Elmar Rüstəmovun nikbin fevral çıxışı və dollar panikası…

25.08.2015 - 11:52

elmarHəqiqət acı da olsa, onu bilmək insanı sakitləşdirir və soyuqqanlı edir, reallığın təhrifi və qeyri-müəyyənlik isə panikaya yol açır. Panikanın aparıb çıxara bildiyi yeni reallıqlar isə bütün pessimist gözləntilərdən də pis ola bilir.

Manatın düşüşü yeni devalvasiya söz-söhbətlərini qidalandırır. Valyuta məntəqələri dolları bacardıqca baha satmağa, Mərkəzi Bank inzibati qaydada buna yol verməməyə çalışır, ortada isə qeyri-müəyyənliyin sıxıb əzdiyi vətəndaşlar qalır.

Halbuki əvvəldən – fevraldakı devalvasiya vaxtından elan edilməli idi: bəli, manatın kursu enməkdə davam edəcək, dövlət bu enmənin fevraldakı “qara şənbə”ni təkrarlamaması üçün (bir gündə manat 30 faizdən çox dəyərini itirmişdi) valyuta ehtiyatlarını bazara yönəldir, ancaq ehtiyatlar da dibsiz quyu deyil.

Ötən ilin 31 iyulunda Mərkəzi Bankın valyuta ehtiyatları 15,2 milyard dollar ekvivalentinə bərabər idi. Hal-hazırda isə həmin rəqəm azalaraq artıq 8,5 milyard dollara bərabər olub. Yəni az qalsın 2 dəfə tükənib.

Deməli, söhbət yalnız iki variantın birindən gedə bilər – ya kəskin devalvasiya, ya da tədricən davam edəcək xroniki ucuzlaşma. Nəticə əslində eynidir – söhbət manatın tarixi minimumuna enməsinin ani, yoxsa nisbətən böyük zaman kəsimində baş verəcəyindən gedir. Məhz bu da rəsmən açıq şəkildə deyilməlidir. Əks halda panika ən xoşagəlməz nəticələr üçün katalizator ola bilər.

Baş verənlərin isə obyektiv səbəbləri var. Və bu səbəblərin heç də hamısı Azərbaycan hökumətindən asılı deyil.Proses qlobaldır.

Rus rublu, Çin yuanı və Qazaxıstan təngəsi kəskin ucuzlaşmaqda davam edir. Bu fonda qırğız somunun devalvasiyası başlayır. Bu fonda “Bloomberg” agentliyini ekspertləri bəyan edirlər: təngənin devalvasiyasının ardından daha 10 valyutanı enmə gözləyir.

İlk növbədə də söhbət MDB ölkələrinin valyutalarından gedir. Əsas səbəb kimi də rublun və yuanın kurslarının zəifləməsi göstərilir.

Milli valyutaların zəncirvari şəkildə devalvasiyası artıq MDB ölkələrinin praktik olaraq hamısını çulğayıb. Türkmənistan, Tacikistan, Azərbaycan, Özbəkistan və Belarusda analoji proseslər gedir. Bu ölkələrin Rusiya və Qazaxıstanla ticarət əlaqələri sıxdır –  “domino effekti” baş verir.

Üstəlik, Azərbaycan və Türkmənistanın büdcələri enerjidaşıyıcılarının dəyərindən çox bərk asılıdır, neft isə gündən günə daha çox ucuzlaşmağındadır.

Əlbəttə, daha uzağa gedərək əsas səbəb kimi bu ölkələrin hamısına son 20 ildə mərkəzi kapitalizm tərəfindən sırınmış periferiya kapitalizmi modelinin qüsurunu (və cinayətkarlığını) göstərmək olar, baş verənləri “Asılılıq nəzəriyyəsi”nin zəfərinə sübutu da saymaq olar.

Ancaq bunlar hamısı artıq geridə qalaraq tarix olub, periferiya kapitalizmi ölkələrinə hansı iqtisadi model diqtə olunubsa, onu az vaxtda dəyişmək mümkün deyil – bu dəyişiklik üçün bütün iqtisadi-siyasi formasiyanı dəyişmək lazımdır.

Bu isə hazırda məhz subyektiv şərtlərə görə nonsensdir. Odur ki, hazırda profilaktika üçün çox gecdir, söhbət yalnız xəstəliyin fəsadlarını azaltmaqdan gedə bilər. Bunun üçün isə proseslərin baş vermə fonu analiz olunmalıdır.

Azərbaycan iqtisadiyyatının neftin qiymətlərindən asılılığı ümumməlumdur. Bu qiymətlər endikcə ölkəyə daxil olan dollar kütləsi də azalır.

Ancaq Azərbaycanın maliyyə bazarındakı təlatümü xarakterizə edən digər zəif olmayan faktorlar da var. Məsələn, iqtisadiyyatımızın Rusiya ilə bağlılığı (ki, bu da tamamilə təbiidir. Üstəlik MDB ölkələrinin hmısı üçün xarakterikdir).

Rusiyada 1 milyondan 2 milyona qədər azəri iş tapıb və onlar ailələrinə hər il toplam milyardlarla dollar pul göndərir (məlumdur ki, Rusiyadan evlərinə pul köçürmələri edənlər məhz dollara üstünlük verir).

Hazırda isə həmin məbləğ kəskin azalmaqdadır – bunu Rusiya iqtisadiyyatında baş verən proseslər şərtləndirir. Yəni rublun devalvasiyası dollar köçürmələrinin axınını da vurur.

Nəhayət, ixracatı idxalından az olan dövlətin baş verənlər fonunda dollara tələbatını daha çətinliklə ödəyəcəyi də təbiidir. Möhkəm valyutanın daha bir mənbəyi də beynəlxalq valyuta institutlarının ayırdığı kreditlərdir – onlar da azalmaqdadır.

Beləliklə, bütün MDB məkanında (üstəlik Çində) oxşar mexanizm işə düşüb. Bu iqtisadiyyatların bir-biri ilə əlaqəli olması və neftin qiymətinin dayanmadan enməsi Azərbaycanın vəziyyətdən təkbaşına çıxa biləcəyi ehtimalını da azaldır. Yəni nə qədər arzuolunmaz səslənsə də milli valyuta zəifləməkdə davam edəcək.

Belə bir vəziyyətdə rəsmilərin “Narahatlığa heç bir əsas yoxdur” kimi notasiyaları çıxış yolu deyil, əksinə, panika mənbəyidir. Baş bankir Elmar Rüstəmovun fevral devalvasiyası ərəfəsində etdiyi optimist çıxış da hələ unudulmayıb.

Reallığı bəzək-düzəksiz açıqlamaq bu cəhətdən daha praqmatik addım olardı…

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30318

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031