Qlobal böhran və valyuta müharibələri: Azərbaycanı nə gözləyir

21.08.2015 - 13:06

dollarUcuzlaşan neft, dəyərdən düşən milli valyuta, müflis olmaq həddinə gəlib çatan banklar, daşınmaz əmlak bazarının çökməsi, ərzaq bahalaşması, dayanan müəssisələr, bağlanan iş yerləri…

Bütün bunlar son bir ilə yaxındır ki, Azərbaycan da daxil olmaqla dünyanın inkişaf etməkdə olan ölkələrində əsas iqtisadi hadisələrdir, daha doğrusu kifayət qədər dərin qlobal iqtisadi böhranın əlamətləridir.

Dünyanın nüfuzlu iqtisadi nəşrlərindən “The Financial Times” qəzetinin analitiklərinin xəbərdarlıq etdiyi kimi, bu böhran təxmin edildiyindən daha dərin ola və daha uzun çəkə bilər. Böhranın  kimə necə təsir göstərəcəyi barədə isə müxtəlif təhlillər var. Hazırda böhran valyuta müharibələri fazasına daxil olub və iqtisadiyyatları laxlayan ölkələr bir-birinin ardınca öz milli valyutalarını ucuzlaşdırırlar.

Əslində qlobal maliyyə bazarlarında dolların mövqeyinin möhkəmlənməsi ötən ilin ortalarından başlamışdı. 2014-cü ilin dekabrında Rusiya rublunun bir neçə günün içində dəyərini az qala iki dəfə itirməsi isə MDB məkanında milli valyutaların çökməsinin başlanğıcı oldu.

Rublun kəskin dəyərdən düşməsi Azərbaycan da daxil olmaqla MDB ölkələri üçün ciddi fəsadlar meydana çıxardı. Rusiyadan pul köçürmələri kəskin azaldı. Hansı ki, Rusiyadan miqrantların vətənə göndərdikləri pulları bəzi MDB ölkələrində ÜDM-in hətta yarıdan çoxunu təşkil edirdi.

Eyni zamanda Rusiya ilə kənd təsərrüfatı mallarının ticarəti zəiflədi, proseslər zəncirvari xarakter aldı. Azərbaycan həm  neftin ucuzlaşmasının, həm iqtisadi böhranı digər təsirlərinin nəticəsində manatı 35 faiz ucuzlaşdırmalı oldu.

Qazaxıstan tengesi 20 faiz dəyərdən düşdü. Gürcüstan, Ermənistan, Qırğızıstan və Ukrayna da öz milli valyutalarının dəyərdən düşməsinin qarşısını ala bilmədi.

Doğrudur, Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxandan sonra rus valyutası bir neçə ay ərzində yenidən dəyər qazandı. Ancaq neftin qiymətində növbəti enmənin başlamasının və sanksiyaların təsiri altında rubl yenidən dəyərdən düşməkdədir. Son məlumatlara görə, 1 dollar artıq 70 rubla yaxındır.

Rusiyanın ardınca Qazaxıstan milli valyutasının kursunu sərbəst buraxmalı olub. Nəticədə bir günün içində tenge 35 faizə yaxın dəyərdən düşüb.

Prezident Nazarbayev qazaxlara müraciət edərək onları uzunmüddətli və dərin iqtisadi böhran şəraitində yaşamağa hazır olmağa çağırıb.

Çin yuanı, Malayziya rinqqiti də son həftələrdə kəskin ucuzlaşan milli valyutalar arasındadır. Bütün bunlar dünyanı yeni iqtisadi böhran dalğasının bürüdüyünü, özü də böhranın ən çox inkişaf etməkdə olan ölkələrə təsir etdiyini göstərir.

İqtisadçılar milli valyutaların ucuzlaşması tendensiyasının “valyuta dempinqi” olmasından şübhələnirlər. Xarici ticarətdə rəqabət üstünlüyü əldə etmək üçün ölkələrin öz milli valyutalarını bilərəkdən dəyərdən salmasını bu cür adlandırmaq qəbul edilib.

Artıq ABŞ Maliyyə Nazirliyinin nümayəndələri iki həftə ərzində yuanı dollara nisbətdə 5 faiz ucuzlaşdıran Çini valyuta dempinqində ittiham ediblər.

“Reuters” Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, Vaşinqtonda Çinin bu addımını “həyəcanlı siqnal” kimi dəyərləndiriblər. Hazırda yuanın kursu dollara nisbətdə 1994-cü ildən bəri ən aşağı səviyyədədir. Pekində ümid edirlər ki,bu, Çin mallarının qlobal bazarlarda rəqabətədavamlılığını artıracaq və ölkə iqtisadiyyatını canlandıracaq.

Vaşinqton isə hesab edir ki, onun əsas ticarət partnyoru süni yollarla Çin mallarının ixracını ucuzlaşdırır.

Bu cür ittihamı Rusiya, Qazaxıstan və Azərbaycan kimi öz milli valyutalarını kəskin ucuzlaşdıran ölkələrin ünvanlarına da səsləndirmək olardı. Lakin Rusiyanın beynəlxalq ticarətdə payının cəmi 5 faiz, Qazaxıstanın payının 0,12 faiz olduğunu, Azərbaycanın isə ixracının az qala 97 faizini neftin təşkil etdiyini nəzərə alanda “valyuta dempinqi” ifadəsini işlətmək yersiz görünür.

Azərbaycan kimi ixracı neftdən asılı olan ölkələr öz milli valyutalarını obyektiv səbəblərdən devalvasiya edirlər. Çünki neftin 3 dəfəyədək ucuzlaşması nəticəsində onların valyuta daxilolmaları kəskin azalıb. Milli valyutaları  sabit saxlamaq üçün rezervlər kifayət etmir. Qazaxıstan təkcə bu il tengenin kursunu sabit saxlaya bilmək üçün valyuta ehtiyatlarından 10 milyard dollar xərcləyib. Ötən il isə bu məqsədlə 18 milyard dollar xərclənmişdi.

Azərbaycan Mərkəzi Bankı da manatı sabit saxlamaq üçün hər ay 1 milyard dollardan çox vəsait dövriyyəyə buraxmalı olurdu. Nəticədə Mərkəzi Bankın rezervlərinin yarıdan çoxu “əriyib”.

Lakin ehtiyatdan xərclənən dollarlar milli valyutaları ancaq müvəqqəti sabit saxlamağa kömək edir, ona görə də  Qazaxıstan Mərkəzi Bankı radikal qərar verməli oldu-sərbəst üzən kurs siyasətinə keçdi.

Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov da bir neçə ay əvvəl parlamentdə üzən kurs siyasətinə keçidə hazırlığın getdiyinə eyham vurub. Ancaq əlavə edib ki, hələlik ölkə iqtisadiyyatı buna hazır deyil.

Buna baxmayaraq neftin ucuzlaşmaqda davam etməsi və qlobal böhranın təsirlərinin get-gedə güclənməsi manatın da gələcək taleyi üçün optimist proqnozlar irəli sürməyə imkan vermir. Hesab olunur ki, proseslər bu cür davam etsə, Mərkəzi Bank payızda manatın kursunun süni şəkildə sabit saxlanması siyasətinə yenidən baxa bilər.

Milli valyutaları dəyərdən düşənlər təkcə ixracı neftdən asılı olan ölkələr deyil. Məsələn, Belarus, Malayziya, Hindistan, Türkiyə kimi inkişaf etməkdə olan ölkələrin də milli valyutaları dollara nisbətdə dəyərini itirməkdədir.Eyni zamanda inkişaf etməkdə olan ölkələrdən kapital axını da sürətlənib.

“Financial Times” qəzeti yazır ki, ötən 13 ay ərzində dünyanın 19 inkişaf etməkdə olan ölkəsindən,  cümlədən Çindən, Malayziyadan, Türkiyədən və Braziliyadan  investorlar 940 milyard dollar çıxarıblar.

Azərbaycandan da kapital axınının ilin əvvəllərindən bu yana rekord həcmdə artdığı, ölkədən 16 milyard dollara yaxın kapitalın çıxarıldığı haqda məlumatlar var.

Analitiklər inkişaf etməkdə olan ölkələrdən kapital axınını bu bazarların həddən artıq dolması ilə izah edirlər. Və gözləyirlər ki, bu kapital axını xeyli müddət davam edəcək.

Maraqlıdır ki, 2008-ci ildə başlayan qlobal maliyyə böhranı zamanı məhz inkişaf etməkdə olan ölkələr dünya iqtisadiyyatının gələcək artımının lokomotivləri hesab edilirdi. Həmin dövrdə kapital məhz inkişaf etməkdə olan ölkələrə axırdı. Təkcə 2009-cu ildə inkişaf etməkdə olan ölkələrə 2 trilyon dollar kapital daxil olmuşdu.

İndi isə proseslər tamam əks istiqamətdə gedir. İnkişaf etmiş ölkələrin investorları inkişaf etməkdə olan ölkələri tərk edirlər. ABŞ Federal Ehtiyatlar Sistemi isə dolları gücləndirir.

Məşhur iqtisadçı Nuriel Rubini izah edir ki, inkişaf etməkdə olan iqtisadiyyatların problemləri heç də ABŞ Federal Ehtiyatlar Sisteminin siyasətindən qaynaqlanmır. ABŞ-ın siyasəti ancaq o ölkələrdə problem yaradır ki, onların dollarla nominasiya olunmuş daxili və xarici borclarının həcmi böyükdür. Makroiqtisadi göstəriciləri və siyasi vəziyyəti isə zəifdir.

N.Rubini hesab edir ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti vaxtında iqtisadi artım potensialını genişləndirmək üçün zəruri struktur islahatları aparmadılar və öz-özlərinə problem yaratdılar.

Doğrudur, belə ölkələrin hamısının problemləri eyni deyil. Onların bəzilərində daxili siyasi qeyri-stabillik və qeyri-müəyyənlik iqtisadiyyatı geriyə aparır, bəziləri xammal ixracından həddən artıq asılı olduqları üçün problemlərlə üzləşir.

Analitiklər qeyd edirlər ki, praktika əsas ixrac resursunun bahalı olduğu bir vaxtda xammal ixracına əsaslanmış iqtisadiyyatları modernləşdirməyin mümkün olmadığını göstərir.

Doğrudan da neftin qiymətinin 150 dollara yaxın olduğu bir vaxtda ixracı neftdən asılı olan ölkələr iqtisadiyyatda struktur islahatları aparmaqda o qədər də maraqlı deyildi. Bir halda ki nefti çıxarıb satmaq və ölkəyə dollar axınını təmin etmək mümkündür, o zaman qeyri-neft sektorunda riskli startapları kim inkişaf etdirərdi?

Deməli, neftin kəskin ucuzlaşması belə ölkələri məcbur edəcək ki, iqtisadi islahatlara, struktur islahatlarına getsinlər və “neft iynəsi”indən xilas olmağa çalışsınlar. Xüsusən də beynəlxalq miqyaslı ekspertlərin indiki böhranın lokal xarakter daşımadığı, ancaq ayrılıqda götürülmüş  hansısa regionu və ölkələri əhatə etmədiyi haqda rəylərini nəzərə alaraq.

Bu, adi böhrandan daha ötədir və qlobal böhrandır. Böhran birbaşa və ya dolayısı ilə Azərbaycan kimi inkişaf etməkdə olan və keçid iqtisadiyyatlarına təsir edir. Onun miqyası barədə təsəvvürlər isə hələ yoxdur. Hazırda görünən ancaq aysberqin suyun üstündə olan hissəsidir…

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29984

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031