Azərbaycan hökuməti təcili antiböhran proqramı hazırlamalıdır – Ekspert rəyi

03.12.2015 - 13:16

samirABŞ-ın ən böyük bankı olan “Bank of America” Azərbaycan hakimiyyətin və Mərkəzi Bankın manatın kursunu istənilən yolla sabit saxlamaq istəyinin ona baha başa gəldiyini yazıb. Bundan başqa, qiyməti hələ də stabilləşməyən neft ixracatında da böyük paya sahib olmasını vurğulayıb. Lakin ABŞ bankı hazırkı vəziyyətdə bu siyasətin davam etdirilməsinin real olmadığını bildirib.

Bank mütəxəssisləri qeyd edib ki, məhz bu səbəbdən Azərbaycan manatın kursunun dollara bağlılığından imtina etməli olacaq: “Yəni manatın kursu artıq dollara nisbətdə müəyyən edilməyəcək. Bunun üçün isə manatın yenidən 30-35 faiz devalvasiyası lazımdır”.

Xatırladaq ki, Mərkəzi Bank manatı qorumaq üçün 589 milyon dollar xərclədiyini bəyan edib. Bu, əvvəlki ayla müqayisədə 3 dəfədən artıq göstəricidir. Artıq xeyli vaxtdır manatın devalvasiyasının qaçılmaz olacağı qəbul edilib. Ancaq bunun hansı formada və nə zaman baş verəcəyi barədə suallar davam edir.

Bununla bağlı fikirlərini Strateq.az-la bölüşən iqtisadçı ekspert Samir Əliyev devalvasiya ehtimalını gücləndirən amillərin çoxaldığını vurğulayıb. Buna dünya maliyyə bazarlarında baş verən son proseslərin də təsirsiz qalmadığını deyib: “ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar və Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması proqramını genişləndirmək niyyəti dünya maliyyə bazarlarında dolların mövqeyini daha da gücləndirdi. Noyabrda dünya valyutası digər əsas valyutalara münasibətdə möhkəmlənməyə başladı. Bunun təsiri manata da çatdı. Ancaq digər valyutalardan fərqli olaraq manat yaşıl pula növbəti dəfə dirəniş göstərdi. Avroya geniş rəqs meydançası verən Mərkəzi Bank dolları absis oxuna paralel hərəkət etdirdi. Dolların manata olan rəsmi məzənnəsi 1.0491 – 1.0512 intervalında dəyişdi. Bahalaşma hər 100 dollara cəmi 21 qəpik oldu. Elə buna görə də valyuta ehtiyatlarının bir hissəsini sərf etməli oldu. Dünyada baş verənləri təsiri olaraq noyabrda dollara tələbatın artması intervensiyanı gücləndirdi. Təkcə bir həftədə Mərkəzi Bank 300 milyon dollardan çox intervensiya etmək məcburiyyətində qaldı. Bütün bunlar üçün valyuta ehtiyatına müraciət etməli oldu”.

Qeyd edək ki, noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8,6 faiz və ya 589 milyon dollar azalaraq 6,3 milyard dollara düşüb. Bu, son 5 ildə ən aşağı həddir. Sonuncu dəfə 2010-cu ilin noyabrında valyuta ehtiyatlarının həcmi bu səviyyədə (6.1 milyard dollar) olub. 2015-ci ilin 11 ayında isə valyuta ehtiyatı 55 faiz azalıb. Halbuki ilin əvvəlində Mərkəzi Bank 13,6 milyard dollarlıq ehtiyata malik olub.

İlin sonuna yaxın hökumətin manatı qorumaq və devalvasiya təzyiqlərini azaltmaq üçün müəyyən addımlar atmalı olduğunu deyən S.Əliyev bu tədbirlər sırada 2015-ci ilin dövlət büdcəsinin ixtisarını qeyd edib:
“Büdcə xərclərinin proqnozu 21 milyardan 17,7 milyard manata endirildi. Əsas zərbə altında qalan Neft Fondundan dövlət büdcəsinə transferi 10,4 milyarddan 8,1 milyard manata endirdi. Eyni zamanda Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsini ölkəyə gətirməli oldu. Mərkəzi Bank isə bu il valyuta ehtiyatının yarıdan çoxunu qurban verməli oldu. Bütün bunlara rəğmən təzyiqlər nəinki səngimədi hətta müəyyən zaman kəsiyində daha da gücləndi”.

Ekspert manatın devavasiyasının bir necə amildən asılı olduğunu da bildirib: “Dekabrın 15-16-da FED-in iclasında uçot dərəcəsinin qaldırılması baş verərsə dünya bazarlarında güclü ajiotaj yaranacaq və dollarlar bahalaşacaq. Onun təsiri Azərbaycana da çatacaq. İkincisi, neftin qiyməti manatı saxlamaq üçün kifayət etmir. Hələki bahalaşma görünmür. Üçüncüsü, Neft Fondunun bu il gəlirləri ən yaxşı halda 7 milyard manat civarında olacaq. Halbuki Fondun təkcə büdcə qarşısında öhdəliyi 8,1 milyard manatdır. Deməli, Fondda təxminən 2 milyard manata yaxın kəsir yaranacaq. Dördüncüsü, ölkənin tədiyə balansında vəziyyət optimistlik vəd eləmir. Cari hesablar balansında cəmisi 63 milyon dollar profisit var. İdxal tam rəsmləşdirilsə, bunun, mənfi saldo olduğu açıq görünər. Beşincisi, əsas xarici ticarət tərəfdaşlarının valyutasının ucuzlaşması ixracı stimullaşdırmağa problem yaradır. Altıncısı, Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir və kritik həddə yaxınlaşır. Ən nəhayət manat üçün hazırda ən böyük təhlükə ölkədən kapital axınıdır. Kapital axını növbəti illərdə əsas problem olaraq qalacaq”.

S.Əliyevin fikrincə, manatı qorumaq üçün hökumət antibphranproqramı hazırlamalıdır.
“Ola bilsin FED uçot dərəcəsini gələn ilə saxlasın. Və ya Neft Fondu kəsiri tam olaraq xarici aktivlər hesabına örtsün. Ancaq bu çıxış yolu deyil. Çünki neftin əhəmiyyətli bahalaşması hələki gözlənilmir. Kapital axını isə davam edir. Manatı uzun müddət inzibati yolla saxlamaq mümkün olmayacaq. Ona görə də hökumət bu məsələyə devalvasiya prizmasından baxmamalıdır. Ümumi makroiqtisadi sabitliyin qorunması baxımından yanaşmalıdır. Bunun üçün hökumət təcili antiböhran proqramı hazırlamalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42717

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31