Mərkəzi Bankın hansı səlahiyyətləri azaldılıb?
Azərbaycanda ötən gün qüvvəyə minmiş «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» qanuna görə, AMB-nin səlahiyyətləri azaldılıb.
Gözlənildiyi kimi, AMB-nin səlahiyyəti ilə bağlı əsas dəyişikliklər bank sektoruna nəzarətlə bağlıdır.
Hansı səlahiyyətləri ləğv edildi?
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) kredit təşkilatlarına nəzarət səlahiyyətləri demək olar ki, tamamilə ləğv edilib.
Bunlar
– bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya vermək və onu ləğv etmək,
– kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyənləşdirmək,
– “Banklar haqqında” qanunla müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçı təyin etmək və onun səlahiyyətinə xitam vermək,
– bank sistemində xarici kapitalın iştirak limitini müəyyənləşdirmək,
– bank əməliyyatlarını məhdudlaşdırmaq,
– bankların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyən etmək,
– kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydasının müəyyən edilməsi və s.dir.
Bütün bu səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) verilib.
Hansı səlahiyyətləri qalır?
Doğrudur, qanuna edilmiş daha bir dəyişikliyə görə, AMB bundan sonra da kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verəcək. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılacaq. Amma tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydasını AMB yenə də MBNP ilə razılaşdırmaqla müəyyən edəcək.
Banklara kredit verilməsi qaydası da dəyişib
Daha bir dəyişiklik isə bankların qısamüddətli kreditlərin verilməsi ilə bağlıdır. Söhbət ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında onlara göstərilən dəstəkdən gedir. İndiyədək belə hallarda banklar kredit üçün AMB-yə müraciət edir, AMB isə bu barədə qərar qəbul edirdi. Yeniliyə görə isə, hər hansı banka kreditin verilməsi üçün AMB-yə bankın özü yox, MBNP müraciət edəcək – MBNP 6 aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün AMB-yə müraciət edə bilər. Bu müraciət əsasında AMB 2 bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.
Mərkəzi Bank yeni palata ilə əməkdaşlıq edəcək
Həmçinin bundan sonra AMB MBNP ilə qarşılıqlı əməkdaşlıq əsasında tənzimləmə və nəzarət obyektləri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat mübadiləsi aparacaq. Amma bu şərtlə ki, tərəflər aldığı informasiyanın məxfiliyini qoruyacaq və yalnız nəzarət məqsədləri üçün istifadə etsinlər.
Məlumatlar MBNP ilə razılaşdırılmalıdır
Və nəhayət, AMB bank sistemi haqqında ümumiləşdirilmiş statistika, habelə iqtisadi məsələlərə aid məqsədəuyğun saydığı digər məlumatı bundan sonra MBNP ilə razılaşdırmaqla dərc edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=57311