İran neftlə bağlı şərtini açıqladı – Hasilatı azaltmayacaq

14.03.2016 - 11:36

iran2OPEK-in görüşünün qiymətə təsirinə inam itməkdədir
Neftlə bağlı OPEK ölkələrinin gözlənilən müzakirəsinə ümidlər böyük olsa da, artıq İran hasilatı azaltmayacağını açıqlayıb. Bununla da neftin qiyməti ilə bağlı gözləntilərdə fərqli proqnozlar səslənməkdədir.

Beynəlxalq agentliklər də neftin yaxın dövrlərdə ciddi şəkildə bahalaşmayacağını açıqlayıblar. Məsələn, “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi bu il neftin qiymətinin orta hesabla 35 dollar/barrel, 2017-ci ildə isə 45 dollar/barrel olacağını proqnozlaşdırır.

Beynəlxalq Enerji Agentliyi (IEA) isə bəyan edib ki, neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var. Bildirilir ki, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir. İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb. Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb.

İran bu müzakirələrin fonunda bildirib ki, gündəlik neft hasilatını 4 milyon barelədək artırmaq istəyir. İran neft hasilatını gündəlik 4 milyon barelə çatdırdıqdan sonra böyük neft istehsalçıları ilə öz neft hasilatını dondurmaq barədə müzakirə aparacaq.

Bunu Bəndər-Abbas şəhərində yeni neft emalı zavoduna baş çəkən İranın neft naziri Bijan Namdar Zanqane bildirib. İranın neft naziri deyib ki, ölkəsi gündəlik 4 milyon barel neft hasil edənə qədər digər neft istehsal edən ölkələr İranı narahat etməməlidirlər: “Biz gündəlik hasilatı o səviyyəyə çatdıran zaman neft istehsal edən digər ölkələrlə əməkdaşlıq edə bilərik. Biz sanksiyalar götürüləndən sonra özümüz özümüzə sanksiya tətbiq etmək niyyətində deyilik. İran bu il martın 20-ə qədər neft hasilatını gündəlik 2 milyon barelə çatdıracaq”.

Qeyd edək ki, dünya bazarında neftin qiyməti son günlər artan xətt üzrə gedir. Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir. Yerli ekspertlər isə bildirirlər ki, hazırda qiyməti artıran amil OPEC və qeyri-OPEC ölkələri arasındakı toplantı və bununla bağlı bəyanatlardır. Yəni bu bəyanatlar neftin qiymətini süni surətdə artırır. Çünki bazarda yenə də tələb təklifi üstələyir.

Ekspert Rəşad Həsənov isə musavat.com-a bildirib ki, artıq təxminən 15 neft ölkəsi neft hasilatının dondurulması ilə bağlı müəyyən danışıqlara başlayıblar. Martın sonunda konkret razılıq və şərtlərin qəbul olunması ehtimalı var. Onun sözlərinə görə, müddət yaxınlaşdıqca, görüş baş tutana qədər neftin qiymətində az faizlərlə ifadə olunan artımlar baş verəcək. Amma sonra qiymətlər həmin görüşdən çıxan qərarlardan asılı olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=57619

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31