“Azərbaycan 2 peyk layihəsində 200 milyon dollar ziyan edəcək”
Azərbaycanın peyk sevdası haqqında bir neçə dəfə yazmışam, bu sevdanın bizə baha başa gəldiyini, sadəcə imic layihəsi olduğunu rəqəmlərlə də sübut etmişəm.
Son 20 gündə “Azərkosmos” və yeni peyklərlə bağlı iki məlumat yayıldı: Azərbaycan hökuməti “Azerspace-2” peyki üçün ABŞ şirkəti ilə 198 milyon dollarlıq müqavilə bağlayıb. ABŞ-ın Azərbaycandakı səfiri də hələ bir çıxıb bununla bağlı təşəkkür bəyanatı yaymışdı. Azərbaycan kimi kiçik dövlətə bu qədər peyk lazım deyil! Bu, sadəcə, ABŞ şirkətlərinə iş və gəlir gətirmək üçündür. Təbii ki, ABŞ səfirliyi də öz vətəndaşlarına gəlir gətirən bu layihəyə görə bizim hökumətə təşəkkür edir, heç olmasa belə açıq-aşkar etməsəydilər, daha yaxşı olardı, yoxsa ayıb olur.
Dünən “Azərkosmos” Yaponiya Bankları ilə 100 milyon avroluq kredit alıb. Bu kreditin əsas məqsədi Fransanın “Airbus DS” şirkətinə proqram təminatı üçün ödənişlər etmək üçündür. Yəqin ki, Fransa səfirliyi də çıxıb bir təşəkkür bəyanatı yayar ki, onların ölkəsinə iş yeri və gəlir yaradırıq. Onu da deyim ki, Yaponiya bizim kimi ölkələrə borcu ən yaxşı halda 4-5%-lə verəcək.
Peyklərin açıq kosmosda qalma zamanı 12-15 ildir, hər peykin gətirə biləcəyi illik gəlir 8-10 milyon dollardır. İndi özünüz hesablayın: 2 peykə 435 milyon dollar vəsait sərf edəcəyik, bu vəsaitin geri dönüşü, ən yaxşı halda 250-300 milyon dollar olacaq, deməli bu 2 layihədə 200 milyona yaxın ziyan edib, 12-15 ildən sonra o peykləri dünya okeanında batıracağıq. Bizim hökumət anlamır ki, peyk istehsal edən dövlətlər bizim kimi ölkələrə ən son, yeni texnologiyalar vermir, təhlükəsizlik və hərbi məqsədlərdə istifadə edilə biləcək peyklər də satmır, bizim kimi ölkələrə həmişə daha köhnə texnologiyalar verir. Peyk sahəsi elə bir sahədir ki, texnologiyalar hər 3-6 aydan bir yenilənir, biz isə onsuz da 2 addım geri texnologiya ilə peyk buraxırıq. Bəs bunun məqsədi nədir? Niyə düşünüb normal qərarlar verə bilmirlər axı? İmic layihəsi üçün yüzmilyonları okeanda batırmaq kimə lazımdır?! Mən anlayıram ki, bu layihələr düşünüləndə neft 120 dollar idi, bizim hökumətin qılıncının qabağı da kəsirdi, arxası da, amma indi o zaman deyil axı, ölkə ciddi böhranın tam ortasındadır!
Əgər peyk biznesi gəlirli olsaydı 800 mlrd. dollar ehtiyatları olan Norveç həftədə bir peyk buraxardı, amma bunu etmir, çünki adı TV və Radio translyasiyaları üçün öz peykinə ehtiyacı yoxdur, ucuz qiymətə olan peyklərdən icarəyə tezliklər götürürlər, olur-bitir. Nə isə, illərdir səhvlərini üzlərinə deyirik, nəticə çıxartmırlar ki, çıxartmırlar.
Natiq Cəfərli
cumhuriyyet.org
Short URL: http://www.cumhuriyyet.net/?p=38938