzən də müzakirə edilib, səsə qoyulmayan müzakirə edilmiş kimi göstərilib. Protokolda özlərini elə aparıblar ki, guya heç bölünmə məsələsini yığıncağın müzakirəsinə çıxartmayıblar. Sonda “SC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə zərərin azaldılması və cəmiyyətin mənfəətlə işləməsi üçün səhmdarların təklifləri nəzərə alınsın”, cümləsi burada artıqdır, çünki belə bir təklif yerli-dibli olmayıb. Mən bu cümlədən narazı deyiləm, iclasda “yollarını ayıran” sahibkar protokolda səhmdarlara “görüşərik”, deyir. Tələsib bunun bizim xidmətlərimiz olduğunu demək istəmirəm, lakin minoritarlardan fərqli düşünürəm ki, R.Salmanov haqqın yolunu tapıb, söz verir ki, mənfəətlə işləyəcək. Onsuz da mənfəətlə işləyirdi, amma adam səhmdarlara da ondan pay düşəcəyinə işarə vurub. Bir də satdığı torpağı ASC-nin balansına qaytarsa yaxşı olacaq…(“Bizim Yol”)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27949

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031