Manat üçün kritik həftə başladı – Əhalidə devalvasiya qorxusu
24.08.2015 - 10:05
İqtisadçı ekspert: “Mərkəzi Bank pərdə arxasında durmamalıdır”
Azərbaycan Mərkəzi
Bank (AMB) valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib. Mərkəzi bank xəbərdarlığında kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddinin 1,055 səviyyəsində götürülməsini tövsiyə edib. Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.
Qeyd edək ki, Mərkəzi Bankın tələbinə əsasən valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2 faiz yuxarı və yaxud aşağı ola bilər. Bu xəbərdarlıq isə vətəndaşlarda növbəti devalvasiyanın baş verəcəyi ilə bağlı panika yaradıb. Biz də valyuta məntəqələrinə baş çəkib mövcud vəziyyəti, dolların alış və satış qiymətini öyrənmək istəsək də, cəhdimiz boşa çıxdı. Çünki baş çəkdiyimiz valyuta dəyişmə məntəqələri bağlı idi.
Manatla bağlı olan bu gərginliyin nə vaxta kimi davam edəcəyinə gəlincə isə iqtisadçı ekspert Samir Əliyev bu həftənin manatın taleyində böyük rol oynayacağını dedi: “Mən düşünmürəm ki, Mərkəzi Bankın son məktubu panika yaradıb. Əslində o məktubun məğzi ondan ibarətdir ki, banklara göstəriş verilir ki, banklar dolları nəzərdə tutulan həddən, yəni 1.055 həddindən baha satmasınlar. Şənbə-bazar banklarda iş günü deyil və Mərkəzi Bank da istirahət günləri bankların işləməməsini nəzərə alaraq panikanı önləmək üçün bu addımı atdı ki, göstərilən rəqəmdən baha satılmasın. Banklar, təbii ki, vəziyyətdən sui-istifadə edib baha qiymətə sata bilərdi. Hansı ki indi 1.07 hətta, 1 manat 10 qəpiyə də dolların satılması hallarına rast gəlinir. Halbuki bu Mərkəzi Bankın birbaşa yazdığı məktubda göstərdiyi həddə, yəni 1 manat 5 qəpikdən bahadır. Bu baxımdan düşünürəm ki, bu məsələdə mətbuat diqqətli olmalıdır. Dollar Mərkəzi Bankın göstərdiyi həddən yuxarı, yəni 1.07, 1.08, 1.10, 1.20 satılırsa, bu xəbər mətbuata ötürülməlidir ki, Mərkəzi Bank həmin faktı əsas tutaraq həmin valyuta dəyişmə məntəqəsini cəzalandırsın”.
Ekspert əhalinin növbəti devalvasiyanın olacağı ilə bağlı panikasının obyektiv və subyektiv səbəblərindən də danışdı: “Əhalinin bu panikasını ətrafdakı proseslərə görə obyektiv qəbul etmək olar. Yəni neftin qiyməti düşməyə başlayır, Rusiya rublu yenidən ucuzlaşıb.
Qazaxıstan devalvasiyaya getdi, Türkiyədə də valyuta ucuzlaşdı. Düzdür, bu ucuzlaşmaların hər birinin özünün səbəbləri var. Məsələn, Türkiyədə siyasi proseslərlə bağlı ucuzlaşmadırsa, Rusiyada neftin ucuzlaşması və ölkəyə qarşı tətbiq edilən sanksiyalara görədir. Amma ümumi götürəndə diqqət etsək görərik ki, oxşar proseslərdir. Azərbaycanda fevral devalvasiyasından əvvəlki proseslər hazırda da təkrarlanır.
Oxşar proseslər olduğu üçün də insanlar panikaya düşüblər. Bu ajiotaj da təbiidir. Subyektiv tərəf isə bundan ibarətdir ki, müvafiq qurumlar, xüsusən də Mərkəzi Bank bu məsələdə pərdə arxasında durmamalıdır. Cəmiyyətlə, mətbuatla, ekspertlərlə, vətəndaşlarla işləməli, müzakirələr aparmalı, insanları bu vəziyyətlə bağlı açıq məlumat verilməlidir. Ancaq Mərkəzi Bank susur. Ondan heç bir xəbər, reaksiya yoxdur və bu da insanlarda təbiidir ki, narahatçılıq, panika yaradır. Düşünürəm ki, hər bir halda bu məsələ çox həssas məsələ olduğuna görə hökumət diqqətli olmalıdır.
Manatın gələcəyi ilə bağlı fikir söyləmək çox çətindir. Çünki qərarı Mərkəzi Bankın timsalında hökumət verir. Əgər neftin ucuzlaşması davam edərsə, ən azı indiki səviyyədə qalar və bir az da ucuzlaşarsa, mən düşünürəm ki, manatın devalvasiya məsələsi əvvəl-axır reallaşacaq. Onsuzda bu təhlükə, ehtimal var. Hər bir halda son iki günün məlumatı göstərdi ki, Mərkəzi Bank ehtiyatlarını kifayət qədər xərcləyib. Yəqin ki, proses bu cür davam edəcəyi təqdirdə gələn həftə də ehtiyatların xərclənmə prosesi davam edəcək. Ona görə də burada prosesi analiz edib düzgün qərar qəbul etmək lazımdır. Mən hər bir halda düşünürəm ki, bu həftə çox gərgin və məsuliyyətli bir həftə olacaq. Ümid edək ki, hökumətin bu həftə atacağı addım düzgün olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=30128