İlin sonu üçün bədbin proqnoz: böhran qapıda…
Rusiyadan Azərbaycana pul köçürmələri 40%-dən çox azalıb, büdcədə ixtisarlar gözlənilir
Bu ilin II rübündə fiziki şəxslərin pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrinin həcmi 225 mln. dollara çatıb. Rusiyanın Mərkəzi Bankı xəbər verir ki, bu, 2014-cü ilin II rübü ilə müqayisədə 148 mln. ABŞ dolları və ya 39,68% azdır.
Məlumata görə, bu ilin II rübündə Rusiyadan Azərbaycana 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144 mln. ABŞ dolları və ya 43,11% azdır. Bu ilin aprel-iyun aylarında şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 519 ABŞ dolları köçürülüb. Xatırladaq ki, 2014-cü ilin II rübündə transsərhəd pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 334 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 654 ABŞ dolları olub.
Bu ilin II rübünü I rübü ilə müqayisə edəndə məlum olur ki, aprel-iyun aylarında pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 43 mln. ABŞ dolları və ya 23,63%-lik artım olub. Belə ki, I rübdə bu göstərici 182 mln. dollar idisə, II rübdə 225 mln. manata yüksəlib.
Müqayisə olunan dövrdə Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 64 mln. ABŞ dolları və ya 50,79% artıb. Əgər I rübdə hər əməliyyat üzrə orta hesabla 419 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları həcmində vəsait köçürülübsə, II rübdə hər əməliyyat üzrə orta hesabla 519 ABŞ dolları olmaqla, ümumilikdə 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb.
Bu ilin II rübündə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, illik müqayisədə burda da azalma müşahidə olunub. Belə ki, bu ilin aprel-iyun aylarında hər əməliyyat üzrə orta məbləğ 568 ABŞ dolları olmaqla Azərbaycandan şimal qonşumuza ümumilikdə 35 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2014-cü ilin müvafiq dövründəkindən 4 mln. ABŞ dolları və ya 10,26% azdır. Başqa sözlə, ötən ilin ikinci rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 689 ABŞ dolları olmaqla ümumilikdə 39 mln. ABŞ dolları həcmində vəsait daxil olub.
Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə görə, bu ilin ilk üç ayı ilə sonrakı üç ayını müqayisə edəndə məlum olur ki, II rübdə ölkədən şimal qonşumuza pul axını 21 mln. ABŞ dolları və ya 37,5% azalıb. Belə ki, I rübdə Azərbaycandan Rusiyaya 56 mln. ABŞ dolları həcmində pul köçürülübsə, II rübdə bu göstərici 35 mln. ABŞ dollarına qədər azalıb. Bu ilin I rübündə hər əməliyyat üzrə orta məbləğ 700 ABŞ dolları, II rübdə isə 568 ABŞ dolları təşkil edib (APA).
“Büdcədə investisiya xərcləri kəsiləcək”
Rusiyadan pul köçürmələrinin azalması sırf bu ölkədəki iqtisadi durumla bağlıdır. Amma Rusiyadan pul köçürmələrinin getdikcə azalması Azərbaycandakı sosial-iqtisadi durum üçün də yaxşı heç nə vəd etmir. Digər tərəfdən, hazırda dünya bazarında neftin qiymətinin qeyri-müəyyən olması Azərbaycanın neft gəlirlərinə ciddi təsir edir. Neft gəlirlərinin azalması ölkə büdcəsinin formalaşmasında da problemlərin yaranacağı deməkdir. Büdcədə kəsirə isə daha çox investisiya xərclərinin məruz qalacağını söyləmək olar. Investisiya xərclərinin kəsilməsi isə iş yerlərinin itirilməsi və sosial problemin dərinləşməsi deməkdir.
“Neft Fondu büdcə qarşısında öhdəliyini yerinə yetirə bilmir”
Iqtisadçı Samir Əliyev bildirdi ki, Rusiyadan pul köçürmələri təkcə Azərbaycanla bağlı deyil, digər MDB ölkələrinə münasibətdə də baş verib. Neftin qiymətinin düşməsinin, sanksiyaların tətbiq edilməsinin fonunda Rusiyada iqtisadi mühitin pisləşdiyini deyən S.Əliyev vurğuladı ki, əhalinin alıcılıq qabiliyyətində ciddi azalmalar var. Ona görə də Rusiyada pul qazanmaq əvvəlki dövrlə müqayisədə çətinləşib: “Rusiyadan pul köçürmələri dollarla göstərilir və köçürmələrin həcminin azalması eyni zamanda rublun məzənnəsinin aşağı düşməsiylə bağlıdır. Ona görə iqtisadi durumun çətinləşməsi və yerli valyutanın dəyərdən düşməsi köçürmələrə də təsir edib”.
Azərbaycanın dövlət büdcəsinin əsasən neft gəlirlərindən asılı olduğunu deyən S.Əliyev bildirdi ki, deməli, neftin qiymətindəki azalma bu büdcəyə hökmən təsir etməlidir. Neft Fondunun altı aylıq büdcəsinə cəmi 4 milyard pul yığıldığını vurğulayan ekspert hesab edir ki, belə getsə, il ərzində ən yaxşı halda fonda 8 milyard pul yığılacaq: “Səkkiz milyard gəlirlərin fonunda Neft Fondundan 10 milyard pul köçürülməlidir. Neft Fondunun başqa xərclərinin olmasını da nəzərə almaq lazımdır. Bu baxımdan hesab edirəm ki, Neft Fondundan transfert çətinliklər yaradacaq. Variantlardan biri budur ki, hökumət xaricdəki aktivlərini cəlb etməklə büdcə qarşısında öhdəliyini yerinə yetirməlidir. Ikinci variant isə Neft Fondundan büdcəyə edilən transfertin ixtisarı ola bilər. Büdcənin ixtisar olunması istisna edilmir”.
Hökumətin büdcə xərclərini kəsməklə bağlı təcrübəsinin olduğunu deyən S.Əliyev bildirdi ki, 2009-cu ildə qlobal böhran zamanı həmin dövrdəki büdcə 80-85 faiz icra olundu: “Düşünürəm ki, bu il büdcənin icrasında ən yaxşı halda 80 faiz icra olacaq. Bəlkə də bir qədər də az ola bilər. Düşünürəm ki, bu kəsir investisiya xərclərinin azaldılması hesabına ola bilər. Bu baxımdan gözləyirəm ki, 2015-ci il büdcəsi ixtisar olunsun”.
2016-cı ilin büdcəsinə gəlincə, S.Əliyev bildirdi ki, bu büdcənin əvvəlki illərdəki kimi olacağı inandırıcı deyil. 2015-ci ilin büdcəsinin tarixə ən böyük proqnoz büdcəsi kimi düşəcəyini deyən ekspert vurğuladı ki, gələn il büdcədə 4-5 milyard azalma müşahidə ediləcək: “Büdcə xərcləri ola bilsin ki, bir qədər çox olsun. Amma gələn ilin büdcəsi ixtisarlar nəzərə alınmaqla tətbiq olunacaq. Büdcə dövlətin iqtisadiyyatına qiymət vermək üçün əsas sənəddir. Biz büdcəyə baxmaqla müəyyən edə bilərik ki, devalvasiya ehtimalı nə qədərdir və inflyasiya hansı səviyyədə olacaq. Büdcədə ixtisarlar investisiya xərcləri ilə bağlı olacaq. Investisiya xərcləri dövlət xətti ilə olan tikinti işləri idi. Xərclərin ixtisarı həmin iş yerlərinin bağlanması deməkdir”.
“Azərbaycanda çox ciddi qiymət artımı var”
“Azərbaycanda vətəndaşların sosial vəziyyəti ilə bağlı monitorinq aparan qurum yoxdur. Normal ölkələrdə dövlət və müstəqil qurumlar hər zaman monitorinq aparır. Əhalinin qarşıdan gələn böhranlara reaksiyası barədə məlumatlar toplanılır. Bizdə belə mexanizm yoxdur”. Bu haqda Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev bildirib. Iqtisadçının fikrincə, yaxın zaman Azərbaycan əhalisinə asan olmayacaq: “Statistik baxımdan götürdükdə, təbii ki, qarşıdan gələn dövr əhalinin geniş təbəqəsi üçün asan olmayacaq. Ona görə ki, neftin qiymətinin düşməsi iqtisadiyyata ciddi təsir göstərir. Dövlət xərcləmələrinin azalması, bir sıra iş yerlərinin bağlanması ixtisarlara gətirib çıxarıb. Bank sektorundakı durum və kredit fəallığının azaldılması öz yerində, həm də banklarda ixtisarlar getməkdədir. Bu isə kreditlə dolanan əhalinin bundan məhrum olması deməkdir”.
Azər Mehtiyev deyib ki, ərzağın bahalaşmadığını iddia etmək əsassızdır: “Alıcılıq qabiliyyətinin aşağı olması əhalinin kredit ödəmə imkanlarını məhdudlaşdırır. Bir tərəfdən banklar kreditlərin geri alınmasında daha israrlıdır, digər tərəfdən əhali bu kreditləri ödəməkdə çətinlik çəkir. Bu da sosial gərginlik yaradan amildir. Ərzaq və digər məhsulların qiymətlərinin qalxması isə onsuz da çətin durumda olan vətəndaşa ağır zərbə deməkdir.
“Ərzaq bahalaşması yoxdur demək” isə çox yersizdir. Çünki insanlar gündəlik tələbat malları almaq üçün getdikləri marketlərdə, iri mağazalarda qiymətlərin azı 30-35 faiz qalxdığını hiss edir.
Bu onu göstərir ki, hökumət reallığı qiymətləndirib, real addımlar atmaq əvəzinə özünü və xalqı aldatmaqla məşğuldur. Qiymət artımı var və ciddidir. Gərginlik var.
Bu gərginliyin nəticələrini isə parlament seçkilərindən sonra görəcəyik. Çünki hökumət seçkilərə qədər bütün inzibati vasitələrdən istifadə etməklə ən azı seçkilərə qədərki dövrü daha sabit keçirməkdə maraqlıdır. Ona görə də “qiymət artımı yoxdur” kimi açıqlamaların hamısı seçkiyə hesablanıb”.(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=31708