
Xəbər verildiyi kimi, Mərkəzi Bank bu ilin avqust ayının 31-nə olan valyuta ehtiyatlarının məbləği barədə məlumat yayıb. Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlyard 315.4 milyon dollar təşkil edib ku, bu da iyulun 31-lə müqayisədə 1 milyard 186,1 milyon dollar və ya 14 faiz azdır.
Avqust ayındakı itki ilə Mərkəzi Bankın valyuta ehtiyatı təxminən son bir ildə 52 faizə yaxın azalıb. Xatırladaq ki, 2014-cü ilin 30 iyul tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çatmışdı. Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə 7 milyard 847,8 milyon dollar və ya 51,7 faiz azdır.
İqtisadi proqnozlara görə, baş verən hadisələr iqtisadiyyatın çökməsiylə nəticələnə bilər. Əhalinin sosial-iqtisadi vəziyyəti 21 fevral tarixli devalvasiyadan sonra gözlə görüləsi həddə ağırlaşıb. Əsasən idxal hesabına yaşayan ölkənin qarşıdakı aylarda hansısa çətinliklərlə üz-üzə qalacağı şəksizdir. Çünki yay aylarını meyvə-tərəvəzlə başa vuran vətəndaşlarımız payız-qış mövsümündə yenidən bahalı ərzaq məhsullarını almağa məcbur olacaq. Təkcə ərzaq deyil, qeyri-ərzaq məhsulları da idxal edilən ölkədə vəziyyətin necə olacağını təsəvvür etmək çətin deyil…
Belə olan halda, görəsən, ölkə əhalisini qarşıdakı aylarda hansı “sürpriz”lər gözləyir?
İqtisadçı-ekspert Qadir Ibrahimli hesab edir ki, ölkənin valyuta ehtiyatlarının azalması başqa məsələlərlə yanaşı, devalvasiya ilə bağlı olan prosesdir. Azərbaycanın valyuta ehtiyatlarının 2015-ci ilin fevralın 21-dən başlayaraq əridiyini deyən ekspert, azalma tendensiyasının bugünə qədər davam etdiyini söyləyir: “Bu isə ölkənin iqtisadi mühitinə yaxşı heç nə vəd etmir. Hazırkı vəziyyət ölkədə növbəti devalvasiya dalğasının başlanğıcı deməkdir. Yəni bir gündə 34 faiz devalvasiya elan olundusa, bu o deməkdir ki, növbəti aylarda daha bir devalvasiyaya hazır olmaq lazım gəlir. Yəni ölkənin maliyyə ehtiyatları məhduddur və belə məhdud ehtiyatlar da mütəmadi olaraq devalvasiya qərarlarını vacib edir”.(azadliq.info)