Bakıda bir bank ləğv edilir – İflas
Lisenziyası əlindən alınan bankın ləğvinə başlanılıb. Fins.az xəbər verir ki, Evrobank ASC-nin fəaliyyəti dayandırılır. Bu barədə məlumat Mərkəzi Bankın (MB) rəsmi mətbuatdakı elanında əksini tapıb. Elanda bildirilir ki, MB İdarə Heyətinin 10.07.2015-ci il tarixli 27 saylı qərarı ilə Evrobank ASC-nin bank lisenziyası ləğv olunub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə Evrobank ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Evrobank ASC-yə ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb. Ləğvetmə prosesi Evrobank ASC-nin baş ofisində həyata keçirilir. Qeyd edək ki, “Banklar haqqında” qanununun 72.1-ci maddəsinə müvafiq olaraq, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
Short URL: http://www.cumhuriyyet.net/?p=30518