Banklarda sentyabrdan ixtisarlar gözlənilir
Bu ilin ilk yarısında Rusiyada fəaliyyət göstərən banklar 35 391 nəfər, yaxud işçi heyətinin 6,4%-ni ixtisar edib.
Bu, ötən ilin ikinci yarımili ilə müqayisədə 8 dəfə çoxdur. Ixtisarların 53,6%-i “Home Credit” və “Russkiy Standart” tərəfindən həyata keçirilib. Ümumilikdə isə ixtisarlar 30 bankı əhatə edib.
“Russkiy Standart” bu ilin ilk altı ayı ərzində işçi heyətinin 35,5%-ni və ya 6 039 nəfərini, “Home Credit” isə 41,4%-ni və ya 12 946 nəfərini ixtisar edib.
Universal banklardan ən çox işçi ixtisar edən isə 9,4% və ya 3 080 nəfər olmaqla “Rosselxozbank” (Russian Agricultural Bank) olub. Işçi heyətində faiz payı üzrə ixtisara görə isə 26,1% və ya 1 763 nəfərlə “Ural Bank for Reconstruction and Development” birinci yeri tutub.
Dolların manata təzyiqi artdıqca eyni ixtisarların Azərbaycanda da gedəcəyi gözlənilir. Çünki ölkədəki devalvasiyadan sonra bankların durumu olduqca pisləşib.
Rusiyanın Mərkəzi Bankından daha bir maraqlı və diqqət çəkən addım isə rublun dollara nisbətdə ən aşağı kursunun test edilməsidir.
Rusiya Mərkəzi Bankı banklara bir dolların 120 rubl olacağını nəzərə almağı tövsiyə edib. Bunu bir neçə bankın nümayəndəsi də təsdiqləyib.ÿ
Bank nümayəndələri bildirir ki, Mərkəzi Bankı bankların potensial valyuta borcunun həcmi və onu qaytarıb-qaytarmayacaqları narahat edir.ÿ
Iqtisadçı Samir Əliyev “Azadlıq” qəzetinə bildirib ki, Azərbaycanın bank sistemində devalvasiyadan sonra çoxsaylı problemlər yaranıb.
Devalvasiyanın vurduğu ziyan nəticəsində bankların böyük itkiyə məruz qaldığını deyən S.Əliyev bildirdi ki, nəticədə kreditlərin vaxtında geri qaytarılması ilə bağlı problem yaranıb. Bu isə birbaşa bankın maliyyə vəziyyətinə pis təsir göstərir: “Banklara əmanət qoyluşunda müəyyən azalma var. Ümumən götürəndə bankların zərəri artıb, gəlirləri isə azalıb. Bu isə bankların vəziyyətinin yaxşı olmadığını göstərir. Digər tərəfdən, Mərkəzi Bank müəyyən addımlar atdı ki, bu da devalvasiyanın üzərindən banklara əlavə ziyan vurdu. Bu addımlardan biri komisiyon haqların bir faizə endirilməsidir. Daha bir addım istehlak kreditləri üzrə illik faiz dərəcələri ilə bağlı oldu. Illik faiz dərəcələri 29-dan çox ola bilməz. Bu, banklara böyük zərbə vurdu. Çünki elə banklar var idi ki, onlar xüsusilə kiçik istehlak kreditləri üzrə ixtisaslaşmışdılar”.
S.Əliyevin sözlərinə görə, bundan başqa, müştəriyə veriləcək kreditin onun aylıq əmək haqqına nisbətinin nəzərə alınması da bankların vəziyyətini bir qədər də ağırlaşdıran şərtdir. Bundan sonra kreditin verilməsi gəlirdən asılı olacaq. Əgər gəlir azdırsa, vətəndaş nə qədər etibarlı müştəri olsa da, bu, böyük əhəmiyyət daşımıyacaq. Hazırda bankların seçim qarşısında olduğunu deyən S.Əliyev bildirdi ki, banklar MB-nin qoyduğu tələblərə uyğun olaraq addımlar atmalıdırlar: “Sentyabrda bank sektorunda ixtisarlar olacaq. Çünki banklar xərclərini optimallaşdırmalıdırlar. Artıq banklardakı ixtisarlar bu aydan başlayıb. Bu proses hələlik qapalı gedir, tam açıqlanmır. Amma bank sektorundakı ixtisarları sentyabrda açıq görəcəyik. Işçilərin işdən azad olunması, bəzi filialların bağlanması müşahidə olunacaq. Bir neçə bank və kredit təşkilatının da bağlanması gözlənilir”.
Rusiyanın Mərkəzi Bankının dövri olaraq rubl ilə bağlı stress testlər keçirməsinə gəlincə, S.Əliyevin fikrincə, proseslər neftin qiymətinə uyğun olaraq tənzimlənməyə çalışılır. Bütün bu addımlar bədbin ssenarilərə hazırlaşmaq məqsədi daşıyır: “Bu bədbin ssenarilər üzrə bankların dayanıqlığını yoxlayırlar. Bir dollar yüz rubldan artıq olarsa, Rusiya bunun əsasında stress test keçirir. Azərbaycanda bununla bağlı addımlar isə adətən Mərkəzi Bankın rəsmilərinin çıxışında müşahidə olunur. Onlar bəyan edirlər ki, müvafiq stress test keçirib bankların dayanıqlığını yoxlayırlar. Amma bununla bağlı ətraflı məlumat verilmir. Test zamanı neftin və milli valyutanın kursunun hansı formada götürüldüyü deyilmir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=30577