Kredit və zaminlik müqavilələri niyə etibarsız sayılır? – Zamin duranlar üçün faydalı məsləhətlər
Ötən il Bakı sakini Faiq Mustafayev ticarətlə məşğul olmaq məqsədilə “Bank of Baku”dan kredit götürərkən, yaxın dostu Əkbərov Əjdər Gülmalı oğlu ona zamin durub. İlk aylarda borcun ödənilməsində heç bir problem olmayıb. Ticarət mərkəzinin fəaliyyəti dayandırılandan sonra F.Mustafayev ödənişi edə bilməyib və bu barədə banka bildirərək, borcun qalanını hissə-hissə ödəyəcəyini razılaşdırıb. Lakin sonradan “Bank of Baku” ASC Səbail Rayon Məhkəməsinə müraciət edərək borclu Əkbərov Əjdər Gülmalı oğluna qarşı “Kreditin və ona hesablanmış kredit faizlərinin ödənilməsi”nə dair məhkəmə əmrinin çıxarılmasını xahiş edib. 17 noyabr 2014-cü il tarixdə isə məhkəmə 3496,46 ABŞ dolları əsas borcun və 708,77 ABŞ dolları isə faiz borcunun F. Mustafayev və Ə.Əkbərovdan müştərək qaydada tutulması barədə əmr çıxarıb.
Əsassız müqavilələr
Məhkəmə öz əmrini onunla əsaslandırıb ki, zamin Ə.Əkbərov kredit sazişi müqaviləsinə əsasən, “Bank of Baku” ASC qarşısında öz üzərinə məsuliyyət götürərək, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün F. Mustafayevə aid bütün öhdəlikləri icra etməli olduğu barədə razılığa gəlib.
Qeyd edək ki, hazırda problemli kreditlərlə bağlı banklarla vətəndaşlar, xüsusilə zamin olan şəxslər arasında ciddi problemlər mövcuddur. Borc alan vətəndaş onu qaytara bilməyəndə banklar borcu zaminə yönəldir və ödəməyə məcbur edirlər.
Hüquqşünas Əkrəm Həsənov
Strateq.az Ə.Əkbərov kimi insanların sayının çoxluğunu nəzərə alaraq, bu məsələyə hüquqşünasla aydınlıq gətirməyə çalışıb.
Problemin banklarla bağlanan zaminlik müqavilələrindən qaynaqlandığını deyən hüquqşünas Əkrəm Həsənov həmin sənədin qanunsuz olduğunu vurğulayıb: “Banklar girovla yanaşı, verdikləri kreditləri zaminliklə də təmin edir. Bu halda bankla zamin arasında zaminlik müqaviləsi bağlanır. Həmin müqavilənin mahiyyəti ondan ibarətdir ki, zamin də borclu ilə birgə bank qarşısında kreditin qaytarılmasına görə məsuliyyət daşıyır. Yəni, kredit qaytarılmadıqda bank onu zamindən də tələb edir. Zamin kreditə görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Təəssüf ki, zaminlərin çoxu bunu bilmir və zaminlik müqaviləsini imzalayanda məsuliyyətini tam dərk etmir. Krediti borclu deyil, zamin ödədikdə, borclu artıq banka deyil, zaminə borclu hesab olunur. Yəni, bankın kredit üzrə tələbləri zaminə keçir və məsələ məhkəmə qaydasında həll edilir”.
Bank sizi dəng edirsə…
Hüquqşünas belə çətin duruma düşməmələri üçün zamin duran şəxslərə bəzi faydalı məsləhətlər də verib. Onun sözlərinə görə, bank borclunu və zamini məhkəməyə verənədək onun müraciətlərinə heç bir reaksiya verməmək lazımdı: “Bank sizi dəng edirsə, bir dəfə ona mövqeyinizi bildirin və tələb edin ki, sizi daha narahat etməsin. Ola bilsin ki, nəticədə bank yalnız borclunu məhkəməyə verəcək və sizə qarşı heç bir tələb irəli sürməyəcək. Bank borclu ilə bərabər sizi də məhkəməyə veribsə, prosesə qoşulun və borclunun mövqeyindən asılı olmayaraq, mövqeyinizi bildirin”.
Qeyd edək ki, Mülki Məcəllənin 474-cü maddəsinə əsasən zamin banka qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər, hətta borclu onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da. Qanuna görə, kredit üzrə faizlərin ildə bir dəfə tutulmalı olduğunu deyən Ə.Həsənov bankların həmin faizləri ayda bir dəfə hesablayaraq vətəndaşdan tutduğunu bildirib: “Buna görə də kredit müqaviləsi qanunsuz və etibarsızdır. Deməli, bütün zaminlik müqavilələri də eyni ilə qanunsuz və etibarsızdır. Borclu banka qarşı bu tələbi irəli sürməsə belə, zamin irəli sürüb məsuliyyətdən tam azad ola bilər. Buna görə də bank borclunu və zamini məhkəməyə verən kimi, banka qarşı bütün etirazlarını məhkəməyə bildirməli və zaminlik müqaviləsinin etibarsız hesab edilməsini tələb etməlidirlər”.
Zaminlik müqaviləsi nə zaman qüvvəsini itirir?
Bir məsələyə də xüsusi diqqət yetirmək lazımdı. Hüquqşünasın sözlərinə görə, bu ilin fevralında baş verən devalvasiyadan sonra bankların çoxu xarici valyutada olan kredit müqavilələrinin müddətini uzadıb. Amma bir qayda olaraq, zaminlik müqaviləsində bunu əks etdirməyiblər. Başqa sözlə, zaminin razılığını almayıblar: “Bu isə o deməkdir ki, həmin andan etibarən zaminlik müqaviləsi qüvvəsini itirib. Çünki Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminin razılığı olmadan kredit öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Bu müddəa Rusiya Mülki Məcəlləsinin 367-ci maddəsinin 1-ci bəndini olduğu kimi təkrarlayır. Rusiya məhkəmələri isə hesab edir ki, kreditin müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olur. Çünki ən azı faiz ödənişlərinin cəmi məbləği artır”.
Kredit müqaviləsinin müddətinin zaminin razılığı olmadan uzadıldıqda həmin şəxsin artıq zamin hesab olunmadığını deyən Ə.Həsənov məhkəmə prosesi başlayanda bunu təqdim edilən etirazda bildirməyi tövsiyə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=32422