İqtisadçı Qubad İbadoğludan həyəcanlı çağırış: “Azərbaycanın xarici borcu 25 milyard dollara çatıb, borclanmaya getmək olmaz!”

10.09.2015 - 13:49

qubadPrezident İlham Əliyevin son müşavirədəki çıxışı cəmiyyətdə ciddi rezonansa yaradıb. Çıxışı indiyə qədər yürüdülən iqtisadi siyasətin yanlışlığının etirafı kimi qiymətləndirənlər də var, hökumətin qlobal böhrandan çıxış proqramının olması və yaxın gələcəkdə islahatların aparılacağının anonsu kimi dəyərləndirənlər də. Bəs, görəsən, iqtisadçılar bu barədə nə düşünürlər?

Strateq.az-ın bu mövzuda həmsöhbəti Azərbaycanın ən yaxşı iqtisadiyyat bilicilərindən sayılan, ADR Hərəkatının sədri Qubad İbadoğludur.

 

– Qubad bəy, ölkə başçısı son çıxışında bütün dünyada iqtisadi böhran yaşandığı dövrdə bizdə iqtisadi artımın olduğunu bildirib. Ümumiyyətlə, bu çıxışı iqisadçı kimi, Siz necə qiymətləndirirsiniz?

– Bu açıqlama çox ziddiyyətlidir. Çünki dünyada iqtisadi  böhran yoxdur və gözlənilmir. Diqqət edin: ötən il dünya iqtisadiyyatı 3,4 faiz böyüyüb, bu il qlobal miqyasda artım 3,5 faiz gözlənilir, növbəti il üçün də bu göstərici 3,8 faiz proqnozlaşdırılır. Dünya üzrə ÜDM-in 16,3 faizinə malik Çində 6,8 faiz, 16,1 faizinə malik ABŞ-da 2,4 faiz, 12,1 faizinə malik Avrozonada 1,5 faiz, 6,8 faizinə malik Hindistanda 7,5 faiz, 4,4 faizinə malik Yaponiyada 1,1 faiz, 2,4 faizinə malik Böyük Britaniyada 2,7 faiz iqtisadi artım gözlənilir. Qiymətləndirmələrə görə, dünya üzrə  milli gəlirinin  dördə üçünü formalaşdıran ölkələrdə iqtisadi artım tempi əvvəlkindən yüksək olacaq, beşdə dördünü  formalaşdıran ölkələrdə iqtisadiyyatın yekunları pozitiv olacaq. Belə vəziyyətdə hansı dünya böhranından danışmaq olar? Bohran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan, Rusiya, Venesuela, Braziliya, Anqola, Nigeriya kimi resursların satışından gəlir əldə edib, onun hesabına yaşayan ölkələrdədir. Bu ilə hətta Afrikada da  ümumilikdə 4,6 faiz  iqtisadi artım gözlənilir. Ötən il müvafiq göstərici 3,5 faiz idi.  Rusiyada, Braziliyada, Venesuelada, Timor Lestedə, Trinidad-Tobagoda, Kolumbiyada, Boliviyada, İraqda  müşahidə olunan böhranı qloballaşdırmaq mümkün deyil. Çünki onların birlikdə dünya  iqtisadiyyatında payı 10 faizə belə çatmır. Bu böhranı zəngin resurlara malik, pis idarə olunan ölkələrin böhranı adlandırmaq olar.  Azərbaycana gəlincə, bizim makro-iqtisadi göstəricilərimiz ötən ildən pisləşməyə başlayıb. 2014-cü ildə  MDB-də ən aşağı iqtisadi artım tempi  Rusiyada  0,6 faiz və sonra da Azərbaycanda 2,8 faiz qeydə alınıb. Bu ilin birinci yarısı üçün 6 faizlik iqtisadi artım elan olunsa da Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə, ölkəmizdə il ərzində  ÜDM  0,6 faiz artacaq, inflyasiya isə 7,9 faiz olacaq. Rusiyada isə iqtisadiyyat 3,8 faiz kiçiləcək. Bu institut tərəfindən aparılan hesablamalara görə, 2015-ci ildə  həmçinin Ermənistanda da iqtisadi eniş proqnozlaşdırılır. Deməli, dünyada böhran deyil, qeyri-bərabər iqtisadi artım var və bunun da başlıca səbəbi beynəlxalq əmtəə bazarlarında, xüsusilə də enerji resurları bazarında qiymətlərin sabitləşməsidir. Bundan da ən çox əziyyət çəkənlər təbii  resuslarının satışından gələn gəlirlərin hesabına böyüyən ölkələrdir. Ona görə də biz həmişə diqqətə çatdırırdıq ki,  milli iqtisadiyyatı xarici faktorlardan asılı olan ölkələrdə  uzunmüddətli dövrdə  iqtisadi inkişafa malik olmaq mümkün deyil.  Əslində indi dünya bazarlarında  uzun müddətdir ki, siyasi və digər amillərin təsiri ilə maya dəyərindən xeyli uzaqlaşan əmtəələrin qiymətləri daha çox təbii səviyyəsinə qayırır. O sıradan yanacağın da  qiymətinin optimallaşması  prosesi gedir.  Odur ki, “dünyada böhrandır və onun təsirindən də Azərbaycan iqtisadiyyatı  əziyyət çəkir” fikri ilə razılaşmıram. Bizim iqtisadiyyatımız elə olmalıdır ki, dünya bazarlarında kimsə asqıranda biz burda qrip xəstəliyinə tutulmayaq. Bu baxımdan da müzakirələr  iqtisadiyyatın müqavimət gücünün artırılması və yeni iqtisadi artım modelinin qurulması istiqamətində  getməlidir. Lakin mən prezidentin son çıxışında bununla bağlı yalnız iqtisadi rasionallığın artırılması barədə  fikirlər eşitdim. Hansı ki,  hələ 14 avqust 2015-ci il tarixində  ADR Hərəkatı  adından qəbul etdiyimiz  bəyanatda mövcud hakimiyyətə çağırış edərək bildirmişdik: “Qənaətcillik haqqında son 20 ildə hər hansı bir müzakirə belə olmayib. Neftdən qazandığımız 122 milyard dollara yaxın məbləğdən cəmi 35 milyard qalıb. Bəlkə mərmər döşəmələrə, fişənglərə, dəbdəbəli idman və mədəni tədbirlərə az pul xərcləyək? Yoxsa gələcək nəsillərə necə hesabat verəcəyik?”  Amma gec də olsa, tədqirəlayiqdir ki, prezident İlham Əliyev də qənaət etməkdən danışır.

– Doğrudur,  çıxışda gələn ildən israfçılığa yol verilməyəcəyi də vurğulanıb. Məgər israfçılıq etməmək üçün neft gəlirlərinin azalması lazım idi?

-Təbii ki, yox! Amma görünür ki, bəzi adamlar bununla da barışmaq istəmirlər, yerdə qalan valyuta ehtiyatları ilə  yanaşı, milyardlarla borc götürüb, onu da əvvəlki qaydada korrupsiya ilə müşahidə olunan şişirdilmiş layihələrə  yönəltmək istəyirlər. Mətbuatda belə fikirlər nəinki məmurlar, hətta iqtisadçılar adından da səslənir. Heç bilirsinizmi Azərbaycanının nə qədər borcu var?

-Yox, nə qədərdi ki?

-Maliyyə nazirliyi dövlət təminatı ilə alınan borcları açıqlayır. Son məlumat bu ilin əvvəlinədir. Belə ki,  01 yanvar 2015-ci il tarixinə Azərbaycan Respublikasının dövlət təminatlı  xarici dövlət borcu 6.5 milyard dollardır. Bundan əlavə, həmin tarixə  bankların borcları 6,2 milyard dollar, ARDNŞ-də daxil olmaqla iri dövlət şirkərtlərinin (Azərenerji, Azal və digərlərinin) borcları 8,5 milyard dollardan çox olub.  Deməli, bütövlükdə xarici borclarımız 25 milyard dollar yaxınlaşır. Hələ bura banklar istisna olmaqla özəl bölmənin borcları daxil deyil. Bir anlığa təsəvvür edək ki, sabah banklar həmin borcu qaytara bilmir və ona görə müflis ola bilər, dövlət neyləməlidir? Təbii ki, vəziyyətə müdaxilə etməlidir, eynilə də dövlət şirkətlərinin çoxu defolt vəziyyətindədir. Onların da borcunu  əvvəl-axır dövlət qaytaracaq. Yaxşı hesab edək ki, hazırdan 35 milyard dollar valyuta ehtiyatımız var, onların hesabına bu borcları qaytardıq, büdcənin yırtıqlarını yamadıq. Bəs sonra? Sonra nəyin hesabına borcları qaytaracağıq və onun məsuliyyətini  kimlər çəkəcək? Təbii ki,  bu məsuliyyət gənc və gələcək nəsillərin çiyinində qalacaq. Belə olan halda yenidən borclanmağa getmək yolverilməzdir. Bu həm də dünyada böhran var deyə, özünə bəraət hissi formalaşdırıb, məsuliyyəti başqalarının üzərinə qoymaqdır. Borclanmaya getmək ən pis variantdır, bu yol Nigeriyanın, Anqolanın, Yunanıstanın, Livanın, Camaykanın yoludur. Hətta Yaponiya,  İtaliya, İrlandıya və Portuqaliya kimi inkişaf etmiş ölkələr də hazırda borc problemindən əziyyət çəkirlər.

– Ölkə başçısı çıxışında  həmçinin “Fitch” reytinq agentliyinin Azərbaycanın  suveren borc və investisiya reytinqini BBB səviyyəsində qiymətdirdiyini də xatırlatdı,  və əlavə edib ki, bizim mətbuat bu haqda oxucuları məlumatlandımır. Biz də iradı nəzərə alıb, BBB göstəricisinin nə demək olduğuna aydınlıq gətirmək istəyirdik. Nə deməkdir BBB və bizi niyə bu cür qiymətləndiriblər?

– Əvvəla, qeyd edim ki, Azərbaycanın borc götürmək sahəsində ciddi problem yoxdur. Yəni beynəlxalq maliyyə və kredit insititutları və ərəb dövlətləri Azərbaycan kimi ölkələr axtarırlar ki, onu borc məngənəsinə salıb, sonra da öz maraqlarına uyğun idarə etsinlər. BBB səviyyəsinə gəlincə,  bu, pis göstərici deyil, amma ondan yaxşıları da var. Belə ki, kredit reytinq şkalasına görə,   AAA — kredit qabiliyyətinin ən yüksək səviyyəsi, AA — kredit qabiliyyətinin çox yüksək səviyyəsi, A — kredit qabiliyyətinin yüksək səviyyəsi sayılır. Bizim ölkəmiz ikinci qrupda  BBB — kredit qabiliyyətinin kifayət qədər səviyyəsindədir. Bundan sonra  həmin qrupda  BB — kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi və B — kredit qabiliyyətinin çox kifayət etməyəcək səviyyəsi  gəlir.  Növbəti qrup qiymətləndirmədə CCC — defolt mümkün olan səviyyə, CC — defoltun mükünlüyünün yüksək səviyyəsi və C — defolt qaçılmazdır səviyyəsidir. Nəhayət, sonda D — defoltu bildirir.  Adətən Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün «BBB-» səviyyəsi investisiyaların cəlb edilməsi üçün  uyğun səviyyə hesab olunur. Bundan aşağı olan «BB+» və sonrakı səviyyələr investisiya yatırımlarının dayandırılması  deməkdir. Bilirsiniz,  bu qiymətləndirmələr və onun əsasında  formalaşan ölkənin kredit reytinqi beynəlxalq investora yol göstərir, investisiya və biznes qərarları üçün əsas hesab olunur.

– Müşavirə  2016-ci ilin büdcəsinə  hazırlığın müzakirəsi adı ilə çağrılsa da büdcə yenə də açıqlanmadı. Sizcə, gələn ilin dövlət büdcəsi necə təşkil olunmalıdır?  Hansı xərclər ixtisar olunmalıdır?

– Fikrimcə, gələn ilin büdcəsi real olmalıdır, şişirdilməli deyil. İndiki şərtlərlə Azərbaycan üçün 2016-cı ilin büdcəsi 15 milyard manat ətrafında proqnozlaşdırıla bilər. Bu o deməkdir ki, büdcənin 9 milyardı carı xərclərə və 5 milyardı isə kapital qoyuşuşlarına, 1 milyarda qədəri də  da borca xidmətə  yönəldilməlidir. Bu halda carı xərclərə yönəldilən  vəsait ən azı 1 milyard, kapital qoyuluşlarına ayırlan büdcə investisiyalar  isə 3 milyard manat azaldılmalıdır.  Baxmayaraq ki, bu, iqtisadi artımı tormozlaya bilər, amma  investisiya büdcəsinin azaltmaq daha asandır və onu  əlverişli biznes mühiti yaradıb özəl sərmayələrlə  kompensasiya etmək də mümkündür.  Ən çətini cari xərclərin ixtisarıdır. Bu o deməkdir ki, idarəetmə xərcləri azaldılmalıdır, yüksək ranqlı  məmurlar  xidməti maşınlarını hər il təzələməli deyil, nazirlər bir neçə deyil, bir xidməti maşına malik olmalıdır. Onların  benzin, ezamiyyə xərclərinə, telefon danışıqlarına limitlər tətbir olunmalıdır. Söhbət bu ixtisarlardan gedə bilər, amma ona nə qədər əməl olunacaq, onu artıq büdcənin icrası hesabatlrı göstərəcək.

– Siz nə təklif edirsiniz?

– Mən hesab edirəm ki,  ilk növbədə düzgün dəyərləndirmələr aparmaq lazımdır. Ona görə də ölkədəki iqtisadi vəziyyəti dünya böhranı əlaqələndirmək və məsuliyyətdən qaçmaq düzgün deyil. Çünki Azərbaycanın hazırkı makroiqtisadi durumu o qədər də yaxşı deyil. Bu ilin 6 ayının yekunları üzrə xarici ticarət və büdcə saldosu gerçək vəziyyəti əks etdirir və heç də yaxşı perspektiv vəd etmir. Ona görə də, təklif eidrəm ki, ilk növbədə vəziyyət düzgün dəyərləndirilsin ki, problemlər də olduğu kimi görünsün və yalnız bu halda da  onun həlli yolları düzgün seçilə bilər.  Çünki sonradan daha da böyüyən problemlərin yaratdığı iqtisadi-sosial böhranın dəf edilməsi çətin olacaq və bu halda hətta “təhlkəsizlik yastığı” hesab etdiyimiz valyuta ehtiyatları da dadımıza çata bilməyəcək.  İkincisi, təklif edirik ki, iqtisadiyyatın liberallaşdırılması və mərkəzsizləşdirilməsi istiqamətində  islahatlara başlanılsın.  Hakimiyyət inhisarçılığı deyil, rəqabəti dəstəkləməlidir. Büdcə xərcləmələrinə dair qərarlar mərkəzləşdirilmiş qaydada yox, yerli səviyyədə maliyyə muxtariyyəti təmin edilməklə verilməlidir. Nəhayət, hökümət açıq olmalı, şəffaf və hesabatlı işləməlidir və qərarların qəbulunda ictimai iştirakçılığa şərait yaratmalıdır.

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az

Short URL: http://www.cumhuriyyet.net/?p=31826

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728