Müharibə bitdi – Neft bahalaşacaq
Rusiyaya qarşı neft müharibəsi başa çatmaq üzrədir.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Energetika komitəsinin üzvü İvan Qraçov “Rus informasiya xidməti” radiostansiyasına müsahibəsində bildirib.
Komitə üzvünün fikrincə, neftin qiymətləri artmaqda davam edəcək. Onun sözlərinə görə, Rusiyanı neft müharibəsi ilə məğlub etmək cəhdi başa çatır.
Qeyd edək ki, 2014-cü ilin əvvəlindən 2015-ci ilin sonuna kimi neftin qiyməti üç dəfədən çox – 115 dollardan 36 dollara qədər ucuzlaşıb. 2016-cı ilin əvvəlində isə neftin qiyməti artıq 30 dollardan da aşağı düşüb. Neft qiymətlərinin kəskin düşməsi tələbatın azalmasına baxmayaraq, hasilatın yüksək səviyyəsi ilə izah olunur.
Rusiyanın Energetika naziri Aleksandr Novak martın 1-də bildirib ki, 15-dən çox ölkə neft hasilatını 2016-cı ilin yanvar ayının səviyyəsində dondurulması barədə razılaşıb. Dünyada neft hasilatının 73 faizi bu ölkələrin payına düşür.
Artıq bir neçə gündür ki, neft qiymətində artım müşahidə olunur. Hazırda birjalarda “Brent” markalı neftin bir barrelinin qiyməti 40 dolları ötüb. Bu, ötən ilin dekabrından bu yana ən yüksək göstəricidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=56955