Hökumət ikinci devalvasiyanı iki səbəbdən ləngidir

25.08.2015 - 12:17
dollar2Neftin qiyməti dünya bazarında 45 dollardan aşağı enərkən cəmiyyətdə ilk yaranan panika manatın növbəti dəfə ucuzlaşacağı ilə bağlı oldu. Ötən həftə valyuta dəyişmə məntəqələrində yaranmış gərginlik, dollar satışında yaranan məhdudiyyətlər ikinci devalvasiya təhlükəsini artırıb. Bəs növbəti kəskin devalvasiya baş verə bilərmi? Mərkəzi Bank bu dəfə manata qarşı təzyiqləri saxlaya biləcəkmi?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Bizim Yol”a şərhində ikinci devalvasiya təhlükəsinin aradan qalxmadığını bildirdi: “Sadəcə situasiyadan asılı olaraq bu ehtimal artıb-azala bilər. Nə qədər ki, neftin qiyməti 70 dollardan yuxarı deyil, devalvasiya təhlükəsinin sovuşduğundan danışmaq tezdir. Neftin qiyməti ucuzlaşmağa doğru start götürdüyündən bu məsələ yenidən gündəmə gəlib. Reallıq ondan ibarətdir ki, “qara qızıl” 45 dollardan aşağı düşüb. Artıq qiymətlər 40 dollara doğru getmək üzrədir və bundan da aşağı düşmə ehtimalı var. Doğrudur, 40 dollardan aşağı düşərsə, bu, uzun müddətli dövr üçün olmayacaq. İstənilən halda hər bir ucuzlaşmanın Azərbaycana təsirləri var”.
İqtisadçı bildirdi ki, bu gün manatın növbəti devalvasiyasını şərtləndirən də var, onu ertələyən amillər də var.
S.Əliyevin fikrincə, manatın yenidən ucuzlaşması ehtimalını əngəlləyən amillər bunlardır:
Birincisi, qarşıda gələn parlament seçkiləridir. Xüsusilə birinci devalvasiyadan sonra hökumətin reputasiya məsələsi gündəmə gəlir. Ona görə də hökumət ikinci dəfə devalvasiyaya getməməyə çalışacaq. Burada söhbət siyasi iradədən gedir.
İkinci amil, birinci devalvasiyanın nəticələridir ki, bu da manatın növbəti dəfə ucuzlaşmasının qarşısını alan amildir. Çünki bu dönəmdə maliyyə sektorunda dərin böhran yaşandı. İki bank bağlandı, bir neçəsi də bağlanmaq üzrədir. Vaxtı keçmiş kreditlərin həcmi kəskin artdığına görə banklar bunun altından çıxa bilmir, valyuta mövqeyi getdikcə pisləşir. Üstəlik, sözügedən sektorda sentyabr ayından müəyyən filialların bağlanması, ixtisarların aparılması qaçılmazdır. İkinci devalvasiya isə bank sektoru üçün ölümcül zərbə olacaq. Sıradan çıxacaq bankların sayı artacaq. Azərbaycan Mərkəzi Bankı manat kütləsini dövriyyədən yığmaqla, pul qıtlığını yaratmaqla inflyasiyanı cilovlaya bilir. Əslində, Mərkəzi Bank baş verənləri görür və növbəti devalvasiyanın bank sektorunda hansı fəsadların yarada biləcəyini də başa düşür.
“Sadaladığım bu iki amil onu deməyə əsas verir ki, növbəti devalvasiya bir müddət ertələnə bilər. Amma manata təzyiq göstərən digər amillər var ki, nə hökumətdən, nə də iqtisadi amillərdən asılıdır”,- deyə S.Əliyev qeyd etdi.
İqtisadçı növbəti devalvasiyanı şərtləndirə biləcək 3 amili saydı. Birincisi, neftin qiymətinin aşağı düşməsi hökumətdən asılı olan səbəb deyil. Dünya bazarında baş verən ucuzlaşma manatı təzyiq altında qoyur. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, neftin qiyməti 40 dollara qədər olacağı təqdirdə problem olmayacaq, tədiyyə balansında mənfi saldo yaranmayacaq. Artıq “qara qızıl”ın bareli 40 dollara yaxınlaşır, deməli, manatın devalvasiyası yenidən gündəmə gəlir.
İkinci məsələ isə ölkədən kapital axını sürətlənib. Manata təzyiq göstərən amillərdən biri də məhz budur. Kapital axınının sürətlənməsi ölkədən çıxan dolların həcmini artırır.
Üçüncü səbəb isə ətrafda baş verənlərin fonunda insanlar arasında panikanın yaranmasıdır. İnsanlar görür ki, neftin qiyməti yenidən ucuzlaşmağa başladı, qonşu ölkələrin milli valyutası dollara nisbətən kəskin ucuzlaşdı. Azərbaycanda bəzi banklar dollar satışını müvəqqəti olaraq dayandırıb. Əslində, dolları alan, panika salan insanlar deyil. Görünməyən qruplar, təşkilatlar tərəfindən kütləvi şəkildə dollar alınır.
S.Əliyevə görə, bu 3 amil manatı çox böyük zərbə altında qoyur: “Yaranmış panika Mərkəzi Bankın valyuta ehtiyatlarına ciddi təsir göstərir. Artıq ötən həftə 370 milyon dollar satılıb. Düşünürəm ki, yaxın 3-4 gün ərzində yarım milyard dollar da intervensiya edəcək. İlin əvvəlində Mərkəzi Bankın manevr etmək imkanları daha yüksək idi. O vaxt valyuta ehtiyatı 11-12 milyard dollara yaxın idi. Manatın kursunun sabit saxlanması ehtiyatlarının 4 milyard dollardan çox əriməsinə gətirib çıxardı. Bank bundan sonra devalvasiyaya getdi. Amma bu gün manevr imkanları məhdudlaşıb, ehtiyatlar 8.5 milyard olmaqla minimal həddə yaxınlaşıb. Fikrimcə, Mərkəzi Bank indiki halda valyuta ehtiyatlarının 6 milyarda qədər “əriməsinə” icazə verə bilər. Bu həddə çatandan sonra azalmağa imkan verməyəcək. Ona görə də bir müddətdən sonra kəskin devalvasiya addımı ata bilər.
Hökumət ferval ayında manatı kəskin ucuzlaşdırdıqdan sonra tədricən yumşaq devalvasiyaya gedə bilərdi, amma bunu etmədi. Hətta manatın bahalaşmasının şahidi olduq”. “Əgər sərt devalvasiya baş verərsə, çox güman ki, bu, 20-25 faiz həddində olacaq. Hər bir halda, dövlət bankı düşünürəm ki, manatın məzənnəsinin yumşaq tənzimlənməsinə getməlidir. Sərt addımların öldürücü təsirləri çoxdur. Çünki iqtisadiyyat hələ indi-indi ferval ayındakı devalvasiyaya adaptasiya olmağa başlayır. İdxalçılar yeni qiymətlərlə məhsullarını alıb gətirirlər, bazarlarda qiymətlərin artımı müşahidə edilir. Yeni devalvasiya qiymətlərə daha da zərbə vura bilər. Makroiqtisadi baxımdan inflyasiya yüksələcəkdir”.
Digər iqtisadçı ekspert Oqtay Haqverdiyev isə devalvasiya ehtimalının az olduğunu söylədi: “Əslində, devalvasiya ilə bağlı mətbuat, ekspertlər kifayət qədər panika yaradıb.
Devalvasiyanın olub-olmayacağına Mərkəzi Bank qərar verir. İqtisadçılar belə proqnozlar verəndə əsaslı arqumentlərlə çıxış etməlidirlər. Neftin qiymətinin ucuzlaşmasının dövlət büdcəsinə təsirləri var, manatın məzənnəsinə deyil. Artıq cari ildə 700 milyona yaxın büdcə kəsiri yaranıb. Amma bu amilin manatın məzənnəsinin yuxarı və aşağı düşməsinə təsiri yoxdur. Çünki Azərbaycanda milli valyuta üzən məzənnə ilə tənzimlənmir, Mərkəzi Bank tərəfindən idarə olunur. Qazaxıstan və Rusiya sərbəst məzənnə siyasətinə keçiblər, ona görə də devalvasiya baş verir. Amma Azərbaycanda manat sərbəst buraxılmayıb ki, istənilən vaxt devalvasiya olsun. Valyuta ehtiyatları da məhz belə situasiyalarda istifadə etmək üçündür. Mərkəzi Bank rəsmiləri bir neçə gün bundan əvvəl çıxış edərək, növbəti devalvasiyanın gözlənilmədiyini bildirdi. İnsanlar arasında panika yarandığına görə mərkəzi qurum dollar alış-satışına məhdudiyyət tətbiq etməyə məcburdur”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30329

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031