Mərkəzi Bank 270 milyon dolları niyə itirdi?

06.10.2015 - 10:33
merkezibankAzərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatı son bir ayda 271.2 milyon dollar azalıb. AMB-nin oktyabrın 1-i üçün açıqladığı məlumata görə, valyuta ehtiyatı sentyabr ayı ilə  müqayisədə 7.3 milyard dollardan 7.04 milyard dollara qədər düşüb. Bununla dövlət bankının rezervləri son bir ildə iki dəfədən çox azalıb. Qeyd edək ki, 2014-cü ilin avqustunda AMB-nin ehtiyatı 15,2 milyard dollar təşkil edib. Ehtiyatların həcmi təqribən 2011-ci il oktyabr  ayındakı həddə düşüb.
Azalma AMB-nin beynəlxalq rezervlərində də (valyuta ehtiyatı+qızıl+qiymətli kağız) müşahidə edilməkdədir. İlin əvvəlinə nisbətən ümumi ehtiyatlar 5.4 milyard dollar “əriyib”. Belə ki, əgər yanvarın 15-nə olan məlumatda 15.05 milyard dollar idisə, avqustun 15-nə olan hesabatda bu məbləğin 9.64 milyard dollara qədər düşdüyü göstərilir.
Pul bazasına gəlincə, (pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir) son bir ildə ilk dəfə olaraq artım müşahidə edilir. Dövriyyədə olan nağd pullar sentyabr ayında təqribən 700 milyon dollar artaraq 7.05 milyard dollara qədər yüksəlib.
Sentyabr ayında baş verən hansı iqtisadi proseslər AMB-ni bir ayda 217 milyon dollar intervensiya etməyə məcbur edib? Növbəti aylarda nə gözlənilir?
Qeyd edək ki, ekspertlər avqust ayında 1.2 milyardlıq intervensiyanı daha çox psixoloji amillərə bağlayırdılar. Belə ki, Qazaxıstan, Rusiya və Türkiyədə milli valyutaların devalvasiyası Azərbaycanda manata təzyiqlərin sürətlənməsinə rəvac verdi. Bu səbəbdən maliyyə sektorunda qısa kataklizmlər yaşandı. Amma bu gərginlik sentyabr ayında nisbətən səngimişdi, dollara olan tələbat minimuma enmişdi. Buna baxmayaraq AMB-nin valyuta ehtiyatı yenə də “ərimək”də davam edir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Bizim Yol”a bildirdi ki, azalmanın başlıca səbəblərindən biri ölkədən kapital axının yaranmasıdır: “Avqust ayında yaranmış panika nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatı 1 milyarddan çox azaldı. Amma sentyabrda oxşar panikanın, dollar qıtlığının müşahidə edilməməsinə baxmayaraq, təqribən 271 milyonluq azalma müşahidə edildi. Mənim fikrimcə, azalmanın başlıca səbəblərindən biri ölkədən kapital axınının yaranması oldu. Çünki manata qarşı iki istiqamətdə təhlükə var. Birincisi, neftin qiymətinin düşməsidir. Sentyabr ayında qiymətlərə diqqət yetirdikdə “qara qızıl”da ciddi ucuzlaşma olmadı.
Manata təzyiq göstərən ikinci amil isə kapital axınıdır. Məhz bu səbəbdən Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması müşahidə edilir”.
S.Əliyev əlavə etdi ki, son yarım  ildə sahibkarlar tərəfindən kapitalın xarici çıxarılması prosesi sürətlənib: “Sahibkarlıqla bağlı ciddi gərginlik mövcuddur. Sahibkarlar Azərbaycandakı bizneslərini ya məhdudlaşdırırlar, ya da biznesini başqa ölkələrə köçürürlər. Xüsusilə son zamanlar qonşu Türkiyə, Gürcüstan, hətta Ukraynaya pul köçürürlər. Artıq xarici şirkətlərin də bağlanaraq Azərbaycanı tərk etməsini müşahidə edirik. Kapital axını neftdən sonra manat üçün əsas təzyiq vasitəsi olaraq qalacaqdır. Hökumət bunun qarşısını almaq üçün ciddi addımlar atmalıdır”.
Ekspertə görə, ölkədən pul axınının qarşısı alınmazsa, növbəti dollar qıtlığı yarana bilər: “Belə bir axının yaranmasının səbəbi neftin ucuzlaşması nəticəsində iqtisadiyyatın zəifləməsi oldu. Hökumət qurumları tərəfindən sahibkarlara olan təzyiqlər onların işləməsinə çətinliklər yaradıb. Ona görə də sahibkarlar ölkəni tərk etməyə başlayıblar. İlk vaxtlarda əllərdə olan dollarlar xaricə çıxarılmağa başlandı. İndi isə qeyri-likvidiklik kapitalın axını başlanıb. Yəni daşınmaz əmlakların satılaraq dollara çevrilib, ölkədən çıxarılması prosesi gedir. Həmin pullar xarici ölkələrin daşınmaz əmlak bazarına yatırıldı”.
S.Əliyevin sözlərinə görə, dollara tələbatn yaranmasının üçüncü səbəbi xarici borclanma ilə bağlıdır: “İstər dövlət, istər özəl şirkətlər xaricdən borclar cəlb ediblər. Bankların xarici öhdəlikləri azalıb. Xarici öhdəlik o deməkdir ki, ölkəyə dollar gəlir. İndi banklar borclarından azad olmaq üçün Azərbaycanda dolları alıb, xarici öhdəliklərini ödəməyə çalışırlar. Yəni ölkəyə əlavə dollar gəlmir, əksinə çıxır. Xarici borclanmanın özü artıq dollara əlavə tələbat yaradıb”.
İqtisadçının fikrincə, kapital axınının qarşısının alınması üçün inzibati metodlardan istifadə etmək mümkündür: “Dünya təcrübəsində belə situasiyalarda inzibati metodlardan istifadə edirlər. Amma bunlar uzunmüddətli dövr üçün effekt vermir. Məsələn, pul köçürmələrinə məhdudiyyətlər qoyurlar. Azərbaycanda 10 min dollardan yuxarı olan vəsaitlərin ölkədən çıxarılması üçün deklorasiya yazdırırlar. Məncə, bu rəqəm 4-5 min dollara qədər salınmalıdır. Bunlar inzibati metodlardır ki, hökumət kapital axınını müəyyən qədər təsirsizləşdirməyə çalışır. Ya da qeyri-inzibati iqtisadi yollarla da bunu məhdudlaşdıra bilərlər. Yəni monopoliya aradan qaldırıla, sahibkarlar üçün əlverişli mühit yaradıla, investisiya tələb olunan sahələrə güzəştlər tətbiq edilə bilər”.
Mərkəzi Bankın pul bazasını artırması səbəblərinə gəlincə, S.Əliyev belə izah etdi: “Ötən ilin ortalarından indiyədək pul bazası təqribən 5 milyard manat həcmində azalıb. Mərkəzi Bank dolları intervensiya edəndə həmin pulu dövriyyədən yığışdırmışdı. Bazarda isə bu pula ehtiyac var. Pul bazasının azaldılması iqtisadi aktivliyi zəiflədir, kreditlərə çıxışı çətinləşdirir. Ona görə də hazırda iqtisadiyyat sanki donub. Mərkəzi Bankın belə bir addım atmasının səbəbi inflyasiyanın qarşısını almaq idi. İndi isə pul bazarı artırılmalıdır. Əks halda iqtisadiyyat belə çox davam edə bilməz. Daxili borclanma limitinin 1.5 milyarddan 4.5 milyarda artılmasının da əsas səbəblərindən biri budur. Əslində, 3 milyardlıq artım Beynəlxalq Bankla bağlıdır. O deməkdir ki, bankın sağlamlaşdırılması üçün buraxılacaq istiqrazları Mərkəzi Bank alacaq və 3 milyardı dövriyyəyə buraxacaqdır. Bu isə pul bazasının artımına səbəb olacaq. Hətta 3 milyard manat olmasa belə Mərkəzi Bank qarşıdakı aylarda pul dövriyyəsini artıracaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=33983

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031