Manat ilin sonuna qədər dəyərini saxlaya bilməyəcək…
Ekspertlər bildirirlər ki, yaxın aylarda devalvasiya ehtimalı böyükdür, iqtisadiyyatda rolu getdikcə aşağı düşən milli valyutanı xilas etmək mümkün olmayacaq…
Milli valyuta olan manatla bağlı vəziyyət yenidən ciddiləşir. Əksər ekspertlər 1 noyabr parlament seçkilərindən sonra manatın yenidən devalvasiyaya uğrayacağını bildirirdi. Seçki bitib, ekspertlər hələ də təhlükənin real olduğunu vurğulayırlar. Əksəriyyət bu fikirdədir ki, 2015-ci ilin sonuna qədər manatı qorumaq mümkün olmayacaq. Yəni manat yenidən öz dəyərini itirəcək.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, manatın devalvasiyası qaçılmazdır: “Manat ola bilsin ki, ilin sonuna dəyərini saxlaya bildi. Amma yaxın aylarda devalvasiya ehtimalı onsuz da çox böyükdür. Çünki neftin qiymətinin artması ehtimalı yoxdur, azalması ehtimalı böyükdür. Valyuta ehtiyatlarımız azalır. Digər tərəfdən, Federal Rezerv Sistemi də yaxınlarda faiz dərəcəsini artıracaq. Bütün bunlar devalvasiyanı qaçılmaz edir”.
Ekspert Qubad İbadoğlu isə bildirib ki, milli iqtisadiyyat zəiflədikcə manatı qorumaq çətinləşir: “ABŞ-da iqtisadi artımla bağlı optimist gözləntilərin özünü doğrultması bütövlükdə dünya iqtisadiyyatında yeni tendensiyalar formalaşdırmaqdadır. Aşağı neft qiymətlərinin məcmu tələbə artırıcı təsiri, yumşaq monetar siyasət və davamlı olaraq aparılan liberallaşdırma siyasəti bu ölkədə iqtisadi artımı, məşğulluğu, deflyasiyanı və birbaşa xarici investisiyaları stimullaşdırır. Belə ki, ABŞ-da ümumi daxili məhsul 3-cü rübdə əvvəlki rüblə müqayisədə 3,9 faiz, bütövlükdə isə 2015-ci ilin 9 ayında 2,5 faiz artıb. Nəticədə sentyabr ayında işsizlik səviyyəsi 5,1 faiz, inflyasiya isə – 0,04 faiz oub. Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sistemi- FES bu il üçün 2 faizlik hədəf inflyasiyası elan edib. Proqnozlara görə, 2015-ci ildə ABŞ-a birbaşa xarici investisiyaların həcminin 11 faiz artaraq 1,4 trilyon dollara çatacağı gözlənilir. Bütün bu müsbət tendensiyalar ilk növbədə ABŞ dollarının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir. Bununla yanaşı, ABŞ FES Açıq Bazar Komitəsinin 15-16 dekabrda keçiriləcək növbəti toplantısında banklar üçün uçot dərəcəsinin yüksəldiləcəyi ilə bağlı ehtimallar digər valyutalara, o sıradan da manata olan təzyiqi biz az da artırır”.
Ekspertin sözlərinə görə, bundan başqa, Avropa Mərkəzi Bankının monetar genişlənmə proqramını davam etdirməsi avronun dollara nəzərən məzənnəsini aprel ayından sonra ən aşağı səviyyəyə salıb: “Beləliklə də xarici valyuta bazarlarında müşahidə olunan dəyişikliklərdən Azərbaycan manatı da təsirlənməkdədir. Xüsusilə də son günlər ABŞ dollarının avroya nəzərən məzənnəsinin daha da möhkəmlənməsi Azərbaycanda nağd dollara tələbatı bir az da artırıb, həmçinin cəmi depozit bazasının valyutalar üzrə strukturunda bu ildən başlayan dəyişikliyi sürətləndirib. Belə ki, bu ilin oktyabrın 1-nə olan məlumata görə, xarici valyuta ilə depozitləriin ümumi yekunda payı 75,4 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, 1 il bundan əvvəl müvafiq göstərici 50,2 faiz təşkil edib. Bütün bunların nəticəsində bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı daxili valyuta bazarında sabitliyi qorumaq üçün bazara 1 gündə 94 milyon dollar əlavə vəsait yerləşdirmək məcburiyyətində qalıb.
Göründüyü kimi, getdikcə zəifləyən manat yalnız daxili bazarın vəziyyətindən qaynaqlanan təsirlərə deyil, həm də xarici makroiqtisadi şoklara reaksiya verməkdədir. Nəticədə manata olan işgüzar inam gündən-günə azaldığından onu qorumaq Mərkəzi Banka getdikcə baha başa gəlməkdədir. Şübhəsiz ki, neft qiymətlərinin artması ehtimalının olmadığı yaxın illərdə valyuta bazarında müşahidə olunacaq şokları sadəcə valyuta rezervlərini xərcləməklə tənzimləmək perspektivi görsənmir. Yeni və təminatlı siyasət isə bütövlükdə iqtisadiyyatın, ayrıca isə valyuta bazarının liberallaşdırılması ola bilər. Milli iqtisadiyyat liberal bazar tənzimlənməsinə keçid nə qədər tez təmin olunarsa, bir o qədər də tez dövlətin xərci azala və manatın iqtisadi əsaslarla formalaşma dövrü başlaya bilər. Əks tədqirdə, nominal olaraq məzənnəsi qorunan, amma reallıqda dəyəri və iqtisadiyyatda rolu getdikcə aşağı düşən manatı xilas etmək mümkün olmayacaq. Bu sahədə islahatlar həm də hazırda qeyri-müəyyən şəraitdə gözləmə mövqeyində durub, yaxın gələcəkdə sabit və işgüzar rejimdə fəaliyyət göstərmək istəyən sərmayəçilər və sahibkarlar üçün də vacibdir”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=39547